Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:50

Prezident Əliyev: 'Erməni silahlı qüvvələri Qarabağda nə gəzir?'


Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə

Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, Ermənistan iki il əvvəl - noyabrın 10-da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib.

AZƏRTAC-ın məlumatına görə, o, bu barədə noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışında söyləyib.

"Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq", - o vurğulayıb.

Ermənistan "Proses sentyabrda başa çatacaq" demişdi

Ermənistan rəsmilərindən Azərbaycan prezidentinin bu fikirlərinə, hələlik, münasibət bildirilməyib. Amma bu ilin yayında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibələrinin birində demişdi ki, Ermənistan Silah Qüvvələrinin bir hissəsi müharibə vaxtı Dağlıq Qarabağın "müdafiə ordusu"na köməyə getmişdi.

"Müharibə nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bölmələri müdafiə qüvvələrinə kömək məqsədilə Dağlıq Qarabağa giriblər. Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bu proses sona yaxınlaşır və sentyabrda başa çatacaq. Müdafiə ordusuna gəlincə, o, Dağlıq Qarabağda olub və orada qalmağa davam edəcək", – Təhlükəsizlik Şurasının katibi vurğulamışdı.

"Əsas strateji yüksəkliklərdə Azərbaycan yerləşib"

Azərbaycan prezidenti noyabrın 8-də çıxışında bu il sentyabrın ortalarında baş verən döyüşlərə də toxunub. Bunu Ermənistanın təxribatlarına cavab adlandırıb: "13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir".

Prezidentin deməsinə görə, indi həmin strateji yüksəkliklərdən Ermənistanın bəzi şəhərlərini gözlə görmək mümkün olub: "Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə (Sevan) gölü də gözümüzün önündədir".

O, çıxışının sonunda da vurğulayıb ki, Azərbaycan sülh istəyir.

Cermux sakini: 'Azərbaycan hərbçilərini hələ də orda görürük'
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Ermənistan rəsmiləri isə hamin hadisələrə görə Azərbaycanı təcavüzdə günahlandırıb.

İ.Əliyev bundan əvvəl isə Ermənistanin oxşar açıqlamalarına cavab olaraq bu ittihamla razılaşmadığını, iki ölkə arasında, hələlik, sərhədlərin müəyyən edilmədiyini vurğulayırdı.

Blinken Əliyevi qoşunları çıxarmağa çağırıb

Üstəlik, həmin ay, sentyabrın 18-də ABŞ Dövlət katibi Entoni Blinken İ.Əliyevlə danışarkən onu qoşunları çıxarmağa çağırmışdı. Dövlət Departamentinin yaydığı məlumata görə, Blinken Ermənistanla Azərbaycan arasında son əməliyyatların dayandırılmasını alqışlamışdı. O, Əliyevi atəşkəsə əməl etməyə, hərbi qüvvələri çıxarmağa, Ermənistanla Azərbaycan arasında bütün mübahisəli məsələləri sülh danışıqları ilə həll etməyə çağırıb.

Sentyabrın 12-13-də Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşmişdi. Hər iki tərəfdən ümumilikdə 300-ə qədər hərbçinin həlak olduğu bildirildi. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.

Sentyabrın14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG