Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:56

Zərdab sakini: 'Qızımın ölümü ört-basdır edilir'


Yol qəzası. Foto arxiv
Yol qəzası. Foto arxiv

«Qızımın ölüm faktı üzrə istintaq saxtalaşdırılır, həqiqətlər ört-basdır olunur. Sürücünün təqsiri üzündən bu boyda adam ölüb, ancaq sürücü ortalıqda gəzir».

Bu il aprelin 2-də Zərdabın Məlikumudlu kənd sakini Səidə Eyvazlı Zərdab-Ağcabədi yolunda yaxın qohumları ilə birlikdə avtomobil qəzasına düşüb. Qohumlar yaralanıb, S.Eyvazlı isə hadisə yerindəcə həyatını itirib. Hadisə yerinə ilk gələnlər ölmüş ananın qucağındakı üçyaşlı uşağı xilas edə biliblər. Yaralılar xəstəxanaya götürülüb.

«GÜNAH KİMDƏ OLUB?»

Hadisəylə bağlı Zərdab rayon Polis Şöbəsində cinayət işi başlanıb. Lakin S.Eyvazlının anası Səmarux Eyvazova AzadlıqRadiosuna danışır ki, istintaq hadisənin baş vermə səbəblərini gizlədir:

«Gedirəm müstəntiqin yanına, deyirəm, «ay müstəntiq, bu boyda hadisə baş verib, gənc övladımı faciəli itirmişəm. Axı iki ayda üzə çıxara bilmədiz ki, hadisəyə səbəb nə olub? Günah kimdə olub? Hadisə necə baş verib? Maşın maşınlamı toqquşub, dirəyəmi çırpılıb?». Mən övladımın ölümünə səbəb olmuş hadisə haqqında bütün həqiqətləri bilmək istəyirəm».

***Buna da bax-Hər həftə azı bir ölü...

Ananın hadisəylə bağlı öz şübhələri var. O, hadisənin baş verməsində maşındakı qohumlardan şübhələnir:

«DEDİ Kİ, KAMERANIN YADDAŞI SİLİNİB»

«Maşın öz maşınımız olmayıb. Sürücü də kənar şəxsdir. Hadisə yerində deyib ki, maşınım başqa maşınla toqquşdu, maşın vurdu bizim maşını aşırtdı çökəyə... Ancaq sonradan istintaqda sözünü dəyişib, deyib ki, «gözümə işıq düşüb, idarəetməni itirmişəm, maşını aşırmışam2. Hadisə baş verən ərazidə mağaza var, hadisə üzərindəki müşahidə kamerasına düşmüşdü. İlk günlər dəfələrlə müstəntiqə dedik ki, o kameranın yaddaşına baxış keçirsin, etmədi, eləmədi. Sonra da dedi ki, kameranın yaddaşı silinib. İndi siz deyin, şübhələnməyə əsasım var, ya yox? İnanıram ki, müstəntiq o kameranın yaddaşını çoxdan araşdırıb, sadəcə, hansısa maraqlarına görə ört-basdır edib. Ortada insan ölümü var, heç kəs məsuliyyətə cəlb olunmayıb».

S.Eyvazovanın sözlərinə görə, hadisə yerində olmuş üçyaşlı nəvəsi hadisədən öncə maşının salonunda atasıyla anasının mübahisəsinin şahidi olub:

«Uşaq həmin gündən deyir ki, ata ananı maşında döyürdü. Ancaq müstəntiq deyir, uşağı şahid kimi dindirə bilməz. Axı hər şey uşağın gözünün qarşısında baş verib».

***Buna da bax-'Gömrük işçisidir deyə, cinayəti ört-basdır etmək istəyirlər'

S.Eyvazova əsasən sürücünün məsuliyyətə cəlb olunmasını istəyir.

«DƏQİQ GÖRÜNTÜLƏR YOXDUR»

AzadlıqRadiosu sürücüylə əlaqə yarada bilməyib. Amma Zərdab rayon Polis Şöbəsindən «Qaynar xətt»ə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (Ehtiyatsızlıqdan ölümlə nəticələnən yol nəqliyyat hadisəsi) maddəsi ilə cinayət işi başlanıb. Zəruri istintaq hərəkətləri aparılıb, şahid ifadələri və sürücünün ifadəsi alınıb. Azyaşlını dindirməklə bağlı məsələyə gəlincə, qanun buna icazə vermir:

«Zərərçəkmiş tərəfin hansısa şübhələri varsa, buyurub istintaqa bildirsinlər, araşdırılsın. Kameranın yaddaşı pozulduğundan hadisənin baş vermə anıyla bağlı dəqiq görüntülər yoxdur».

Şöbədən istintaqın davam etdiyini əsas gətirərək əlavə məlumat verməyiblər.

Hüquqşünas Namizəd Səfərov deyir, S.Eyvazovanın istintaqdan şübhələri varsa, iş materiallarının həmin şöbədən alınıb başqasına verilməsi ilə bağlı prokurorluğa müraciət edə bilər:

«Baş prokurora ərizəylə müraciət etsin, şübhələrini bildirsin, əsaslandırsın, işin alınaraq başqa rayon polis şöbəsinə, yaxud prokurorluğa verilməsini xahiş etsin. Əgər zərərçəkmiş tərəf sürücünün həbsini tələb edirsə, onun barəsindəki həbs-qətimkan tədbiri sərtləşdirilməli və həbsə alınmalıdır».

XS
SM
MD
LG