Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:31

Zaporojyenin Rusiyaya birləşməsi üçün referendum göstərişi verilir


Zaporojye, arxiv fotosu
Zaporojye, arxiv fotosu

Zaporojye nüvə zavodunda atışma dünyanı təlaşa salıb

Ukraynanın cənub-şərqində yerləşən Zaporojye vilayətinə Moskvanın təyin etdiyi Yevgeni Balitski regionun Rusiya Federasiyasına qoşulması üzrə referendum keçirilməsinə göstəriş verib.

Balitski sərəncamı avqustun 8-də Melitopol şəhərində “Biz Rusiya ilə Birlikdəyik” hərəkatı çərçivəsində keçirilən tədbirdə imzalayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bundan bir neçə saat öncə deyib ki, Rusiyanın işğal etdiyi ərazilərdə referendumlar keçirilərsə, onda müharibənin bitməsindən ötrü sülh danışıqlarından söhbət gedə bilməz.

Kremlin sözçüsü Dmitri Peskov isə avqustun 8-də deyib ki, Zelenski Rusiya vətəndaşları, yaxud liderlərinə müraciət edirsə, onda onun bəyanatı yanıldıcıdır. O, Ukraynanın Rusiyanın tutduğu ərazilərindəki referendumların sakinlərin iradəsi olması ehtimalını irəli sürüb.

Melitopol daxil olmaqla Zaporojyenin böyük bir hissəsi müharibənin ilk günlərində Rusiya qüvvələri tərəfindən işğal olunub.

Rusiyanın nəzarətinə keçmiş başqa bir vilayətə – Xersona Moskvanın təyin etdiyi rəsmilər də Rusiyaya birləşmək üzrə referendum keçirmək planlarının olduğunu deyiblər.

Moskvadakı rəsmiləri bu referendumların sentyabrda keçirilə biləcəyini söyləyib.

Ukraynadan daha iki gəmir çıxır

Ukraynanın Qara dəniz limanlarından kənd təsərrüfatı məhsulları yüklənmiş daha iki gəmi çıxıb. Beləliklə, son bir həftə ərzində Ukraynadan çıxan gəmilərin sayı 10-a çatıb. Bu, beynəlxalq vasitəçiliklə Rusiya ilə imzalanmış saziş çərçivəsində həyata keçirilir. Məqsəd Rusiya fevralın 24-də işğala başlayandan Qara dənizdə yaranmış blokadanı aradan qaldırmaqdır.

Pivdennidən çıxan Sacura gəmisi İtaliyaya 11 min ton soya paxlası daşıyır. Çornomorskdan çıxmış Arizona isə Türkiyənin cənubundakı İsgəndəruna 48 min ton qarğıdalı aparır.

Dünyanın ən böyük taxıl ixracatçılarından olan Ukrayna müharibə başlayandan yük daşımaları dayandırmalı olmuşdu. Bu isə dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub.

Zelenski: Rusiya işğal etdiyi ərazilərdə referendum keçirsə...

Ukrayna Prezidenti Volodimir Zelenski deyir ki, Moskva onun ölkəsinin işğal olunmuş ərazilərinin Rusiyaya birləşməsinə dair referendum keçirsə, Ukrayna, yaxud onun beynəlxalq tərəfdaşları ilə danışıqlardan məhrum olar.

Zelenski gecə müraciətində qeyd edib ki, Ukrayna Rusiyaya ərazi güzəştə getməmək mövqeyində möhkəmdir.

“İşğalçılar psevdo-referendum yoluyla davam etsələr, Ukrayna və azad dünya ilə danışıqlar şansını qapatmış olacaqlar, Rusiyanın müəyyən məqamda buna ehtiyacı olacaq”, – o, avqustun 7-də söyləyib.

Saxta referendumlar

Rusiya qoşunları və Moskvanın dəstəklədiyi separatçılar hazırda şərqi Donbas regionu və cənubda böyük ərazilər tutublar. Rusiyanın təyin etdiyi rəsmilər Rusiyaya qoşulmaqla bağlı referendumların mümkünlüyündən danışıblar. Bəziləri sakinlərə referendumda iştirak üçün imtiyazlar da təklif ediblər.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını mübahisəli referendumla qanunsuz ilhaq edib. Seçicilərin 97 faizinin ilhaqı dəstəklədiyi bildirilsə də, bu səsvermə saxtalaşdırılmış hesab olundu.

Ukraynanın şərqində separatçılar 2014-cü ildə bir sıra əraziləri ələ keçirərək müstəqillik referendumu keçirib, Luqansk və Donetsk vilayətlərində “xalq respublikaları” elan ediblər. Moskva bu il fevralın 24-də Ukraynanı işğal etməyə başlamazdan bu “respublikalar”ın müstəqilliyini tanıyıb.

Rusiya və Ukrayna rəsmiləri martda bir neçə dəfə danışıqlar aparsalar da, çox az irəliləyiş əldə olunub, tərəflər bir-birini təmasların kəsilməsində ittiham ediblər.

BMT rəhbərindən çağırış

BMT-nin Baş katibi Antonio Quterreş isə aprelin 8-də beynəlxalq müfəttişlərin Zaporojye nüvə zavoduna girişinə icazə verməyə çağırıb. Ukrayna və Rusiya həftəsonu bir-birini Avropanın ən böyük atom zavodunun bombalanmasında ittiham edib.

“Nüvə zavoduna hər hansı hücum intihar kimi bir şeydir”, – Quterreş Yaponiyada mətbuat konfransında deyib.

O səfər zamanı Hiroşimada dünyada ilk nüvə bombası hücumunun 77-ci ildönümü münasibətilə çıxış edib.

Ukrayna bildirir ki, Rusiya avqustun 6-da zavodu yenidən atəşə tutub, üç radiasiya sensoru zədələnib, bir işçi xəsarət alıb.

“Nüvə terroru”

Prezident Zelenski Rusiyanı “nüvə terroru”nda ittiham edib, buna görə bu dəfə Moskvanın nüvə sektoruna əlavə beynəlxalq sanksiyalara çağırıb.

Rusiyanın nəzarətində olan Mariupol liman şəhərindən 200 km şimal-qərbdə yerləşən zavod müharibənin ilk günlərindən Moskvanın əlinə keçib, ancaq obyektdə ukraynalılar işləyir.

Əraziyə Rusiyanın təyin etdiyi orqanlar isə Ukrayna qüvvələrinin zavodu yaylım atəşi sistemiylə vurduğunu, administrativ binalara ziyan dəydiyini bildirib. Rusiyanın Vaşinqtondakı səfirliyi hücuma görə “Ukrayna millətçiləri”ni günahlandırıb.

Zaporojyedə atışma dünyanı təlaşa salıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Rafael Mariano Qrossi avqustun 6-da deyib ki, son hücum “real nüvə fəlakəti riski yaradır”.

Qrossi münaqişə tərəflərini nüvə obyekti yaxınlığında “maksimum təmkin” göstərməyə səsləyib.

XS
SM
MD
LG