Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:32

Məhbusun ölüm hökmü - vərəm


Müşfiq Hüseynov
Müşfiq Hüseynov
«Mən orda 70 gün birinci müalicə şöbəsində oldum, 70 gün ərzində 3 nəfərin ölümünün şahidi oldum. Nəzərə alın ki, həmin müalicə müəssisəsində 8 müalicə şöbəsi var. Başqa şöbələrdə nələr baş verdiyini deyə bilmərəm, ancaq ara-sıra eşidirdik ki, oralarda da ölənlər var».

Bu sözləri deyən keçmiş məhbus, jurnalist Müşfiq Hüseynovdur. O, həbsdə ikən Vərəmli Məhbuslar üçün İxtisaslaşmış Müalicə Müəssisəsində saxlanılıb, sonra isə elə səhhəti pisləşdiyindən əfvi üçün müraciət olunub və üç ay əvvəl o, azadlığa çıxıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi isə son hesabatında Azərbaycan həbsxanalarında vərəmdən ölənlərin sayının kəskin azaldığını bildirir. Komitənin hesabatında qeyd olunur ki, Komitə 15 il əvvəl Azərbaycanda fəaliyyətə başlayanda həbsxanalarda həmin xəstəlikdən il ərzində 300-ə yaxın məhbus dünyasını dəyişirdi. Komitənin Bakıdakı nümayəndəliyindən Nikolos Sadradze deyir ki, o zaman hansı cinayəti törətməsindən asılı olmayaraq, məhbusların bir çoxu üçün həbs ölüm hökmünə çevrilirdi. Hazırda isə bu rəqəm 20-yə düşüb.

«DOTS PROQRAMI ÖLÜM HALLARINI AZALDIB»

BMT-nin İşgəncələr Əleyhinə Azərbaycan Milli Komitəsinin sədri Elçin Behbudov da vəziyyətin yaxşılığa doğru dəyişdiyini deyir:

«O statistik rəqəmlər məndə də var. Mən Müalicə Müəssisəsində olmuşam və statistik rəqəmləri götürmüşəm. Vərəmli məhbusların ölüm sayı aşağı düşüb. Konkret deyə bilmərəm neçə faiz aşağı düşüb, çünki sənədlər əlimin altında deyil. Əsasən də DOTS proqramı həyata keçiriləndən sonra ölüm halları azalıb».

1995-ci ildə Ədliyyə Nazirliyi ilə Beynəlxalq Qırmızı Xaч Komitəsi arasında əldə olunmuş razılıqdan sonra, Penitensiar Xidmətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi DOTS Proqramı üzrə vərəmin müalicəsinə başlanılıb. Həmin ildən 2005-ci ilədək BQXK Ədliyyə Nazirliyini fasiləsiz olaraq 1-ci sıra vərəm əleyhinə dərmanları və laboratoriya reaktivləri ilə təmin edib.

Elçin Behbudov
2007-ci ilin aprelindən başlayaraq Vərəmli məhkumlar üçün ixtisaslaşdırılmış 3 saylı Müalicə Müəssisəsində DOTS Proqramı çərçivəsində, rezistent, yəni müalicəyə müqavimət göstərən xəstələrin müalicəsinə başlanılıb.

«BU PROQRAMLA MÜALİCƏ EFFEKTİV DEYİL»

Jurnalist Müşfiq Hüseynovsa deyir ki, o, vərəmli xəstələrin DOTS proqramı çərçivəsində müalicəsinə şübhə ilə yanaşır:

«Müalicə DOTS çərçivəsində aparılır. Ancaq o proqramın nə dərəcədə effektli olması bir az şübhəli məsələdir. Mülki həkimlərin qənaətinə görə, DOTS proqramı ilə müalicə xəstəliyi sağalmaz hala gətirib çıxarır. İlk baxışdan bu proqram çərçivəsində müalicə uğurlu alınır, xəstə sağalır, qayıdır cəza çəkdiyi müəssisəyə. Ancaq bir neçə aydan sonra təkrar yoluxmayla qayıdır müalicəyə. Vərəm çöpləri başlayır dərmanlara müqavimət göstərməyə. Belə xəstəni sağaltmaq çətin olur».

Mütəxəssislər isə deyir ki, problem müalicə üsulunda yox, müalicədən sonra xəstənin hansı şəraitdə saxlanmasındadır. Belə ki, yenidən cəzaçəkmə müəssisəsinə qayıtdıqdan sonra məhbus sağlam mühitdə olmazsa, onda müqavimətli vərəmin yaranması ehtimalı böyükdür.

Ədliyyə naziri yanında penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin üzvü Səidə Qocamanlı deyir ki, həbsxanalarla, ələlxüsus da vərəmli xəstələrlə bağlı vəziyyətdə gözəçarpan dəyişikliklər var və bunu danmaq olmaz:

Səidə Qocamanlı
«15 il əvvəl vərəm xəstələrinə bugünkü şəraitdən fərqli olaraq münasibət, müalicə şəraiti zəif idi. Azərbaycanın başqa xəstəxanalarında vərəmlə bağlı müalicə aparatları olmadığı vaxtda, orda ən yüksək aparatlar qurulub. Bu da ölənlərin faizinin aşağı düşməsinə imkan yaradıb. Cəzaçəkmə müəssisələrində
vərəmlə aparılan mübarizə təqdirəlayiqdir. Jurnalist həmkarınız Müşfiq Hüseynov dekabrda azadlığa buraxılıb».

Müşfiq Hüseynov isə vərəmdən ölənlərin sayının kəskin azaldığına şübhə edir.

Rəsmi statistika isə Qızıl Xaç Komitəsinin rəqəmlərindən cüzi fərqlənir. Penitensiar xidmətin verdiyi məlumata görə, ötən il Azərbaycandakı cəzaçəkmə yerlərində vərəmli məhbusların sayı 970 nəfər təşkil edirdi. Onların arasında müxtəlif yaş qrupundan olan insanlar var.

MƏHBUSLAR ƏSASƏN VƏRƏMDƏN ÖLÜRLƏR

Penitensiar Xidmətin şöbə müdiri Mehman Sadıqov mətbuata açıqlamalarında cəzaçəkmə yerlərində ölən məhbusların sayını deməsə də, bildirib ki, son illər görülən tədbirlər nəticəsində ölənlərin sayı azalır. Mehman Sadıqov bildirib ki, məhbuslar əsasən vərəm xəstəliyindən ölürlər. Ədliyyə Nazirliyinin məlumatına görə, keçən il həbsxanalarda vərəmdən 18 məhbus ölüb, 2008-ci ildə isə bu rəqəm 52 olub.

Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsi də həbsxanalarda dövlət səviyyəsində vərəmli xəstələrə xüsusi diqqət yetirildiyi qənaətindədir.
XS
SM
MD
LG