Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:36

Honduras problemi


Honduras prezidenti Manuel Zelaya paytaxt Tequsiqalpada Braziliya səfirliyi qarşısında tərəfdarları arasında, 21 sentyabr 2009
Honduras prezidenti Manuel Zelaya paytaxt Tequsiqalpada Braziliya səfirliyi qarşısında tərəfdarları arasında, 21 sentyabr 2009
Sentyabrın 21-də üç ay əvvəl referendum yolu ilə konstitusiyaya dəyişiklik edib prezidentlik müddətinə qoyulan məhdudiyyətləri ləğv etmək cəhdinə görə devrilərək öz ölkəsindən qovulan Hoduras prezidenti yenidən ölkəyə qayıdıb. Hondurasın devrilmiş prezidenti Manuel Zelayanı öz ölkəsinə buraxmırdılar, lakin o gizli yolla Hondurasın paytaxtı Tequsiqalpaya qayıdaraq orada yerləşən Braziliya səfirliyində gizlənməyə nail olmuşdur.

Ölkənin hazırkı prezidenti Roberto Miçeletti Braziliya səfirliyinə qoşun yeritməyəcəyinə söz verib, lakin binaya gedən işıq, qaz və su xətləri kəsildiyinə görə beynəlxalq qalmaqal yaranıb.

Hondurasın devrilmiş prezidenti Zelaya Latın Amerikasının solçu rejimləri, xüsusən də Venesuela tərəfindən müdafiə olunur. Avropa Birliyi və ABŞ-da Barak Obama administrasiyası da Latın Amerikası dövlətlərinin israrlı müraciətlərindən sonra müəyyən bir dövrdə Zelayanın prezidentlik haqqını müdafiə etmişdilər.

Sentyabrın 22-də dərc edilən «Uol Strit Cornal» qəzeti yazır ki, Hondurasdakı qarşıdurmada ABŞ-ın da günahı az deyil. Belə ki, qəzetin qeyd etdiyinə görə ikinci dəfə prezident seçilmək üçün (Hondurasda hər kəs yalnız bir müddətə prezident seçilə bilər) Zelaya konstitusiyanı dəyişməyə əl atanda bütün ölkə ona qarşı çevrilmişdi. Ali Məhkəmə, parlament, ordu və hətta Zelayanın öz partiyası belə ondan üz çevirmişdi. Qəzetin yazdığına görə indiyə qədər siyasi meydanda və gündəmdə qalmasına görə Zelaya özünün qeyd etdiyi kimi «beynəlxalq birliyin dəstəyinə» borcludur.

Noyabrın 29-da Hondurasda yeni prezident seçkiləri keçiriləcək. Lakin Zelaya ölkədəki siyasi hakimiyyəti tanımaqdan imtina etməsi ilə hələ də gündəmdədir.

Sentyabrın 22-də «Vaşinqton Post»a məqalə yazmış Hondurasın hazırkı prezidenti Roberto Miçeletti də eyni problemlərdən şikayətlənir. Hondurasın hazırkı prezidenti bəyan edir ki, Zelayadan fərqli olaraq o, öz səlahiyyətlərini qarşıdan gələn seçkilərə qədər icra etməyi düşünür və hakimiyyətdə qalmaq üçün konstitusiya dəyişmir.

Miçeletti onu da yazır ki, Hondurasda Zelayanın hakimiyyətdən uzaqlaşdırılmasını hərbi çevriliş kimi qələmə verənlər onu da nəzərə almalıdırlar ki, ölkədə müstəqil məhkəmə, azad media, rəqabətli siyasi seçkilər institutu normal qaydada fəaliyyət göstərirlər.

Prezident Miçeletti iddia edir ki, əvvəlki prezident Zelaya ona dəfələrlə rəsmi qaydada edilən xəbərdarlıqlara baxmayaraq konstitusiyanı pozmağa cəhd etdiyinə görə Ali Məhkəmənin Qərarı ilə hakimiyyətdən uzaqlaşdırılıb. Manuel Zelaya isə hələ də Hondurasın qanuni prezidenti olduğu iddiasındadır.
XS
SM
MD
LG