Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:13

«Elmar Hüseynovu mənim rəhbərlik etdiyim dəstə öldürüb»


Elmar Hüseynov 2005-ci ilin martın 2-də qətlə yetirilib
Elmar Hüseynov 2005-ci ilin martın 2-də qətlə yetirilib

«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovu mənim rəhbərlik etdiyim dəstə öldürüb, qətlin sifarişini isə, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev verib». Bunu Hacı Məmmədov iyulun 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə prosesində verdiyi ifadəsində deyib.


Hakim Əli Seyfəliyevin sədrliyi ilə keçən prosesdə bir sıra qətllərdə və adam oğurluqlarında ittiham olunan Daxili İşlər Nazirliyinin sabiq əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədov irəli sürülən bütün ittihamlarla özünü təqsirli bildiyini, ancaq bir epizodla razılaşmadığını söyləyib.


Dəstə üzvlərindən Nailə Əliyeva isə hüquqlarını müdafiə etdiyi vəkildən imtina edib. Səbəb kimi isə, vəkilin onu yaxşı müdafiə etmədiyini bildirib.


Prosesin iyulun 27-də davam etdiriləcəyi gözlənilir.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin vəkilləri bu açıqlamaya münasibət bildirməkdən imtina etdilər.


Elmar Hüseynovun qətlini və eləcə də Hacı Məmmədovun rəhbərlik etdiyi dəstənin istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyi (MTN) də bu açıqlamaya münasibət bildirmədi. MTN-nin Mətbuat Xidmətinin rəhbəri Arif Babayev bildirdi ki, Hacı Məmmədovun rəhbərlik etdiyi dəstənin işi artıq məhkəməyə göndərilib. Elmar Hüseynovla bağlı istintaq isə davam edir və ona görə də məlumat verə bilməz. Nazirlik rəsmisi baş redaktoru qətlə yetirənlərin Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyev olduğunu və hazırda onların axtarıldığını da bildirdi.


Hacı Məmmədov və daha 26 nəfərin təqsirləndirildiyi dəstə ötən ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində zərərsizləşdirilib.


Dəstənin məhkəmə prosesi bu il iyulun 20-də başlayıb.


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martın 2-də yaşadığı evin girişində qətlə yetirilib.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev ötən ilin oktyabr ı nda dövlət çerilişinə cəhddə iştirakçılıqda təqsirli bilinərək həbs edilib.


XS
SM
MD
LG