Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:44

Eynulla Fətullayev məhkəmənin hökmündən şikayət verib


İyulun 26-da jurnalist Eynulla Fətullayev barəsində Qaradağ rayon məhkəməsinin çıxardığı hökmündən apelyasiya şikayəti verilib. Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, apelyasiya şikayətində Eynulla Fətullayevə bəraət verilməsi və ona dəymiş ziyana görə kompensasiya ödənilməsini tələb ediblər.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.

Bu ittihamla jurnalist 2010-cu il iyulun 6-da Qaradağ rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2009-cu il dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparılıb və jurnalistin geyimində və ayaqqabısında 0,22 qram heroin aşkarlanıb. Jurnalist narkotik maddənin onun üzərinə qəsdən qoyulduğunu iddia edir.

Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi onun dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib.

Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasına apelyasiya verib.
XS
SM
MD
LG