Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:31

Elnur Məcidli: «2012-ci ildə dəyişikliklər gözləyirik»


-

«AKSİYALARLA BAĞLI PARTİYALARLA MÜZAKİRƏLƏR GEDİR»

«Biz 2012-ci ildə böyük dəyişikliklər gözləyirik. Bu il siyasi prosesləri dəyişmək baxımından uğurlu il ola bilər».

Bunu Elnur Məcidli deyir. Böyük Xalq Hərəkatının yaradıcılarından biri. Böyük Xalq Hərəkatı hakimiyyətdən narazı gənclərin sosial şəbəkələrdə yaratdığı etiraz kampaniyasıdır.

Hərəkatın İdarə Heyətində ABŞ-da, Avropada yaşayan fəallar təmsil olunub. Hərəkatın «Facebook» sosial şəbəkəsindəki səhifəsində 1000 nəfər qeydiyyatdan keçib, 40 min nəfər isə onun materiallarını paylaşıb. Bunu da Elnur Məcidli deyir.

Amma səhifədə bu rəqəmləri, üstəlik də moderatorların və qeydiyyatdan keçənlərin kimliyini görmək olmur. Elnur Məcidli bunu həbslərdən və təzyiqlərdən qaçmaq üçün etdiklərini deyir. Hərəkatçılar Bakıda etiraz aksiyaları da planlaşdırırlar və bu yöndə siyasi partiyalarla danışıqlara başlayıblar:

«Aksiyalarla bağlı müzakirələr gedir. Bu prosesdə biz siyasi partiyalarla, gənclər və başqa təşkilatlarla danışıqlara başlamışıq. Bu danışıqlarda aksiyaların forması, təbliğatın hansı yöndə aparılması ilə bağlı ortaq qərar veriləcək. Düşünürəm ki, 2012-ci il Azərbaycanda siyasi prosesləri dəyişmək, qanunu bərpa etmək üçün uğurlu bir il ola bilər. Sadəcə, dünyada yaranmış situasiyadan Azərbaycan xalqının lehinə lazımınca istifadə etmək lazımdır».

«ƏN DOĞRU SEÇİMİ XALQ EDƏCƏK»

Elnur Məcidli deyir ki, onlar sosial şəbəkələrdə hakimiyyətə nəzarəti gücləndirmək
Elnur Məcidli
Elnur Məcidli
istəyirlər. Bu nəzarət hansı formada keçirilə bilər? Elnur Məcidli konkret yol demir, bunu cəmiyyətin ixtiyarına buraxır:

«İnsanlar etiraz etməyi bacaranda, bu, özü ictimai nəzarəti formalaşdırır. Məsələn, müəllim rüşvət istəyirsə, tələbənin pul verməməsi etirazdır, mövqedir. Bunun kütləvi şəkildə olması ictimai nəzarətin artmasına təkan verir. Etiraz formaları ilə bağlı təkliflər verilə bilər. Amma düşünürəm ki, ən doğru etirazı Azərbaycan xalqı özü edəcək».

İSA QƏMBƏR: «PROSES GƏNCLƏRİN İDARƏÇİLİYİ İLƏ DAVAM EDİR»

Müsavat başqanı İsa Qəmbər gənclərin təşəbbüsünü yüksək qiymətləndirir. O, etiraz aksiyaları ilə bağlı məsləhətləşmələrin keçirildiyini də təsdiqləyir:

«Gənclərin bu istiqamətdə bütün addımlarına diqqətlə yanaşmağın tərəfdarıyıq. Məsləhətləşmələr gedir. Prosesin gedişində müvafiq qərarlar verilə bilər. Hələlik bu, gənclərin müstəqil qəbul etdiyi qərardır. Onların idarəçiliyi ilə davam edir. Sonrakı mərhələdə situasiya bir daha dəyərləndiriləcək. Aksiyalar keçirilməlidir! Ölkədəki avtoritar rejim problemləri həll etmək əvəzinə kəskinləşdirir. İndiki şəraitdə etiraz aksiyalarının keçirilməsi çox məntiqlidir».
İsa Qəmbər
İsa Qəmbər

ZƏRDÜŞT ƏLİZADƏ: «HEÇ NƏDƏNSƏ, FƏAL OLMAQ YAXŞIDIR, AMMA...»

