Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:31

«Dövlətin bu günü bayram etməyə mənəvi haqqı yoxdur»


Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu
«Təbrik daha çox söz azadlığının cəfasını çəkənlərə düşür». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında jurnalist Şahvələd Çobanoğlu deyib.

Jurnalistin fikrincə, milli mətbuat günü ərəfəsində ən çox təbrik söz azadlığının cəfasını çəkənlərə - həbsdə olan jurnalist Eynulla Fətullayev və bloqqerlər Adnan Hacızadə və Emin Milliyə düşür.

DÖVLƏTİN BU GÜNÜ BAYRAM ETMƏK HAQQI YOXDUR

Şahvələd Çobanoğlu bu günü belə halda qeyd etməyin tərəfdarı deyil:

«Ölkənin halı baxımından, söz azadlığının mübarizəsi baxımından bizim üçün hər zaman bayram hesab oluna bilər. Söz azadlığının cəfasını çəkənlər, bunun üçün hər keşməkeşə qatlaşan adamlar sevinə-sevinə bayram edə bilərlər. Və fəxr edə bilərlər. Amma bu gün dövlətin bu günü səmimi şəkildə bayram etməyə mənəvi haqqı yoxdur. Verilən sərəncamlar da, keçirilən tədbirlər də səmimi qarşılanmayacaq».

HAZIRKI MƏTBUAT AZƏRBAYCANIN ÜSTÜNLÜYÜDÜR


«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid isə həmkarı ilə razılaşmadığını deyib. O, hazırkı mətbuatı müstəqil Azərbaycanın bəxş etdiyi üstünlüklərdən biri adlandırıb.

Jurnalist deyib ki, Azərbaycanın mətbuatını zəif vəziyyətdə görsə də, bu günü bayram edənlər, bu bayramda mükafat alıb, zəhməti dəyərləndirilənlər, sevinənlər olacaq. Və onların bu bayramları da səmimi olacaq.

HAKİMİYYƏTİN ŞOUSU

Rəşad Məcid
Şahvələd Çobanoğlu isə bütün bunları hakimiyyətin yaratdığı şou adlandırıb.

«Mən başa düşürəm, insanlar gedəcək o tədbirlərə. Amma bu hakimiyyətin yaratdığı şoudan başqa bir şey deyil. Mən sizə səmimi olanı deyəcəyəm. Rəşid bəy çox cüzi tirajı olan qəzetin redaktoru olacaq adam deyil. Amma o tirajlara baxanda nəyi bayram edəcəksiniz? Adam bunu düşünür. Hakimiyyət elə vəziyyət yaradıb ki, bəzi adamlar məcburdur o tədbirə onun diqtə etdiyi hava ilə getməyə. Bu hakimiyyətin qurduğu bayramdır. Jurnalistin azadlığı təkcə bu bayramla olmamalıdır. Xalqın bir deyimi var: dəliyə hər gün bayramdır. Sən hər gün deməlisən ki, mənim azadlığımdır, mənim bayramımdır. Məncə bayram hər gün olmalıdır».

BU, O DEMƏK DEYİL Kİ, YAYLIQ GÖTÜRÜB AĞLAMAQ LAZIMDIR

Rəşad Məcid isə bayram günündə belə danışmağın tərəfdarı olmadığını deyib.

«Mətbuatın problemləri var. Azərbaycanın iqtisadi inkişafı ilə mətbuatın vəziyyəti adekvat deyil. Qəzet yayımı sahəsində ciddi problemlər var. Azərbaycanın əksər kəndlərində qəzet satışı imkanları yoxdur. Reklam sahəsində problemlər çoxdur. Bu da ona gətirib çıxarır ki, indi bizim jurnalistlərimiz aşağı əmək haqqı alırlar, Azərbaycanın ən kasıb təbəqəsinə çevriliblər. Bu da ona gətirib çıxarır ki, KİV-lərin iqtisadi gücü zəifdir. Onlar nəinki hansısa oliqarxları, məmurları da öz tənqidləri ilə tərpədə bilmirlər. Amma bütün bunlar o demək deyil ki, ancaq elə yaylıq götürüb ağlamaq lazımdır».

Şahvələd Çobanoğlu isə mətbuatın bütün problemlərinin başında siyasi problemlərin dayandığını bildirib.

XS
SM
MD
LG