Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:26

Urmiya bazarı etirazlara qoşulur


Urmiya bazarı
Urmiya bazarı

İranın şimalında, azərbaycanlıların yaşadığı böyük şəhərlərdə siyasi institutlar bazarlardır. Tarixi nöqteyi-nəzərdən yanaşsaq, İranda XX əsrdə baş vermiş bütün mütərəqqi hərəkatlar, inqilabi dalğalar bu bazarlardan başlayıb. Məşrutə hərəkatından Urmiya gölünün qurumasına edilən etiraza qədər əsas təkanverici qüvvə əhalinin büdcədən asılı olmayan, orta təbəqəsini özündə toplayan bu bazarlar təşkil edib.

Qərbi Avropada XII əsrdə vətəndaş birlikləri, siyasi institutların yaranmasından əvvəl İranın şimalında bu bazarlar fəaliyyət göstərir və tacirlərin birliyi rolunu oynayırdı. İndi də belədir və daha mütəşəkkil formada.

2010-cu ilin sentyabr ayında Yaxın Şərq və Orta Asiyanın ən böyük qapalı bazarı olan Təbriz bazarında tətillər başladı. Səbəb isə ölkədə vergilərin bir neçə dəfə artırılması idi. Bir həftəyə qədər davam edən tətilə başqa şəhərlərdən də dəstək gəldi və vergilər artırılmadı. Bu tətili Təbriz bazarında kim təşkil etmişdi? Heç kim. İnstitut öz-özünə fəaliyyət göstərir.

Urmiya gölünün qurumasına etiraz bu bazarların təşkil etdiyi ən yaxın və sonuncu hadisədir. Buna görə insanların fikrini bilmək üçün Urmiya və Təbrizdə sadəcə bir yerdə olmaq lazım idi: bazarda.

Urmiya küçələri

Bu şəhərdə mən əvvəllər də olmuşdum. İranın digər bölgələri ilə müqayisədə burda polis uniformalı şəxslər, mülki polislər çox olur. Çünki PKK-nın “Pejak” adlanan bölümü Qərbi Azərbaycan vilayətinə tez-tez daxil ola bilir. Amma bu dəfə indiyədək görmədiyim qədər polis və əsgərlərdən ibarət patrul xidməti əməkdaşlarına rast gəldim. Demək olar ki, hər iki yüz metrdən bir 3-3, 4-4 gəzişən hərbçilər, polislər gözə dəyirdi.

Ətriyyatçı dükanından ətir alarkən satıcı deyir ki, avqust ayından bəri şəhərdə ciddi rejimdir. Küçələrdə təbliğat vərəqələri, CD-lər paylanmasın deyə nəzarət gücləndirilib. Məmurlar istənilən adama yaxınlaşıb sənədlərini soruşur, şübhələndiklərini isə ofislərinə aparırlar.

Urmiya gölündə olmayan etirazçı
Urmiya bazarı 28 oktyabr 2011
Urmiya bazarı 28 oktyabr 2011

Urmiya bazarı bir neçə milyon əhalisi olan Qərbi Azərbaycan vilayətində ən böyük iş yeridir. Burada mindən artıq mağaza mövcuddur. Urmiya gölünün rəsmi Tehran tərəfindən “qurudulduğu” iddia edilərək başlanan etirazlar zamanı bazar tətil etmiş və insanlar nümayişə çıxmışdı.

Bunları 8 ildir bazarda samovar ticarəti ilə məşğul olan Zakir bəy deyir. O, qeyd edir ki, avqust ayında gölün qurumasına etirazlar başlayan zamanı Urmiya bazarından iş dayandı. Yalnız etiraz günü yox, ondan əvvəlki bir neçə gün alverdən çox camaat yeni xəbər öyrənmək üçün bazara gəlirdi. Çünki Təbrizdə nə baş verdiyini camaat yalnız burda öyrənə bilirdi:

“Urmiyadan qabaq Təbriz bazarı və fəallarının ayağa qalxması bizi çox həvəsə gətirdi. Bunu həm də qeyrətimizə sığışdıra bilmirdik. Çünki Urmiya gölünün qurudulmasından ən çox ziyan çəkən bizik, amma etirazı edən onlardır. Ona görə bazarda hamı bir şeylər etməyə çalışırdı.
Urmiya bazarı 28 oktyabr 2011
Urmiya bazarı 28 oktyabr 2011

Bu siyasi hərəkat deyil, “özünə hörmət” hərəkatıdır. Mən siyasi adam deyiləm, Urmiyada yaşasam da indiyədək bir dəfə də olsun Urmiya gölündə çimməmişəm. Amma başa düşürəm ki, göl mənim tariximdir, mənim kökümdür. Və kiminsə gəlib mənim tariximə, kökümə tohin etməsini (təhqir etməsi) qəbul edə bilmərəm.”