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, gənclər hər hansı hərəkat yaratmazdan öncə ciddi hazırlaşmalıdırlar:

«Gənclərin vətənpərvərliyindən, azadlıqsevərliyindən istifadə edib verirlər qabağa, özləri otururlar evdə. Sonra da deyirlər ki, rədd olsun diktator rejimi. Əvəzində nə olacaq? Heç nədənsə fəal olmaq yaxşıdır. Amma istərdim həm fəal olsunlar, həm də ağıllı. Bu xalqı 80 dəfə məğlubiyyətə aparmış adamların dalınca getməyin mənası yoxdur».

«GƏNCLƏRDƏN QURBANLIQ KİMİ İSTİFADƏ EDİRLƏR»

Bu cür hərəkata və ya etiraz aksiyalarına qətiyyən ehtiyac yoxdur. Bunu da Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyir:

«Bu cür aksiyalar Azərbaycanı istəməyən qüvvələr tərəfindən gündəmə gətirilir. Azərbaycanı sevməyən, uğurlarına qısqanclıqla yanaşanlar gənclərdən qurbanlıq kimi istifadə edirlər. Meydanlara toplaşaraq vətəndaş qarşıdurmasına getmək milli maraqlara ziddir. Gənclər əlbəttə ki, bundan çəkinməlidirlər».

Fəzail Ağamalı yeni kampaniyanın da 11 Mart - Böyük Xalq Günü kimi iflasa uğrayacağı qənaətindədir.
Fəzail Ağamalı
Fəzail Ağamalı

Elnur Məcidli isə bu cür yanaşma ilə razı deyil. Onun dediyinə görə, ötən ilki 11 Mart - Böyük Xalq Günü Azərbaycanda buzu sındırdı. Aksiya alınmasa da, ötən ilin yazında etiraz aksiyaları gücləndi, ziyalılar fəallaşdı:

«Alındı. Hakimiyyətin üstümüzə düşməsi, gənclərin həbsi, mənim «Interpol»a axtarışa verilməyim, cinayət məsuliyyəti, ailə üzvlərimin işdən çıxarılması göstərdi ki, hakimiyyət qorxdu. 11 Mart 2011-ci ildən əvvəl ölkə tamam fərqli idi, daha pessimist ovqat vardı. Sonra dinamiklik artdı».

Ötən il Azərbaycanda Elnur Məcidlinin barəsində 281.1 (hakimiyyəti zorla ələ keçirməyə çağırış) maddəsi ilə cinayət işi açılmışdı. Amma az sonra bu iş donduruldu.

«ÇİÇƏKLƏR AÇMAYAN BAHAR»

Ötən il 11 mart – Böyük Xalq Günü ərəfəsində və aksiya günü bir neçə fəal həbs olundu.

Hakimiyyətə müxalifətdə duran İctimai Palatanın aprel aksiyalarından sonra isə 14 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilib.

Ötən ilin noyabrında «Amnesty International» beynəlxalq insan haqları təşkilatı Azərbaycanda əsas azadlıqların vəziyyəti barədə hesabat yaymışdı: «Çiçəklər açmayan bahar: Azərbaycanda cilovlanmış azadlıqlar».

Hesabatda deyilir ki, «dissidentlərin təqiblərlə üz-üzə qaldıqları bir vaxtda internet azad sözün tək sığınacaq yerinə çevrilib. Siyasətdə, jurnalistikada, təhsildə, hətta sosial şəbəkələrdə hökumətin ünvanına tənqidi çıxış edənlər bir qayda olaraq cəzalandırılır...».
XS
SM
MD
LG