Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:04

Zaxarova Qərbi Ermənistanı Moskvadan qoparmağa çalışmaqda suçlayır


Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Qərbi Ermənistanı Moskvadan qoparmağa çalışmaqda ittiham edib, Ukrayna ilə bu Cənubi Qafqaz ölkəsi arasında paralellər göstərib.

"Qərbin Ukrayna siyasəti iflas edəndən sonra Ermənistandan vəhşi kimi yapışıb onu Rusiyadan qoparmağa çalışır", – Mariya Zaxarova noyabrın 15-də mətbuat üçün brifinqdə deyib.

"Eyni zəncirin halqaları"

Zaxarova Ermənistan rəhbərliyinin son addımlarına toxunub. O, baş nazir Nikol Paşinyanın Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə gözlənən sammitinə getmədiyini, Qərbin Ermənistana silah təchizatının genişləndiyini vurğulayıb, Yerevan və Kiyev arasında dostluğu "eyni zəncirin halqaları" adlandırıb.

"Ancaq mənə elə gəlir ki, bu, köləlik zənciridir", – Rusiya diplomatı bildirib.

O iddia edib ki, Ermənistan rəhbərliyinin Cənubi Qafqazda nəqliyyat əlaqələrini açmaq işini tamamlamasını da "Qərbin tövsiyələri" əngəlləyir.

Onun dediyinə görə, Moskva, Yerevan və Bakının təmsilçilərinin qatıldığı üçtərəfli işçi qrup Ermənistanla Azərbaycan arasında dəmiryol əlaqəsinin bərpası ilə bağlı iyunda əhəmiyyətli irəliləyiş əldə edib.

"Ancaq yenə də Ermənistan rəhbərliyinin kağız üzərində razılaşmaları tamamlamasını nə isə önlədi. Bunun qarşısını nəyin aldığını çox yaxşı bilirik – Ermənistanın indiki rəhbərliyinin qərbli dostlarının "yaxşı" məsləhəti idi", – Zaxarova vurğulayıb.

FSB-nin nəzarəti məsələsi

Rusiya XİN rəsmisi bu məsələdə Ermənistana hər hansı təzyiqin olmadığını deyib. Ancaq qeyd edib ki, 2020 və 2021-ci ilin üçtərəfli razılaşmalarına görə, Azərbaycanla onun Naxçıvan eksklavı arasında Ermənistandan keçəcək nəqliyyat əlaqələrinə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) nəzarət etməlidir.

Yerevan indiyədək Rusiyadan narazılığını gizlətməyib, rəsmi müttəfiqini Ermənistan qarşısında öhdəliyini yerinə yetirməməkdə, sərhədlərini, Azərbaycanın müdaxiləsi qarşısında suveren ərazisini qorumamaqda ittiham edib.

Azərbaycan sentyabrın 19-20-də birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Bundan sonra Qarabağın erməni sakinləri regionu tərk edərək Ermənistana gedib. Yerevan isə 2020-ci ilin atəşkəs razılaşmasına uyğun olaraq əraziyə yerləşdirilmiş Rusiya sülhməramlılarını yerli erməniləri qorumamaqda ittiham edib.

Fransa prezidenti Emmanuel Makron Parisdəki Yelisey sarayında ikitərəfli görüşdən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanı salamlayır. 9 noyabr 2023
Fransa prezidenti Emmanuel Makron Parisdəki Yelisey sarayında ikitərəfli görüşdən əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanı salamlayır. 9 noyabr 2023

Paşinyan təhlükəsizlik əlaqələrinin diversifikasiyasından danışır

Baş nazir Nikol Paşinyan da noyabrın 15-də parlamentdə çıxışında hökumətinin təhlükəsizlik əlaqələrini şaxələndirmək siyasətini müdafiə edib.

"Biz digər təhlükəsizlik tərəfdaşları axtarırıq. Digər təhlükəsizlik tərəfdaşları axtarır və tapırıq, kontraktlar imzalamağa, bəzi silahlar almağa çalışırıq. Bizim siyasətimiz belədir", – Paşinyan vurğulayıb.

Ermənistan ərazisində gələcək nəqliyyat kommunikasiyalarına FSB-nin nəzarəti məsələsini Yerevan birmənalı qarşılamır. Ermənistan rəsmiləri dəfələrlə deyiblər ki, ölkə ərazisindən keçən bütün nəqliyyat əlaqələrinə erməni tərəfi nəzarət etməlidir.

Ermənistan hökuməti bu yaxınlarda Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradıb. Məqsədin ölkə boyunca adamların, məhsul və digər yüklərin təhlükəsiz daşınmasını təmin etməkdir.

Zaxarova deyib ki, Ermənistan hakimiyyətinin bu məsələyə son reaksiyası onu təəccübləndirib. "Rusiya sərhədçiləri illərdir ikitərəfli razılaşmalara uyğun olaraq Ermənistanın İran və Türkiyə ilə sərhədlərini mühafizə edir", – o vurğulayıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG