Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:08

Uşaq bağçalarına getmək məcburi deyil


38 yaşlı uşaq bağçasının müdirəsi Sədaqət Qəribova isə deyir ki, valideynlər haqlıdırlar, uşaq bağçalarında yer yoxdur
38 yaşlı uşaq bağçasının müdirəsi Sədaqət Qəribova isə deyir ki, valideynlər haqlıdırlar, uşaq bağçalarında yer yoxdur
Uşaq bağçalarına getmək məcburi deyil. İndiyə kimi bunun məcburi olacağı bildirilsə də, prezidentin imzasıyla qüvvəyə minən yeni «Təhsil haqqında» qanunda məktəbəqədər hazırlıq «zəruri» sayılıb. Təhsil naziri Misir Mərdanov da deyir ki, onlar məktəbəqədər təhsili məcburi eləyə bilmədilər, ancaq yaxşı olardı ki, uşaqlar məktəbdən bir il əvvəl bağçaya getsinlər.

Əksər valideynlər bir müddətdir ki, bağçaya getməyin məcburi olacağı barədə eşitmişdilər deyə, «Təhsil haqqında» qanunun son variantından çoxlarının xəbəri yoxdur. Məsələn, Sona Rəhimova 3 yaşlı bacısıoğlu üçün şəhərdə bağça axtarır. Artıq məktəbə gedəsi bacısıqızı Zəhra isə uşaq bağçasına getməyib. Zəhra özü deyir ki, atası onu qoymayıb:

- Atam qoymur.

- Məktəbə də qoymayacaq getməyə?

- Yox, məktəbə qoyacaq, amma bağçaya qoymadı. Qardaşımı da qoymur, amma anam istəyir.

«UŞAQ BAĞÇASINDAN ARAYIŞ LAZIMDIR?»

Zəhranın xalası Sona isə deyir ki, nə oğlanı bağçaya qoymağa boş yer tapırlar, nə də Zəhranı məktəbə götürürlər:

- Deyirlər ki, bağçadan arayış gətir. Bağçaya getməyib, arayışı necə gətirim.

Elə burdaca deyək ki, Zəhranın bağçaya getməməsi onun məktəbə götürülməsinə əngəl ola bilməz. Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı deyir ki, belə bir arayışın tələb olunması qanunsuzdur.

«BAĞÇALARDA YER YOXDUR»

Mövsümün başlaması isə uşaq bağçalarına axını gücləndirib. Sona kimi Nailə də 3 yaşlı qızı üçün yer axtarır:

Zəminə Əliqızı
- İndi bu qızımın problemi yaranıb. Yer doludur, bu gün-sabah deyirlər. Görüm necə eləyirəm.

38 yaşlı uşaq bağçasının müdirəsi Sədaqət Qəribova isə deyir ki, valideynlər haqlıdırlar, uşaq bağçalarında yer yoxdur. Məsələn, onların bağçasında yer tutumu 110 nəfərlik olsa da, 150 uşaq götürməyə məcbur olublar.

Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızının sözlərinə görə isə, Bakının uşaq bağçalarında yer tutumu 29 mindir. Amma təkcə 5 yaşlı uşaqların sayı 50 minə yaxındır:

- Digər yaş qruplarını çıxarsaq belə, 5 yaşlıları götürə bilmirik.

Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Nailə Rzaquliyeva isə paytaxt müəllimlərinin konfransında təklif edib ki, özəl bağça şəbəkəsi genişləndirilsin. O bildirib ki, mövcud dövlət bağça bazası məktəbəqədər uşaqları əhatə etmək gücündə deyil.

«XİDMƏT MƏCBURİ DEYİL»

«Təhsil haqqında» qanunun müvafiq bəndində isə göstərilir ki, «müvafiq icra hakimiyyəti orqanı məktəbəqədər yaşlı uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq qaydada metodiki və diaqnostik məsləhət və əlaqələndirmə xidməti təşkil edir».

Zəminə Əliqızı deyir ki, uşaq bağçasına getmək məcburi olmadığı kimi, bu xidmətdən istifadə də icbari deyil. Amma qurumun xidmətinin pulu olub-olmayacağını 3 ay ərzində Nazirlər Kabineti müəyyənləşdirəcək.

Uşaq Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Yusif Bəkirov isə deyir ki, Azərbaycanda dövlət uşaq bağçalarının sayını artırmaq lazım idi, onları özəlləşdirməyə çıxarmaq yox.
XS
SM
MD
LG