Məhv olan üzüm bağları

Gölün qurumasından ən çox narahat olanlar yerli üzüm təsərrüfatçılarıdır. Bazar qarşısında arabada üzüm satıcısı ilə söhbət edirəm. O, şəhərin ətrafında üzüm bağları olan yerdə yaşayır. Qeyd edim ki, İran bazarlarını üzümlə təmin edən əsas yerlərdən biri Qərbi Azərbaycan vilayətidir.

Satıcı deyir ki, əvvəllər hər il məhsulumuzu toplayıb Təbrizə aparardıq. Kimin imkanı vardısa məhsulu bir başa Tehrana aparar, yaxşı pul qazanardı. Kimin imkanı yox idi, sadəcə Təbrizə aparar, orada satardı: “Üzümçülüklə yaxşı yaşayardıq. Amma indi üzüm üzümüzü qara edib. Əziyyətimizə dəyən məhsul götürə bilmirik. Çünki külək əsdikcə gölün quruyan hissələrindən duz əkin sahəmizə səpələnir. Torpaq şorlaşıb. Əvvəl məhsulumuz tonlarla olurdu, indi bir tona çatmır.

“Dünyanın ən gözəl quruyan gölü”

Duz səhrasına çevrilən Urmiya gölü
Duz səhrasına çevrilən Urmiya gölü
Bazarda gözümə kəsdirdiyim adamlara çox ehtiyatla yanaşırdım. Əvvəlcə nəsə alacağam kimi özümü göstərib, sonra qonaq olduğumu, Bakıdan buranı görmək üçün gəldiyimi izah edirdim ki, sonra soruşacağım şeylər üçün məni “bəsic” və ya “SEPAH”-a “işlədiyimi” düşünməsin.

Adətən bir başa sözün “mustafasına” keçə bilmirdim, bir az da qorxduğum üçün. Amma kiminlə danışırdımsa bir başa mətləbə keçir, ürəklərini açırdılar. Sözün düzü əvvəllər bir az şübhələnirdim, fikirləşirdim ki, bəlkə məndən söz almağa çalışırlar. Amma sonra gördüm ki, söhbət etdiyim bütün insanlar bu cür açıq danışırlar, qorxu pərdəsini müəyyən qədər qaldırıblar.

Bazarda olduğum ərəfədə satıcılardan biri məni Urmiya gölünə aparmağa razı oldu. Əslində ora istənilən formada gedə bilərdim, amma sürücünün etibarlı olması və mənə maraqlı faktlar danışacağı ehtimalı üzündən bazarda ticarətlə məşğul Saleh bəylə getmək istədim.

Saleh bəy Urmiya gölünün təqribən səkkiz il əvvəl qurumağa başladığını dedi: “Əvvəl gölə axan çayların üzərində bəndlər vurdular, həmin vaxtlar bizə deyirdilər ki, bu bəndlər əkinçiliyin inkişafı üçündür. Biz də sevinirdik ki, kəndlinin su problemi aradan qalxacaq. Sonra gördük ki, kəndli yenə də susuzdur. Deməli məqsəd bu imiş – gölün quruması.”

Urmiya bazarı 28 oktyabr 2011
Urmiya bazarı 28 oktyabr 2011
Saleh bəyin maşını ilə sahildən 6 km gölün içinə gedirik. Yer duz qatı ilə örtülüb. Saleh bəy deyir ki, bir vaxtlar bu gölə “dünyanın ən gözəl duzlu gölü” deyərdik, amma indi dünyanın ən gözəl quruyan gölüdür. Göl quruduqca kristal duzlar üzə çıxır.

Saleh bəyə sahildə tərk edilmiş qayıqları göstərirəm. O, deyir ki, 5-6 il əvvəl bu qayıqları kirayələyib gölə açılardıq, kiçik adalara gedərdik. Amma indi su o qədər quruyub ki, bu qayıqla hətta suyun bir qarış olan hissəsinə qədər məsafə 6 km-dir.

Saleh bəy bu göldə dincəldikləri uşaqlıq illərini xatırlayır, kövrəlir, deyir ki, bu göl elə bil bizim nəsildir. Biz gözümüzü bu sahillərdə açmışıq. İndi isə bura xarabalığa dönür. Bizim nəsil beləcə məhv olur.

Sonda Saleh bəy məni Urmiya gölünü tən ortadan bölən Urmiya-Təbriz yoluna aparır. Mən burdan həm gölün qurudulmuş hissəsini daha açıq görəcəyəm və həm də Təbrizə gedən maşınlara əl edəcəyəm.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG