Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:54

Əfqan qaçqınların həll olunmayan problemləri…


Hazırda Azərbaycanda 1000-ə qədər əfqan qaçqın yaşayır
Hazırda Azərbaycanda 1000-ə qədər əfqan qaçqın yaşayır
SƏNƏDSİZ İŞLƏMƏK OLMUR

«10-15 ildir burada yaşayırıq. Bizim uşaqlarımız da ikinci nəsil olaraq sənədsiz qalırlar burada. Doğum şəhadətnaməsi almağa gedirik onlar üçün, deyirlər şəxsiyyət vəsiqəni gətir, qeydiyyatını göstər. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına gedirik ki, sizin verdiyiniz sənədlə doğum şəhadətnaməsi ala bilmirik. Deyirlər həll edirik. 15 ilə məsələ həll etmək nə dərəcədə düzdür? Azərbaycan hökumətindən xahişimiz budur ki, barı uşaqlarımız bizim kimi qaçqın olmasınlar. Xəstələnənlər təcili yardımın köməyindən istifadə edə bilmir. Sənədsiz işləmək də olmur».

Bu, Bakıda yaşayan Əfqanıstan vətəndaşı Əmir Məhəmməd Qurbaninin dedikləri idi. O deyir ki, əllərində yalnız BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK-ın) himayə sənədi var, onunla da Azərbaycanda heç bir qanuni hüquqları tanınmır. Əfqan qaçqınları xahiş edirlər ki, ya Azərbaycan hökuməti onlara burada normal yaşayıb, işləyə bilmələrini təmin edən bir sənəd versin, ya da BMT QAK-nın nümayəndəliyinə tapşırsın ki, onların problemlərinə bir az ciddi yanaşsın.

ƏFQANLARDAN DOĞULAN 200-DƏN ARTIQ UŞAĞIN DOĞUM HAQQINDA ŞƏHADƏTNAMƏSİ YOXDUR


Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev deyir ki, 2009-2010-cu illər ərzində 162 Əfqanıstan vətəndaşı onlara yardım üçün müraciət edib. Araşdırmalar zamanı məlum olub ki, hazırda Azərbaycanda əfqanlardan doğulan 200-dən artıq uşağın doğum haqqında şəhadətnaməsi yoxdur.
Bakıda yaşayan Əfqanıstan vətəndaşı Əmir Məhəmməd Qurbani
Və bu vaxtadək də bu sənədlə təmin oluna bilmirlər.

Əlövsət Əliyevin sözlərinə görə, əfqanların 90 faizi Azərbaycanda BMT QAK-ın verdiyi himayət sənədi ilə yaşayırlar. Himayət sənədi isə həmin şəxslərin yalnız Azərbaycandan çıxarılmasının qarşısını alan bir sənəddir:

- Himayət sənədi ilə uşağa doğum haqqında şəhadətnamə, sürücülük vəsiqəsi və sair sənədlər almaq olmaz. Notariat müqavilələri və ən başlıcası əmək müqaviləsi bağlamaq olmaz. Bu isə onları daha həssas qrupa aparıb çıxarır, sonda onlar ya əməyin istismarına məruz qalırlar, ya da əməkhaqqı ilə təmin olunmurlar. Bu səbəbdəndir ki, bu gün himayət sənədi ilə yaşayan əcnəbilər əməyin istismarına, həmçinin onların hüquqlarını qorumalı olan strukturların - Dövlət Miqrasiya Xidmətinin «Sərhədçi İdman Kompleksi»nin, Ali Məhkəmənin binasının tikintisində, DİN inzibati binasının təmirində iştirak edirlər, əməyin istismarına məruz qalırlar, yaxud müvafiq əməkhaqqı ilə təmin olunmurlar».

Əlövsət Əliyev deyir ki, Azərbaycanda «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun tələblərinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması onun dövlət qarşısında olan ehtiyaclarını təmin edir. Dövlətin isə vətəndaş və şəxs qarşısında vəzifə və öhdəliklərinin icrasına səbəb olur. Yəni bu qanunlar icra olunmaq üçün qəbul edilib. Amma bu sahədə Azərbaycanda problemlər mövcuddur.

İNSANLARIN BMT-DƏN GÖZLƏNTİLƏRİ İLƏ BAĞLI MÜƏYYƏN ANLAŞILMAZLIQ VAR


BMT QAK-ın nümayəndəsi Zaur Nağıyev isə deyir ki, onun təmsil etdiyi qurumun verdiyi sənədlərlə, eləcə də insanların BMT-dən gözləntiləri ilə bağlı müəyyən anlaşılmazlıq var. İstənilən şəxs gəldiyi ölkədən sığınacaq axtarmaq hüququna malikdir. BMT QAK isə kimlər dəqiq qaçqın anlayışına aiddirsə, onlara təşkilatın mandatı çərçivəsində qaçqın statusu verir. Aid olmayanlara, yalnız qayıdacağı ölkədə insan hüquqlarının kütləvi pozulması, yaxud müharibə ilə üzləşə biləcək şəxslərə isə genişləndirilmiş mandat çərçivəsində «himayət sənədi» adlandırılan sənəd verilir. Bu sənəd onların ölkədən çıxarılmamasını təmin edir:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin miqrasiya şöbəsinin müdiri Rauf Tağıyev
- Digər məsələlərdə – işləmək hüququnun verilməsi, qanuni yaşamaq hüququnun təsdiqlənməsi və sairədə isə əlbəttə ki, dövlət qurumlarının istəyi mühüm rol oynayır ki, o şəxslərə hansı hüquqları versinlər.

