Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:40

Azərbaycan İranla sərhədinin 130 kilometrinə nəzarət edə bilmir


Ağdam şəhərinin xarabalıqları, 2001-ci ilin yayı
Ağdam şəhərinin xarabalıqları, 2001-ci ilin yayı

BMTİrana sanksiyalar tətbiq edərsə, Qarabağdakı erməni rejiminin nəzarətdə saxladığı Azərbaycanın İranla sərhədlərinə kim nəzarət edəcək?


Yerli ekspertlər bu məsələdə müxtəlif fikirlər yürüdürlər. Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyevə görə, elə indi həmin ərazilər kimin nəzarətindədirsə, o, da bu nəzarəti həyata keçirəcək. Elxan Mehdiyevə görə, bu, heç də Qarabağdakı rejimin tanınması anlamına gəlmir. Sadəcə, həmin ərazilərə nəzarəti Ermənistan və Qarabağdakı rejim həyata keçirir. Digər bir tərəfdən, Elxan Mehdiyev İrana mümkün sanksiyalarla Azərbaycanın nəzarətində olmayan ərazilər arasında hər hansı bağlılıq görmür. Cənab Mehdiyev deyir ki, onsuz da Ermənistanın, o cümlədən Qarabağdakı əhalinin də İranla əlaqələri Ermənistan vasitəsilə həyata keçirilir. Elxan Mehdiyevə görə, hər şey tətbiq olunacaq sanksiyanın forma və hədəfindən asılıdır.


"Şərq Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə yada salır ki, hüquqi cəhətdən həmin ərazilər Azərbaycanın İranla sərhədi hesab edilir. Və əgər BMT İrana qarşı sanksiya tətbiq edərsə, bu, Azərbaycana əlavə dividentlər verə bilər ki, öz torpaqlarının azad olunması məsələsini bir daha aktuallaşdırsın. Sanksiyalar olarsa, həmin ərazilərə kimin nəzarət edəcəyinə gəlincə, cənab Oruclu hesab edir ki, bu öhdəlik Ermənistan və pərdə arxası olsa da, Rusiyanın üzərinə düşür: "İlk növbədə Ermənistan çalışacaq ki, Dağlıq Qarabağ adlı qurumu beynəlxalq səviyyədə aktuallaşdırsın. Burada Azərbaycanın həm ziyanına, həm də xeyrinə olan məqamlar üzə çıxa bilər".


Ərəstun Oruclu deyir ki, sərhədin həmin hissəsinə nəzarət üçün hansı təminatların istəniləcəyi barədə indi konkret nəsə demək çətindir. Amma bütün hallarda bu təminat istənəcək. Özü də müvəqqəti də olsa, daha çox Ermənistandan. Ərəstun Oruclu burada Azərbaycanın üçün müsbət bir şey görmür: "Ona görə də Azərbaycan burada məsələni başqa cür qoymalıdır. Məsələni elə qoymalıdır ki, sanksiyaları həyata keçirmək üçün BMT ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini gündəliyə gətirsin".


"Ayna-Zerkalo" qəzetinin şərhçisi Rauf Mirqədirov hesab edir ki, BMT-nin İrana sanksiya ilə bağlı qərarı olarsa, indiki vəziyyətdə Azərbaycanın İranla sərhəddə təxminən 130 km-lik işğal altındakı əraziyə nəzarət etməsi qeyri-mümkündür. Rauf Mirqədirovun fikrincə, reallıqda bu ərazilərə heç Ermənistan da nəzarət edə bilməz.


Rauf Mirqədirov həm də belə düşünür ki, indiki şəraitdə Dağlıq Qarabağ vasitəsilə İrana hansısa ciddi yardımlar mümkün deyil. Başqa bir tərəfdən, beynəlxalq təşkilatlar və ilk növbədə Amerikanın kifayət qədər nəzarət imkanları var ki, genişmiqyaslı əməliyyatların qarşısını alsın. Amma Rauf Mirqədirov heç də hər şeyin hamar olmayacağını deyir. Onun sözlərinə görə, sanksiyalar tətbiq ediləcəyi halda Azərbaycanın nəzarət edə bilmədiyi ərazilərə insanların və müxtəlif silahlı qruplaşmaların axını başlaya bilər.


XS
SM
MD
LG