Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:17

«Human Rights Watch»: «Bütün fəallar dərhal azad edilməlidir»


«Adamlarla bu cür rəftar etmək düz deyil və əks-təsiri ola bilər»
«Adamlarla bu cür rəftar etmək düz deyil və əks-təsiri ola bilər»
Martın 11-də Azərbaycan hakimiyyəti etiraz aksiyasına gedən onlarla adamı saxlayıb, ictimai yürüşün qarşısını almaq üçün sosial media fəallarını həbs edib, bir insan haqları təşkilatının fəaliyyəti isə dayandırılıb.

«Human Rights Watch» təşkilatı martın 12-də yaydığı bəyanatında bildirir ki, 11 mart aksiyaları Yaxın Şərqdəki kütləvi proseslərdən sonraya təsadüf edib.

«Azərbaycan hakimiyyəti Bakıda planlaşdırılan aksiyalara görə saxlanmış bütün fəalları dərhal azad etməlidir». Bunu «Human Rights Watch»un Avropa və Orta Asiya bölümünün direktoru Rachel Denber deyir. «Adamlarla bu cür rəftar etmək düz deyil və əks-təsiri ola bilər».

Polis Bakının mərkəzində müxtəlif qruplarla aksiya keçirmək istəyən azı 32 nəfəri saxlayıb. Onlardan çoxu bir neçə saatlığa saxlanıb, polis onlardan izahat alandan sonra buraxıb, azı doqquz nəfər beş gündən səkkiz günədək administrativ cəza alıb.

Son beş həftə ərzində Azərbaycan hakimiyyəti azı beş sosial media və müxalifət fəalını həbs edib, onlara narkotik saxlama, xuliqanlıq və ordudan yayınma kimi qurama ittihamlar irəli sürülüb. Həbs olunanlardan bəziləri «Facebook» və digər sosial mediadan istifadə edərək gəncləri martın 11-də aksiyaya çağırıb, bəziləri isə gəncləri martın 12-də müxalifət partiyalarının kütləvi nümayişinə səsləyib.

Martın 10-da Ədliyyə Nazirliyi Azərbaycan İnsan Haqları Evinin qeydiyyatını ləğv edib. Bu QHT yerli qrupların Azərbaycanda insan haqlarına dair beynəlxalq dəstək almasına kömək edib, həmçinin resurs mərkəzi kimi istifadə olunub. Burada konfranslar və təlimlər keçirilib. Bu təşkilat Beynəlxalq İnsan Haqları Evi Şəbəkəsinin üzvü olaraq 2007-ci ilin mayında Azərbaycanda qeydiyyatdan keçirilib.

11 MART HƏBSLƏRİ

Martın 11-də saxlanan 32 nəfər Bakı dəmiryol vağzalı yaxınlığındakı ictimai parklarda həbs olunublar; bəziləri Nərimanov Prospektindəki universitet yaxınlığında; azı 4-ü mərkəzdəki kafelərin birində oturan vaxt saxlanıb. Onları Bakı ətrafındakı müxtəlif polis məntəqələrə aparılıblar.

«Human Rights Watch» Bakının Nərimanov rayonundakı 18 saylı və Xətai rayonundakı 37 saylı polis bölmələrində olub, bu şöbələrdə 15 nəfər saxlanıb. «Human Rights Watch» Nərimanov polis şöbəsində olanda, polis bir vəkilə müştərisi ilə görüşməyə icazə verməyib, baxmayaraq vəkilin bütün lazımi sənədləri olub.

Bir neçə saatdan sonra buraxılanlara xəbərdarlıq olunub ki, «icazəsiz» nümayişlərdə iştirak etməsinlər. Administrativ cəza alanlar isə Nəsimi və Yasamal rayon məhkəmələrində polisə itaətsizlik göstərdikləri üçün məhkum olunublar.

FƏALLARIN HƏBSİ

Rachel Denber
Son vaxtlar həbs olunan sosial media fəallarına bir neçə qondarma cinayət və administrativ cəza verilib. Bütün hallarda məhkumların öz vəkillərinə çıxışı onlar buraxılanacan, yaxud cəza alanacan təmin olunmayıb. Fəallardan azı 2-nin ailələrinə yerləri barədə məlumat verilməyib, hakimiyyət onların saxlanmasını da bir neçə gün ərzində təsdiqləməyib. Azadlıqdan məhrum olunmuş bir şəxsin yeri barədə məlumatın verilməməsi onun qanunla qorunmasına mane olur və məcburi yoxaçıxma hesab olunur ki, bu da ciddi insan haqqı pozuntusudur.

«Bu fəallara qarşı ittihamlar tamamilə əsassızdır. Bu ittihamlar hökumət tənqidçilərini susdurmaq üçün zəif bəhanədir». Bunu Denber deyir.

Azı üç halda hakimiyyətin fəallara verdiyi administrativ cəzaların müddəti elədir ki, onların planlaşdırılan aksiyalarda iştirakının qarşısını alır.

FƏALLAR NECƏ SAXLANIB?

«Human Rights Watch» daha sonra bəyanatında 11 mart aksiyasına ilk çağıranlardan olan, 27 yaşlı fəal Rəşadət Axundovun saxlanmasını tənqid edir. Bildirilir ki, Axundov Bakıda iş dalınca gedərkən saxlanıb, anası müdaxilə etmək istəsə də kənarlaşdırılıb. Rəşad Axundov polisə müqavimət adıyla saxlanıb. O, məhkəmədə dövlətin təyin etdiyi vəkilin xidmətindən imtina edib. Ailəsinə də məhkəmədə iştiraka icazə verilməyib. Baxmayaraq ki, bu cür işlər ictimaiyyətə açıq olmalıdır.