Zaur Nağıyev deyir ki, əcnəbilərin sosial-iqtisadi hüquqlarının təminatı üçün qanunvericilikdə də kifayət qədər əsas yoxdur. Bu məsələlərin həll olunmasına qanunvericiliyin təkmilləşdirilməsi kömək edə bilər.

QANUNVERİCİLİK TƏKMİLLƏŞƏRSƏ PROBLEM HƏLL OLUNAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin miqrasiya şöbəsinin müdiri Rauf Tağıyevin sözlərinə görəsə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində artıq iş gedir. Ancaq bununla belə, onlar indi də qanunların imkan verdiyi çərçivədə əcnəbilərin əmək fəaliyyəti göstərə bilməsinə şərait yaradırlar:

- Qanunvericilik təkmilləşərsə bu problem həll olunar.

Əcnəbi vətəndaşların istənilən formada Azərbaycanda qalması məsələsi ilə birbaşa məşğul olan Dövlət Miqrasiya Xidmətinin idarə rəisi Vahid Qəhrəmanov isə deyir ki, onlara fərdi qaydada edilən hər bir müraciət araşdırılır və müəyyən qərar qəbul edilir. Ancaq araşdırmalar zamanı bu müraciətlərin heç də hamısı həllini tapmır. Onun sözlərinə görə, 90-cı illərin əvvəllərindən Azərbaycanda yaşayan bir qrup əfqanın sənəd məsələsi 2000-ci ilin ortalarında Əfqanıstan hökuməti ilə əməkdaşlıq sayəsində həll olunub. Yəni onlara pasport verilib. İndi sənədi olmayanların da probleminin həllində həm Əfqanıstan, həm də Azərbaycan tərəfi maraqlıdır. Maraqsız tərəf şəxsin özü ola bilər və bunun da səbəbləri var:

DEYİLƏNLƏRİN HEÇ DƏ HAMISI TƏSDİQİNİ TAPMIR

- Onların əmək fəaliyyətinə cəlb olunması, sonradan istismara məruz qalmalarına gəlincə, yoxlamalar aparıldıqda deyilənlərin heç də hamısı təsdiqini tapmır. Heç həmin şəxslərin özləri də əmək müqavilələrinin bağlanmasında maraqlı olmurlar. Çünki müqavilə bağlandıqda vergi, sosial müdafiə fonduna ayırmalar və sair bu kimi məsələlər ortaya çıxır. Mən demirəm ki, bütün işə götürənlər qanuna əməl edirlər. Amma işçinin də hüququdur ki, işə götürəndən əmək müqaviləsi
Vahid Qəhrəmanov
tələb etsin.

Vahid Qəhrəmanov əlavə edir ki, Azərbaycanda əcnəbilərin şirnikləndirici vədlərlə aldadılaraq ölkəyə işləməyə gətirilməsində maraqlı olan qrupların mövcudluğunu təsdiqləyən faktlar var. Və bu işlə müvafiq dövlət strukturları məşğul olur. Ona görə də əcnəbilər, o cümlədən də əfqanlar hansısa hüquqlarının pozulduğunu düşünəndə ilk növbədə dövlət orqanlarına üz tutsunlar. Oradan cavab almayanda isə məhkəməyə müraciət etmək olar.

BMT QAK-ın hüquqşünaslar qrupunun təmsilçisi, Əfqanıstan vətəndaşlarının problemləri ilə məşğul olan Şəmsəddin Əliyev isə deyir ki, Azərbaycan 1992-ci ildən etibarən insan hüquqları ilə bağlı bütün beynəlxalq normaları ratifikasiya edib. Amma 2009-cu ildə 50 nəfərdən çox adamın status alması ilə bağlı Dövlət Miqrasiya Xidmətinin imtina qərarından məhkəmələrə müraciətlərində göstərilən iddiaların heç biri təmin olunmayıb:

ƏCNƏBİLƏRİN QEYRİ-LEQAL İŞƏ GÖTÜRÜLMƏSİ VƏ ƏMƏKHAQQININ VERİLMƏMƏSİ FAKTLARINA YETƏRİNCƏ RAST GƏLİNİR

- Ölkə Konstitusiyasının 69-cu maddəsində göstərilir ki, Azərbaycanda yaşayan əcnəbilər ölkə vətəndaşları ilə eyni hüquqlardan istifadə edə bilərlər. Azərbaycan vətəndaşı ilə nikaha girə bilər, uşağı dünyaya gələrsə doğum haqqında şəhadətnamə ala bilər, işə düzələ bilər və sair. Əmək müqaviləsi olmadan əcnəbi vətəndaşın işə götürülməsinə görə isə dövlət başçısının məlum aktı ilə təxminən 35 min manat cərimə nəzərdə tutulur.

Şəmsəddin Əliyev deyir ki, bütün bunlara baxmayaraq əcnəbilərin qeyri-leqal işə götürülməsi və əməkhaqqının verilməməsi faktlarına yetərincə rast gəlinir.

Hazırda Azərbaycanda 1000-ə qədər əfqan qaçqın yaşayır.
XS
SM
MD
LG