Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:54

Rusiyada Qarabağ aksiyasına görə iki erməni həbs edilib


Yekaterinburq şəhərində yerli erməni icmasının başçısı Masis Nazaryan
Yekaterinburq şəhərində yerli erməni icmasının başçısı Masis Nazaryan

Rusiyanın Yekaterinburq şəhərində yerli erməni icmasının başçısı Masis Nazaryan və fəal Elen Kirakosyan həbs ediliblər.

Onlar hakimiyyət orqanlarından icazə almadan “Qarabağa dəstək” aksiyası keçirməkdə ittiham olunurlar.

Rusiya Ermənilərinin İttifaqı insidenti “siyasi təxribat” adlandırıb.

Yanvarın 23-də Yekaterinburqda keçirilən aksiyada Laçın dəhlizinin bağlanması ilə əlaqədar blokadada qaldığı deyilən Qarabağ sakinlərinə dəstək şüarları səslənib.

Hasarlı kilsənin həyətində keçirilmiş aksiyada 20-30 nəfər iştirak edib.

Aksiya iştirakçıları Ermənistanın və qondarma Qarabağ “respublikasının” bayraqlarını dalğalandırıblar.

Rusiya Erməniləri İttifaqının etirazı

Polis aksiyadan sonra Nazaryan və Kirokosyan barəsində protokollar tərtib edib.

Onların 5 sutkalıq həbs olunduqları xəbər verilir.

Rusiya Erməniləri İttifaqı məhkəmənin qərarından narazılıq bildirib.

Təşkilat iddia edib ki, bu tədbir “başqalarına ibrət” olsun deyə görülüb:

"Biz bu cür qərarı potensial baxımdan sosial partlayış təhlükəsi olan siyasi təxribat kimi qiymətləndiririk”.

Bəyanatda daha sonra deyilir ki, bu məhkəmə qərarından məqsəd Rusiya cəmiyyətində antierməni, erməni cəmiyyətində isə antirus əhval-ruhiyyəsi yaratmaqdır.

Paşinyan 'Laçın dəhlizinə beynəlxalq missiya gəlsin' deyir
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Xatırlatma

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG