Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:33

Türkiyə-Azərbaycan münasibətləri çətin mərhələdə


İlham Əliyev həmkarı Abdullah Güllə Ankarada mətbuat konfransında, 5 noyabr 2008
İlham Əliyev həmkarı Abdullah Güllə Ankarada mətbuat konfransında, 5 noyabr 2008
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını nəzərdə tutan protokolların imzalanması daha çox Ermənistanın maraqlarına cavab verir.

Bu fikri politoloq Vəfa Quluzadə səsləndirir. Onun fikrincə, protokolların imzalanması Türkiyənin müstəqil dövlət olmadığını və NATO ölkəsi kimi ABŞ-ın diqtəsi altında davrandığını göstərir:

ABŞ-IN GÜNEY QAFQAZ SİYASƏTİ

- Bu protokol ABŞ-ın Güney Qafqaz projesinin bir hissəsidir. ABŞ bu region dövlətlərini, o sıradan indi Rusiyaya yaxın olan Ermənistanı təsiri altına almaq istəyir. Bu məsələdə ABŞ Türkiyədən istifadə edir.
Vəfa Quluzadə
Ermənistan isə situasiyanı düzgün dəyərləndirərək öz mövqelərindən geri çəkilməməkdədir. Elə buna görə də ABŞ Ermənistana Azərbaycan torpaqlarını işğal etməsini və Türkiyəyə soyqırımı iddialarını bağışlayır.

Onun fikrincə, Azərbaycan üçün indiki məqamda ən vacibi Türkiyə ilə son zamanlar sərinləşən münasibətləri normallaşdırmaqdır.

Politoloq Eldar Namazov da sərhədlərin açılması məsələsi gündəmə gələndən Azərbaycanla Türkiyə arasında münasibətlərin soyuduğunu deyir. Azərbaycanda türk iş adamlarının sıxışdırılmasından başlayaraq, ABŞ prezidentinin Türkiyə səfəri zamanı İlham Əliyevin Ankaraya dəvət edilməsinə rəsmi Bakının soyuq reaksiyasını dediklərinə misal gətirir. Politoloqun fikrincə, bu, Azərbaycan diplomatiyasının səmərəsizliyinin görüntüsüdür:

ÖLKƏİÇİ «XARİCİ DİPLOMATİYA»

- 15 ildir ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aparır. 15 ildə Ermənistan tərəfi bir addım da öz mövqelərindən geri çəkilməyib. Bu səbəbdən danışıqlarda pat vəziyyəti yaranıb. Danışıqlar daha 15 il davam etsə də, nəticə olmayacaq. Bu durğunluğu aradan qaldırmaq üçün hansısa prosesə başlamaq vacib idi. Bu proses Azərbaycan üçün müəyyən risklər doğura bilər. Eyni zamanda həm Azərbaycan, həm də bölgə üçün yeni imkanlar açılır. 15 il eyni mövqedə dayanıb, «danışıqlar gedir, lazım gəlsə müharibəyə başlayacağıq» deməklə problemi çözmək mümkün olmayacaq.
İsa Qəmbər
Daha çevik, bölgədə sürətlə dəyişən geosiyasi situasiyaya adekvat diplomatik səylərə ehtiyac var.

BÖYÜK RİSK

Müsavat başqanı İsa Qəmbər isə düşünür ki, yaranan problemin səbəbi bölgədəki durğunluq idi və Türkiyə bu durğunluğu aradan qaldırmaq üçün ciddi təşəbbüsdə bulundu:

- Ancaq bu, olduqca riskli addımdır. Risklər bölgədə maraqları olan böyük dövlətlərə də aiddir. Azərbaycan bu şəraitdə düzgün qərarlar qəbul etməyi bacarmalıdır. Azərbaycan yeganə strateji müttəfiqi olan Türkiyə ilə birlikdə fəaliyyət göstərmək zərurətini nəzərə alan siyasət yürütməlidir.

Milli Məclisin nümayəndə heyətinin protokolların imzalanmasına etiraz etmək üçün Türkiyəyə yollanmasına gəlincə, İsa Qəmbər rəsmi Bakının bu reaksiyasını təbii sayır. Onun sözlərinə görə, Azərbaycanın protokollara ehtiyatlı münasibət bəsləməsini, Türkiyə dövlət rəhbərlərindən verdikləri vədə əməl olunmasını gözlədiklərini bəyan etməsi normaldır.

AKP RUSİYANI BÖLGƏDƏN SIXIŞDIRIR

İqbal Ağazadə
«Ümid» Partiyasının sədri İqbal Ağazadə isə Azərbaycanın Türkiyənin üzərinə getməsini doğru saymır:

- Bu, Rusiyanın regiondan mümkün qədər sıxışdırılması üçün yürüdülən siyasətdir. Bu siyasətdə bütün demokratik dünya maraqlıdır. Müstəqil dövlət anlayışı hər bir ölkə üçün önəmli olsa da supergüclərin rəyini nəzərə almamaq mümkün deyil. Türkiyə-Ermənistan sərhədlərinin açılması əslində Azərbaycandan çox Türkiyənin maraqlarını şübhə altına qoyur. AKP iqtidarı bununla ölkə içərisindəki dayaqlarına ciddi zərbə vurdu. Ancaq bütün hallarda AKP buna məhkum idi.

ÇOXSTANDARTLILIQ


Rəsmi Bakının məsələyə münasibəti isə yumşaq tonlardan xeyli uzaqdır. Prezident İlham Əliyev dövlət televiziyasına müsahibəsində bildirib ki, protokolların imzalanması bölgədəki status-kvonu dəyişəcək.

Mübariz Qurbanlı
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı isə AzadlıqRadiosuna müsahibəsində bildirib ki, baş verənlər beynəlxalq ictimaiyyətin təcavüzkar dövlətə dəstək verməsindən başqa bir şey deyil:

- Əgər ATƏT, BMT, Xristian Klubu xristian və təcavüzkar Ermənistanı açıq-aşkar dəstəkləməsəydi, harınlamış erməni bu cür hərəkət edə bilməzdi. Bu, artıq ikili standart yox, çoxstandartlılıqdır. Beynəlxalq norma və prinsipləri tapdalamaq deməkdir. Yeganə Türkiyə idi ki, Ermənistana dirəniş göstərirdi. O dövlətə də təzyiqlər olur ki, təcavüzkarla sərhədləri açıb ona oksigen versin, onu batmağa qoymasın.

YAP təmsilçisi bildirib ki, Azərbaycan rəsmilərinin Türkiyəyə davamlı səfərləri planlaşdırılır. Səfərlərdə Türkiyə ictimaiyyətinə protokolların ratifikasiyasının nə Türkiyəyə, nə də Azərbaycana xeyri olmadığı fikri çatdırılacaq.

MÖVZUNU ŞƏRH ET
XS
SM
MD
LG