Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:03

Sürix protokollarının iki əngəli: Qarabağ və «soyqırım»


Ankara, Ermənistan Konstitusiya Məhkəməsinin qərarını «protokolların stilinə, ruhuna və ümumi çərçivəsinə zidd» hesab edir
Ankara, Ermənistan Konstitusiya Məhkəməsinin qərarını «protokolların stilinə, ruhuna və ümumi çərçivəsinə zidd» hesab edir
QARABAĞ KOMAYA SALDI, «SOYQIRIMI» ÖLDÜRƏCƏKMİ?

Ermənistanla münasibətlərin normallaşmasını nəzərdə tutan protokolların keçən ilin aprelində paraf edilməsi irəli atıllmış bir addım idi.

Yaxşı, baş nazir Rəcəp Tayyib Ərdoğan o parafların mürəkkəbi qurumadan iki həftə sonra prorokolların həyata keçirilməsi üçün Dağlıq Qarabağ probleminin həll edilməsi ön şərtini niyə qoydu?

Birincisi, «enerji ortağı» olan Azərbaycanı küsdürməmək üçün. İkincisi, türk ictimaiyyətindəki Azərbaycan simpatiyası üzərindən yüksələn müxalifət təzyiqini aşağı salmaq üçün.

Dağlıq Qarabağda irəliləyiş olmadan sərhəddin açılması halında həm Türkiyə, həm də Azərbaycanda müxalifətin meydana çıxacağı niyə proqnozlaşdırıla bilmədi?

Baş nazirin timsalında türk xarici siyasətini təzyiq altına alan həddən artıq özünə güvənmə və lovğalıqla iş görmə üslubuna görə. Nə türk ictimaiyyəti, nə də Bakı ilə - hər iki tərəfin narahatlığını azaltmaq üçün paralel bir müzakirə aparılmasına ehtiyac hiss edilmədi.

Protokollarda olmasa da, Dağlıq Qarabağ probleminin Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinə müsbət və ya mənfi mənada təsir göstərə biləcək bir siyasi faktor olması, şübhəsiz ki, həqiqətdir.

GENİŞ MİQYASLI BİR SÜLH OLMAZSA…

Və nəhayət, bu reallığın Türkiyə Xarıcı İşlər Nazirliyinin (XİN) peşəkar kadrlarının qulaq ardına vurula bilinməyəcək bir arqumentlə idarə edilmək istənildiyini görürük. Srağagün iştirak etdiyim XİN brifinqində yüksək rütbəli bir səlahiyyətli nümayəndə jurnalistlərə bunları dedi:

«Protokollarda nə qədər görünməsə də, siyasi baxımdan Qarabağda bir irəliləyiş olmasını lazım bilirik. Bu protokolların həyata keçiriləcəyi yer Qafqazdır. Geniş miqyaslı bir sülh olmazsa, Türkiyə və Ermənistan arasında atılan müsbət bir addım bunun (Dağlıq Qarabağ probleminin) kölgəsində qala bilər. 1993-cü ildə sərhəddin bağlanmasına səbəb olmuş problem davam etdikcə bu məsələ Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasına da əngəl ola bilər».

Necə ki, əngəl olur.

Ancaq ikinci əngəl bu günlərdə meydan çıxdı.

Ermənistan Konstitusiya Məhkəməsi 12 yanvarda protokolları təsdiq etdi. Ancaq...Daha sonra qərarın səbəbini açıqlayarkən bu protokolun maddələrinin «erməni soyqırımı»nın gerçəkliyini müzakirəyə açaraq həyata keçirilə bilinməyəcəyini qeyd etdi.

Məhkəmənin istinad etdiyi «Ermənistan Müstəqillik Bəyannaməsi»nin XI maddəsində deyilir:

«Ermənistan Cümhuriyyəti Osmanlı Türkiyəsi ilə Qərbi Ermənistan arasındakı 1915-ci il soyqırımın beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına nail olma vəzifəsini dəstəkləməyi öz üstünə götürür».

«Soyqırımı ön şərti» bir tərəfə dursun, Qərbi Ermənistan deyilən yer Türkiyənin Şərqidir.
Qərar Ankarada kəskin reaksiyaya səbəb oldu.

Ankara, Ermənistan Konstitusiya Məhkəməsinin qərarını «protokolların stilinə, ruhuna və ümumi çərçivəsinə zidd» hesab edir. Qərarın «səbəb» hissəsində məhkəmə Türkiyənin xüsusilə çox önəm verdiyi «Müştərək tarix komissiyası» yaradılmasını nəzərdə tutan protokol maddəsini zəiflətdiyini vurğulayır.

KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARINDA BU İŞİN ƏVVƏLİNƏ QAYIDILMASINI ƏDALƏTLİ HESAB ETMƏDİK


Bununla bağlı olaraq belə deyilir: «İki ölkə arasında tarixin şərh edilməsindən irəli gələn fərqlərin bir komissiyada müzakirə edilməsi və müştərək ciddi-cəhdlə ədalətli bir yaddaşa varılması nəzərdə tutulmuşdu. Ermənistan soyqırımla bağlı mövqeyinin müzakirə ediləcəyi bir komissiyanın yaradılmasını qəbul etdi. Konstitusiya Məhkəməsinin qərarında bu işin əvvəlinə qayıdılmasını ədalətli hesab etmədik».

İndi Türkiyə «Ermənistanın protokolların stilinə və etimadına bağlı olduğuna dair» yazılı bir təminat gözləyir.

Ancaq bu təminatın vasitəçi İsveçrədən və prosesin himayədarlığını öz üstünə götürən ABŞ-dan gəlməsini istəyir. Siyasi səbəblər nəzərə alınaraq birbaşa Ermənistana yönəlmiş bir yazılı təmint tələb edilməsi məqsədə uyğun görülməyib.

İndi ABŞ və İsveçrə ilə məşvərət aparılır.

Əgər bu yazılı təsdiq məktubu gəlməzsə, Ankara protokolların hüquqi bazasının aradan qalxdığını qəbul edəcək. Protokollar hüquqi baxımdan «ölü» sayılacaq. «Qarabağ koması»ndakı xəstənin bağlı olduğu reanimasiya naqilinin elektriki kəsiləcək.Yazılı təsdiq məktubu gələr və qəbul edilərsə, protokollar hüquqi baxımdan yaşayacaqlar, ancaq siyasi baxımdan «Qarabağ koması»nda qalmağa davam edəcəklər.
XS
SM
MD
LG