Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:38

«Tam azadlığımı tələb edirəm, cəriməylə də razılaşmıram»


Hüseyn Arabul
Hüseyn Arabul
«Mən özümü təqsirsiz bilirəm. Tam azadlığımı tələb edirəm, cəriməylə də razılaşmıram. Haqsızlığa 100 faiz inanıram, mənə cəza kəsilməsi mümkündür, necə ki, əvvəlki məhkəmələr tərəfindən kəsilmişdi».

«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Hüseyn Arabul nəinki məhkəmənin çıxara biləcəyi həbslə, heç cərimə cəzasıyla da razılaşmayacaq.

Sentyabrın 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən mühakiməsində ona verilmiş son söz hüququndan istifadə edən Arabul bir sıra açıqlamaları ilə yadda qaldı. Azərbaycan sərhəddini qanunsuz keçməkdə və dövlət məmuruna 30 min manat məbləğində rüşvət təklif etməkdə təqsirləndirilən Arabul ittihamların nə ibtidai, nə də məhkəmə istintaqında təsdiqini tapmadığını söylədi. O, həbsdə qaldığı 107 günün hesabını çəkəcəyini də məhkəmənin diqqətinə çatdırdı:

«Sizdən həbsdə keçirdiyim 107 günün Azərbaycan qanunlarına görə lehimə hesablanmasını xahiş edirəm. Beynəlxalq qanunların mənə verdiyi hüquqlarımdan sonadək istifadə edəcəyimə sizi əmin edirəm».

İbtidai istintaq orqanının Hüseyn Arabula qarşı irəli sürdüyü ittihama görə, o, bu il iyunun 4-də gizli yolla Gürcüstana keçib. Gürcü sərhədçilər onu tutaraq Azərbaycan sərhədçilərinə təhvil veriblər. Arabul buraxılması üçün sərhəd xidmətinin əməkdaşlarına 30 min manat məbləğində rüşvət təklif edib.

Hüseyn Arabulla yanaşı ona sərhəddən keçməyə yardımçı olmaqda təqsirləndirilən Famil Quliyev, Mahir Lətifov, Ramal Əkbərov və Eynur Hüseynov da mühakimə olunur. Həmin şəxslər məhkəmədə son söz hüququndan istifadə edərək özlərini təqsirli bilmədiklərini söyləyiblər və məhkəmədən barələrində bəraət hökmü çıxarılmasını xahiş ediblər.

«Barmek Azərbaycan» şirkətinin rəhbəri Hüseyn Arabul 2 il əvvəl mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirli bilinərək 5 il şərti cəzaya məhkum edilmişdi. Bu müddət ərzində o, Azərbaycan ərazisini tərk edə bilməzdi.
XS
SM
MD
LG