Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

Ərdoğan daxili populyarlığını artırmaq istəyir


Bülənt Əlirza
Bülənt Əlirza
Türkiyə Avropa Birliyinə ona görə üzv ola bilmir ki, həm Avropa Birliyi müsəlman dövlətinin üzvlüyündən hürkür, həm də elə Türkiyə iqtidarı özü üzvlüyə can atmır.

Vaşintondakı türkiyəli ekspert Soner Caqaptay bu fikirləri «The Wall Street Journal»da iyulun 13-də dərc edilən yazısında irəli sürürdü.

Bundan əvvəl Qərb mediasında da Türkiyədəki islamçı iqtidarın hakimiyyətə gəlməsindən sonra Ankaranın ənənəvi strateji hədəflərindən - ABŞ, İsrail, Azərbaycan, Avropa Birliyiylə daha yaxın münasibətlər qurmaq hədəfindən yayınıb, Rusiya, İran, Ermənistan, Suriya kimi dövlətlərə yönəlməsini tənqid edirdilər.

ORTADA CİDDİ BİR TƏHLÜKƏ VAR

ABŞ-dakı Beynəlxalq Strateji Araşdırmalar İnstitundan Bülənt Əlirza AzadlıqRadiosuna verdiyi müsahibədə bu tənqidlərlə razılaşmır. Və Türkiyənin son illərdəki xarici siyasətini belə dəyərləndirir.

- Təbii ortada ciddi bir təhlükə var. Türkiyə Avropa Birliyilə üzvlük müzakirələrinə başlayıb üzv ola bilməyən yeganə dövlət ola bilər. Amma mən xarici siyasətdəki son durumu iqtidar birinə yönəlib, o birini unudur səbəbiylə bağlı olduğunu düşünmürəm. Çünki, Türkiyənin bu hökuməti sadəcə çox fəal xarici siyasət izləməyə çalışır.

Bülənt Əlirza əlavə edir ki, Ermənistanla yaxınlaşma üzündən pozulan Ankarayla-Bakının münasibətləri sərhədlərin açılmamasıyla düzəlməyə doğru gedir və bunun nəticəsi Azərbaycanla Türkiyə arasında «Nabukko» layihəsi üçün önəmli sayılan qaz sazişi də imzalandı. Amma bu saziş də hələ «Nabukko»nun gerçəkləşməsi demək deyil:

- Düzdür, Türkiyəylə-Azərbaycan arasında sazişin imzalanması müsbət addımdır. Amma daha ümumi mənzərəyə baxmaq lazımdır. Ukraynada seçkidən sonra hakimiyyət dəyişikliyi üzündən bu ölkə Rusiya meylli oldu. Yəni artıq Avropaya gedən enerji dəhlizləri Rusiyanın nəzarətindədir. Avropa alternativ kəmərə daha çox ehtiyac duyur, amma Rusiya da Avropaya açıqca bəyan edir ki, «Nabukko»nu istəmir. Çox çətin layihədir, amma gerçəkləşmə ehtimalı yenə də var.

Bülənt Əlirza region dövlətlərində, məsələn, Azərbaycandakı demokratik proseslərdə Rusiyada Putin, Türkiyədə isə Ərdoğanın hakimiyyətə gəlməsindən sonra zəifləməsi fikirlərini də qəbul etmir:

TÜRKİYƏDƏ ZAMAN-ZAMAN DEMOKRATİYAYLA BAĞLI PROBLEMLƏR OLUB

- Türkiyədə demokratiya var. Amma keçmişdə də, zaman-zaman demokratiyayla bağlı problemlər olub. Təbii ki, ancaq ideal dünyada nə Türkiyə, nə də Azərbaycanda demokratiya sahəsində problemlər olmaz. Amma bir şey də var ki, bir ölkədəki demokratik problemlərin digərinə təsir etməsi və ya birindəki irəliləyişlərin o birinə təsir etməsi nümunələri tarixdə elə də çox deyil. Əsas olan iki dövlətin qarşılıqlı münasibətləridir. Bir ölkə digərinə ancaq müəyyən qədər təsir edə bilər, tam olaraq təsri etməsi mümkün deyil.

Bülənt Əlirza son vaxtlar Türkiyədəki iqtidarın xarici siyasətdə bir qədər sakitləməsinə də diqqət çəkir:

- Türkiyədə seçkilərə bir ildən də az vaxt qalıb. 2002-ci ildən bəri təkbaşına iqtidarda olan AKP-nin CHP-dəki lider dəyişikliyi və MHP-nin nüfuzunun bir qədər artması üzündən bu dəfə təkbaşına iqtidar ola bilməyəcəyi deyilir. Və təbii ki, bu da Baş nazir Ərdoğanı narahat edir. Üstəlik, seçkiyə qədər Konstitusiyaya AKP-nin təklif elədiyi dəyişikliklərlə bağlı referendum da var. Və iqtidar üçün referendumun mahiyyətindən daha çox bu hökuməti istəyirsiz-ya istərmisiz şəklini alan səsverməyə çevrilməsi təhlükəsi var. Odur ki, Baş nazirin bu dövrdə daha çox daxili siyasətə yönəlməsi və xarici siyasət məsələlərindən də daxildə populyarlığını artırmaq üçün istifadə etməsini gözləmək lazımdır.
XS
SM
MD
LG