Bəyanatda daha sonra Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanovun saxlanmasından bəhs olunur. O, aptekdən çıxıb öz maşınına oturarkən mülki geyimli bir şəxs arxa qapını açıb maşına oturub və Soltanova maşını sürməyi əmr edib. Soltanov etiraz edəndə, bir neçə mülki şəxsli polis də maşına girib, onu maşına basıblar. Onlardan biri maşını Qaradağ polis bölməsinə sürüb. Soltanovun vəkili olan Elçin Namazov deyir ki, həmin şəxslər Səxavətin yanında müzakirə ediblər ki, yol qaydalarını necə pozsunlar, bunu mobil telefona çəksinlər və sonradan onu yol hərəkəti qaydalarını pozmağa görə cərimələsinlər.

Səxavət Soltanov avtoxuliqanlıqda ittiham olunaraq beş günlük həbs cəzası alıb. Vəkil Soltanovun həbsindən təsadüfən - eyni təcridxanada saxlanan Rəşadət Axundova baş çəkərkən
xəbər tutub.

Digər gənc fəal Dəyanət Babayev də polisə müqavimətdə ittiham olunaraq 10 günlük həbs alıb. Rəsmi ittihamda onun telefonda söyüş söydüyü bildirilsə də, vəkili Əshabəli Mustafayev onun İnternet kafedə saxlandığını deyir.

«Human Rights Watch» həmçinin, ordudan yayınmada ittiham olunan Bəxtiyar Hacıyevin həbsindən bəhs edir. Onun «Facebook» statusunda polisə müraciət yerləşdirəndən iki saat sonra həbs olunduğu bildirilir. Hacıyev saxlanarkən döyüldüyünü deyir. Vəkili onun həkim müayinəsini təşkil edib və vəkil Hacıyevə münasibətin araşdırılması barədə Gəncə prokurorluğuna müraciət edib.

«Human Rights Watch» AXCP fəalı Cabbar Savalanın həbsindən də yazır. Onun hakimiyyəti tənqid etdiyini və narkotik saxlama ittihamıyla saxlandığını bildirir. Vəkil Əshabəli Mustafayev təşkilata bildirib ki, bu ittihamlar saxtadır. Vəkilin alternativ ekspertiza xahişi də rədd olunub.

11 mart aksiyası
«Human Rights Watch» bundan əvvəl «Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakitin də narkotik saxlama ittihamıyla 3 il həbs cəzası aldığını xatırladır.

AZƏRBAYCAN İNSAN HAQLARI EVİNİN QEYDİYYATI

Martın 10-da Ədliyyə Nazirliyi Azərbaycan İnsan Haqları Evinin nümayəndəsini çağıraraq ona məktub təqdim edib və təşkilatı fəaliyyətini dayandırmağa çağırıb.

Nazirlik rəsmisi bildirib ki, təşkilat QHT-lər barədə qanuna 2009-cu ildə edilmiş dəyişiklikləri pozub. Bu dəyişikliklərə görə, bütün beynəlxalq qruplar yaxud onların filialları hökumətlə ayrıca müqavilə imzalayıb fəaliyyətlərinə icazə almalıdırlar. Bu təşkilat 2007-ci ildə qeydiyyata alınıb. Dəyişikliklər edilmiş qanunda isə dəqiq ifadə olunmur ki, bu qayda artıq qeydiyyata alınmış qruplara da aiddirmi.

Həmçinin, nazirlik təşkilata qanunu pozması barədə qabaqcadan heç bir xəbərdarlıq etməyib.

«Bu, Azərbaycan hökumətinin bürokratik qaydalardan istifadə edərək mülki cəmiyyət qruplarını susdurmasının nümunəsidir. Hökumət açıq-aydın çalışır ki, insan haqları qruplarının ictimaiyyətə qarışması, səfərbər olunmasının qarşısını alsın». Bunu Denber deyir.

«Human Rights Watch» xatırladır ki, Azərbaycan İnsan Haqları Evinin bağlanmasından qabaq gənc fəallar mətbuat konfransı keçirən zaman polis təşkilatın ofisinə gəlib. Polis ofisə gələnlərin adlarını soruşub, onların planlaşdırılan fəaliyyəti barədə sorğu-sual edib. Polis həmçinin hədələyib ki, mənzilin sahibinə təşkilatla icarə müqaviləsini dayandırmaq üçün təzyiq edə bilər.

Bəyanatda qeyd olunur ki, Azərbaycan İnsan Haqları Evi hüquq müdafiəçilərinin Strasburqa səfərini təşkil edib, onlar Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda insan haqlarına dair vəziyyətin pisləşməsindən danışıblar. Bu səfərdən sonra Azərbaycan parlamentinin spikeri bəyanat verib ki, bu təşkilatın işi «Azərbaycanın beynəlxalq imicinə mənfi təsir edir», hökuməti çağırıb ki, belə qruplara qarşı «tədbir görsünlər».

«Human Rights Watch» Seçki Monitorinq Mərkəzinin qeydiyyatının ləğvini də xatırladır və qeyd edir ki, Azərbaycan QHT-lərin qeydiyyatının ləğvi üçün əsasları azaltmalıdır.

«Hökumət mülki cəmiyyət qruplarının işinə qərəzli və qəzəbli müdaxiləyə son qoymalı, İnsan Haqları Evinə işini davam etdirməyə icazə verməlidir». Denber belə deyir.
XS
SM
MD
LG