Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:23

Daşqın bölgəsinin sirləri


Oqtay Güləliyev
Yaz, yay ayları ötsə və payız yaxınlaşsa da, daşqın bölgəsindən hələ də həyəcanlı xəbərlər gəlməkdədir. Baxmayaraq ki, maydan bəri on minlərlə ev-eşiyi, həyat-bacanı ağuşuna alan sel suları çoxdan quruyub gedib.

Avqustun 25-də daşqın bölgəsində alternativ monitorinq aparan «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının bir neçə üzvü Sabirabad Rayon Polis İdarəsinin Qaragüney bölməsinə aparılıb. Qərargahın təmsilçisi Oqtay Güləliyev deyir ki, saxlananlar 3 saatdan sonra sərbəst buraxılsa da, onlardan rayonu tərk etmək tələb edilib.

Oqtay Güləliyevin sözlərinə görə, polis avqustun 26-da da monitorinqə mane olmağa başlayıb. Onların maşınlarının qarşısını kəsərək Azadkəndə getməyə qoymayıblar. Üstəlik onlardan rayonu nədən hələ də tərk etməmələrinin səbəblərini soruşublar.

POLİS İNSANLARIN OYANMASINI İSTƏMİR?


Oqtay Güləliyevin sözlərinə görə, Qaragüney polis bölməsində isə ona açıqca deyiblər ki, bu monitorinq hökumətin işinə kölgə salır:

«Bizə açıqca dedilər ki, sizin monitorinqiniz insanları oyadır. Siz insanlara məlumatlar verirsiniz. Mən isə onlardan soruşurdum ki, məgər sizə insanların yatması lazımdır? Bizim insanları məlumatlandırmağımızda qəbahət nə var ki? Onlar isə deyir ki, hökumət komissiyası, fövqəladə hallar nazirliyi varsa QHT-lərə ehtiyac yoxdur».

POLİS İZAHAT VERMİR

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının monitorinqinə yaradılan maneələrin səbəbləri ilə bağlı polis isə açıqlama vermək istəmir. Hər halda həm Sabirabad Rayon Polis İdarəsi, həm də bu idarənin Qaragüney kəndindəki bölməsi ilə dəfələrlə əlaqə saxlasaq da onlardan aydın bir izahat eşitmədik. Qaragüney Polis Bölməsinin növbətçisi, polis mayoru Mustafayev bildirdi ki, onun monitorinq iştirakçılarının bir gün əvvəl bölməyə gətirilməsindən xəbəri yoxdur. Bu məsələni aydınlaşdırıb bizə məlumat verəcək. Ancaq sonrakı cəhdlərimizdə də o bu məsələyə aydınlıq gətirmədi:

Xankeçən kəndində bəzi su altında qalan evlərin sakinlərinə hələ də kompensasiya verilməyib
«Heç nə öyrənə bilmədim vallah. Burada heç bir məlumat yoxdur. Bir də mən bu gün növbədəyəm, dünən növbədə olmamışam. Burada kimdən soruşuramsa deyirlər ki, xəbərimiz yoxdur».

Sabirabad Rayon Polis İdarəsinin rəis müavini Zülfü İsayev də bu hadisələrdən xəbərsiz olduğunu dedi. O, əvvəlcə bu məsələni aydınlaşdıracağına söz versə də, sonradan zənglərimizi cavabsız qoydu.

Ancaq rayonun Azadkənd və Xankeçən kəndlərinin sakinləri isə vətəndaş cəmiyyəti təmsilçilərinin monitorinqinə maneələr yaradıldığını təsdiqləyirlər.

HÖKUMƏTİN SİRRİ

Hətta Xankeçən kəndinin sakinlərindən Şahbaz Hacıyev bunu hökumətin korrupsiya faktlarını ört-basdır etmək istəyi ilə izah edir. Şahbaz Hacıyevin sözlərinə görə, Xankeçən kəndində bəzi su altında qalan evlərin sakinlərinə hələ də kompensasiya verilməyib. Ancaq elə sakinlər də var ki, evləri heç su altında qalmadığı halda artıq kompensasiya alıblar. Bu azmış kimi onların bir çoxunun adı ikinci dəfə kompensasiya alacaq şəxslərin siyahısına salınıb:

«Onlar bu sirr açılmasın deyə belə maneələr yaradırlar. Yəni istəmirlər ki, Sabirabadın iç üzü açılsın».

Media Hüquqları İnstitutu da «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələrinin fəlakət zonasında bərpa və yardım işlərinin monitorinqini apararkən polisə aparılmalarından narahatlığını bildirib. İnstitutun yaydığı bəyanatda qeyd edilir ki, vətəndaşların bilgi toplamasının qarşısının alınması konstitusiya və «İnformasiya əldə etmək haqqında» qanunun kobud şəkildə pozulmasıdır.
XS
SM
MD
LG