Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:38

Xədicə İsmayılla bağlı məhkəmə qərarı dəyişmədi - AzadlıqRadiosu-nun bəyanatı


Xədicə İsmayıl
Xədicə İsmayıl

Azərbaycan Ali Məhkəməsinin avqustun 7-də çıxardığı qərar jurnalist Xədicə İsmayılovaya qarşı vergidən yayınmayla bağlı əsassız ittihamları qüvvədə saxlayır, Azərbaycan qanunlarını və hökumətin Birləşmiş Ştatlar qarşısında daxil olmaqla, beynəlxalq saziş öhdəliklərini kobudcasına gözardı edir. Bunu Azad Avropa/AzadlıqRadiosu-nun (RFE/RL) Prezidenti Jamie Fly deyib.

“Biz Xədicəni müdafiə etməkdən ötrü gücümüz və səlahiyyətimiz daxilində hər şeyi edəcəyik. Ona qarşı saxta ittihamların qaldırılmasına cəsarətli xəbərləmə işi səbəb olub. Azərbaycan hakimiyyətini jurnalistə səyahət qadağasını qaldırmağa, üzləşdiyi əsassız cərimələri ləğv etməyə, bank hesablarına həbsi götürməyə, normal həyatının və əhəmiyyətli işini bərpasına imkan verməyə çağırırıq”, – Fly vurğulayıb.

Bəyanatda vurğulanır ki, Azad Avropa/AzadlıqRadiosu-nun Azərbaycandakı statusu illər boyu İsmayılova ilə əlaqələndirilib. O, 2008-2010-cu illərdə Azərbaycan xidmətinin Bakı bürosunun rəhbəri olub, sonrakı illər Prezident İlham Əliyevin ailə üzvlərinin adı hallanan korrupsiyanı araşdırıb. Bu gün İsmayılovanın və radionun hüquqi statusu bir-birilə əlaqəlidir, bu, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərdə də əksini tapıb.

“Xədicənin, eləcə də Bakıdakı digər keçmiş əməkdaşların rifahı bizim hüquqi strategiyamızın mərkəzində durur”, – Fly vurğulayıb.

***

Araşdırmaçı jurnalist Xədicə İsmayılla Vergilər Nazirliyi arasında iki ilə yaxındır davam edən məhkəmə çəkişməsi başa çatdı.

Avqustun 7-də Ali Məhkəmə də bu məsələyə baxaraq, qərarını verib. Rahib Nəbizadənin sədrlik etdiyi hakimlər kollegiyasının qərarı Vergilər Nazirliyinin xeyrinə olub.

Bu üzdən Xədicə İsmayıl deyir ki, ölkədaxili məhkəmələrdə proses yekunlaşsa da, o, bu işi Avropa Məhkəməsinə çatdırmaq niyyətindədir.

Vergilər Nazirliyinin iddiası əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi jurnalistin üzərinə 45 min 145 manat 63 qəpik ödəmək öhdəliyi qoyub. Bu qərardan apelyasiya şikayəti verilsə də, nəticə dəyişməyib.

“Nə AzadlıqRadiosu, nə də mən vergi ödəməliyik”

Avqustun 7-də Ali Məhkəmədə bu işə baxılanda Xədicə İsmayıl deyib ki, vəkili ölkədə yoxdur, ona görə də prosesin təxirə salınmasını istəyir. Ancaq hakimlər razılaşmayıb. Xədicə İsmayılın özünə də çıxış etməyə imkan verilməyib.

Bildirilib ki, o Ali Məhkəmədə ancaq vəkillə təmsil oluna bilərdi.

Vergilər Nazirliyinin nümayəndəsinin çıxışı qısa olub – o apellyasiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını istəyib.

Qısa müşavirədən sonra hakimlər də jurnalistin şikayətinin təmin olunmadığını açıqlayıblar.

Vergilər Nazirliyi iddia edir ki, Xədicə İsmayıl 2007-2009-cu illərdə AzadlıqRadiosu-nun Bakı bürosunun rəhbəri olduğu dövrdə 45 min 145 manat 63 qəpik vergidən yayınıb.

Xədicə İsmayıl isə bu iddianı da, onun əsasında məhkəmələrin çıxardığı qərarları da qanunsuz və əsassız hesab edir.

Xədicə İsmayıl Ali Məhkəmənin qərarını alandan sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyini deyir:

“Əslində, nə AzadlıqRadiosu, nə də mən vergi ödəməliyik. Çünki AzadlıqRadiosu kommersiya qurumu deyil, gəlir əldə etmir, mənfəət vergisindən də azaddır. Buna baxmayaraq, məhkəmələr qanunsuz qərar verdilər. İndi mənim üzərimdə qanunsuz da olsa, həmin məbləği ödəmək öhdəliyi var."

Xədicə İsmayıl deyir ki, Vergilər Nazirliyinin bu iddiası ilə əlaqədar bir neçə ildir ki, müxtəlif banklarda açdığı hesablarının hamısının üzərinə həbs qoyulub.

Qeyd edək ki, Baş Prokurorluq 2014-cü ildə AzadlıqRadiosu-nun Bakı bürosunda reyd keçirərək onun qapısını möhürləyib. Hakimiyyət orqanları radionu vergi və maliyyə pozuntularında ittiham edirdi.

AzadlıqRadiosu Bakı ofisinə və əməkdaşlarına qarşı bütün iddiaları rədd edir və artıq bununla əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Xatırlatma

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan

məhrum edilmişdi.

Ali Məhkəmə 2016-cı il mayın 25-də çıxardığı qərarla Xədicə İsmayıla 3 il 6 ay şərti cəza verərək, onu azadlığa buraxdı.

Jurnalistə mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarıyla da bəraət verildi.

Sonradan şərti cəzanın müddəti də 2 il 3 aya salındı.

Jurnalist bütün ittihamları rədd edir, prezident ailəsinin biznesi barədə araşdırmalarına görə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG