Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:34

London məhkəməsində Zamirə Hacıyevanın zinət əşyaları üstündə çəkişmə davam edir


Azərbaycan Beynəlxalq Bankının hazırda həbsxanada olan keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva
Azərbaycan Beynəlxalq Bankının hazırda həbsxanada olan keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva

London məhkəməsində Azərbaycan Beynəlxalq Bankının hazırda həbsxanada olan keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın ümumi dəyəri 20 milyon dollar təxmin edilən bahalı zinət əşyalarının müsadirə edilməsi üçün çəkişmə davam edir.

The Evening Standard qəzeti yazır ki, bu əşyaların müsadirə edilməsi üçün məhkəməyə Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə Agentliyi (MCMA) müraciət edib. MCMA bildirir ki, sözü gedən zinət əşyaları cinayətkarlıqla əldə olunub.

Məhkəmədə MCMA-nın maraqlarını müdafiə edən Ketrin Kallaqan deyib ki, Hacıyevanın sözü gedən 49 zinət əşyasını özündə saxlaması üçün heç bir hüquqi əsas yoxdur.

Vəkilin sözlərinə görə bu əşyalar sırf dəbdəbə funksiyası daşıyır və Zamirə Hacıyevanın gündəlik yaşayışının təminatı üçün deyildir.

Qəzet xatırladır ki, Zamirə Hacıyeva Britaniyada BBC-nin eyniadlı serialına görə “MakMafiya qanunu” kimi tanınan və izahedilməz sərvətin müsadirəsini nəzərdə tutan qanunun ilk hədəfi olub.

Bu qanundan korrupsiyaçı oliqarxların cinayət yolu ilə qazanılmış pullarının, bu pula alınmış sərvət və mülkiyyətinin müsadirəsi üçün istifadə olunur. Qanuna görə xarici ölkə vətəndaşı olan sərvət sahibi bunun qanunu yolla qazanıldığını isbat etməlidir. Əks halda sözü gedən aktivlər müsadirə olunmalıdır.

MCMA hazırda Zamirə Hacıyevanın Britaniyada dondurulmuş aktivlərinin müsadirə olunmasına çalışır. Hacıyeva iddia edir ki, sözü gedən aktivlər onun əri Cahangir Hacıyevin “qanuni gəlirləri” hesabına alınıb.

Vəkillərin arqumentləri

Hacıyevanın müdafiə vəkili iddia edir ki, Cahangir Hacıyev hazırda Azərbaycanda həbsxanada olduğuna görə özünü bu məhkəmədə müdafiə etmək imkanından məhrumdur. Vəkil bildirir ki, məhkəmə Cahangir Hacıyevin özünün məhkəmə dinləməsində olmaması şəraitində ədalətli qərar çıxara bilməz.

MCMA-nın vəkili xanım Kallaqan isə məhkəməyə xəbərdarlıq edib ki, yalnız bank fırıldağına görə həbsxanada olan Hacıyevin iştirakının olmaması əsasında Zamirə Hacıyevanın zinət əşyalarının müsadirəsinin bloklanması başqa xarici zənginləri də qanunsuz qazanılmış sərvətlərinin müsadirəsindən xilas edən presedent ola bilər.

Kallaqan deyib ki, Zamirə Hacıyevanın 2021-ci ilin martına qədər əri ilə telefonla əlaqə saxlaması, bundan sonra isə Cahangir Hacıyevin onunla danışıqları dayandırması qəribə görünür. Halbuki o hələ də oğulları ilə həftədə iki dəfə telefonla danışır.

Hacıyevanın vəkili Ben Uotson isə deyib ki, praktikada hüquqi prinsiplərin ictimai maraqdan üstün olduğu vaxtlar olur. O əlavə edib ki, Cahangir Hacıyevin britaniyalı vəkillə görüşünə icazə verilməyib və o bu səbəbdən özünü bu məhkəmədə müdafiə edə bilmir.

Vəkilin sözlərinə görə Zamirə Hacıyevanın zinət əşyalarının alınmasına dair məhkəmə çəkişməsinin dayandırılması yeganə çıxış yoludur.

Bu iki arqument arasında Zamirə Hacıyevanın zinət əşyalarının taleyi hələ ki, qeyri-müəyyən qalır.

Qəzet yazır ki, məhkəmə dinləməsi son və yekun qəraradək təxirə salınıb.

Hansı zinət əşyaları?

The Evening Standard qəzeti məhkəmədən sözü gedən əşyaların şəkillərini və onlar haqqında məlumatları əldə etdiyini yazır.

Hacıyeva bu əşyaların çoxunu Londondakı Harrods mağazasından alıb.

Bunların arasında Boucheron zərgərlik firmasının “sapfir, zümrüd və brilyantla bəzədilmiş ki üzük də var. Bunların dəyəri 13 min 404 funt sterlinq və 27 min 591 (Şəhrizad adlı üzük) funt sterlinqdir. (Qiymətlər verginin çıxılması ilə göstərilib, çünki Britaniyada xarici vətəndaşlar aldıqları bahalı əşyaların vergisindən azaddırlar – red).

Məqalədə deyilir ki, Hacıyevanın müsadirəsi istənilən ən bahalı zinət əşyası “brilyant qaşlı ilanşəkilli platin üzükdür”.

Məhkəmə sənədlərində deyilir ki, bu üzüyü 2011-ci ildə Hacıyev Harrods mağazasından 992 min 200 funt sterlinqə alıb.

Daha bir diqqətəlayiq əşya isə Boucheron firmasının sapfir və brilyantdan ibarət ilanşəkilli hörmə boyunbağısıdır (863 min 478 funt sterlinqə alınıb-red).

Van Cleef and Arpels firmasının brilyant qarmaqlı yetişdirmə mirvaridən hazırlanmış boyunbağı isə 2008-ci ildə 310 min 431 funt sterlinqə (İsveçrə frankı ilə) alınıb.

Əşyaların arasında Tiffany and Co firmasının sarı brilyantlı sırğaları (52 min funt sterlinq) və Cartier firmasının qiyməti 50 min sterlinq olan oniks muncuqlu qolbağı da var.

Qəzet yazır ki, bunlar Zamirə Hacıyevaya aid zinət əşyalarının tam siyahısı deyil və bir çox başqa əşyaların qiyməti naməlumdur.

Bu da qeyd olunmalıdır ki, MCMA hazırda həm də bahalı Naytsbric məhəlləsində Zamirə Hacıyevaya aid 15 milyon funt sterlinqlik evin müsadirəsi üçün məhkəmə çəkişməsindədir.

XS
SM
MD
LG