Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

Peyvəndin yoxsa səriştəsiz həkimin fəsadları?


Arxiv foto
Arxiv foto
«Uşaq 1 yaş 6 aylığına qədər normal böyümüşdü. Həmin yaşda ona 3 peyvənd vuruldu, getdikcə geriləməyə başladı. Nitqi tutuldu, saatlarla gözünü divarda bir nöqtəyə dikib baxır, qazan qapağı fırladır, saatlarla muğama qulaq asır və sair. Başladıq araşdırmağa ki, bu peyvənddən ola bilər, yoxsa yox? Bəlkə 20 dəfə Səhiyyə Nazirliyinə məktub yazdım ki, mənə Azərbaycanda uşaqlara vurulan peyvəndlərin kimyəvi tərkibi haqqında məlumat verin».
PEYVƏND OLUNDU, ÖZÜNƏ QAPANDI
Bakı sakini Əhməd Rəhmanov deyir ki, indi 4 yaşında olan oğlu Rəfaildə yaşyarımlığında vurulmuş peyvəndlərdən sonra yaranmış özünəqapanma sindromu hələ də davam edir.
Ata hesab edir ki, bu əlamətlər uşağa vurulmuş difteriyaya qarşı «AKDS» (Azərbaycanca – AGDT) peyvəndindən sonra baş verib. (AGDT– difteriya, göyöskürək və tetanusa xəstəliklərinə qarşı kombinə edilmiş peyvənddir – E.C.)
Onun sözlərinə görə, oğluna vurulmuş bu peyvənd Hindistan istehsalı olub. Ata hesab edir ki, oğluna da vurulan peyvəndlər inkişaf etməmiş ölkələrdən ucuz qiymətə gətirilir, həm keyfiyyətsiz, həm də müddəti ötmüş olduğundan əlillik yaradıb.
Əhməd Rəhmanovun sözlərinə görə, Səhiyyə Nazirliyinə peyvəndlərin kimyəvi tərkibinin açıqlanmasına dair etdiyi müraciətə müsbət cavab ala bilməyib. Ata deyir ki, həkimlər uşağının ruhi dispanserdə müalicəsini təklif edirlər. O isə uşaqda ruhi xəstəlik əlamətləri görmür və həkimlərdən alternativ müalicə tədbirləri görülməsini tələb edir.
«AKDS» AUTİZM YARADA BİLƏRMİ?
«Autizm Defektoloji və Psixoloji yardım Mərkəzi» İctimai Birliyinin təsisçisi Esmira Kazımova deyir ki, Azərbaycanda autizm sindromuna görə əlillik dərəcəsi verilmir. Buna görə də bu sindroma tutulanlara əqli gerilik diaqnozları qoyulur ki, valideynlər də bununla razılaşmırlar. Esmira Kazımova məhz «AKDS» peyvəndindən sonra uşaqların autizm sindromuna yoluxması ilə bağlı deyilənlərlə razılaşmır. Deyir ki, bəzi uşaqlarda autizm sindromuna əvvəldən meyllilik olur. Sadəcə, onlara «AKDS» peyvəndi vurulanda bu sindrom daha da güclənir: «Ona görə də peyvənd olunan hər bir uşaq əvvəlcədən diqqətlə müayinə olunmalıdır, əgər uşaqda autizm sindromuna meyllilik varsa, bəzi peyvəndlər var ki, onları uşağa qətiyyən vurmaq olmaz».
«PEYVƏNDDƏN QORXULU FƏSAD MÜŞAHİDƏ OLUNMAYIB»
Səhiyyə Nazirliyi isə deyir ki, peyvəndlər ölkəyə daxil olandan sonra
Nazirliyin dərman vasitələrinin analitik ekspertiza mərkəzində ekspertizadan keçirilir. Yalnız keyfiyyətli olduğu təsdiqləndikdən sonra istifadəyə verilir. Səhiyyə Nazirliyi poliklinikalarda istifadə edilən peyvəndlərin keyfiyyətsiz və köhnə olması fikri ilə razılaşmır. Bildirir ki, peyvənd üçün bütün preparatlar xüsusi yerlərdə saxlanılır və yalnız peyvəndləmə prosesi başlayanda poliklinikalara verilir. Ona görə də peyvəndin əks- təsir göstərməsi mümkün deyil. Valideynlərin isə tam hüquqları var ki, uşaqlarına vurulan peyvəndin tərkibi barədə məlumatlansınlar.
Uşaqlar peyvənd edildikdən sonra onlarda əks göstəricilərin baş verməsinə və xəstəliyə yoluxma hallarına gəlincə, Səhiyyə Nazirliyi bildirir ki, Nazirlikdə peyvənd və onun fəsadları ilə bağlı komissiya işləyir. Komissiyaya daxil olan bütün məlumatlar araşdırılır. Son illərdə Azərbaycanda peyvənddən qorxulu fəsadlar müşahidə olunmayıb.
UŞAQ PEYVƏNDDƏN QABAQ MÜAYİNƏDƏN KEÇMƏLİDİR
Adının çəkilməsini istəməyən pediatr isə deyir ki, peyvənd vurulmazdan əvvəl uşaq müayinədən keçirilməlidir. «Həkim uşaq haqqında ətraflı məlumat almalıdır. Uşaq hər hansı bir xəstəlik keçirirsə, sadəcə soyuqdəyməsi olsa belə ona peyvənd vurmaq əks- göstəriş verə bilər. Dəri-zöhrəvi, göz, burun-boğaz xəstəliklərindən də əziyyət çəkən uşaqlara peyvənd vurmaq yasaqdır», deyən pediatrın isə autizm sindromu barədə ümumiyyətlə bilgisi yoxdur.
Lökbatandakı Texniki peşə məktəbinin 16 yaşlı şagirdi Namiq Salmanovun noyabrın 28-də baş vermiş qəfil ölümündə də ailə üzvləri həkimləri təqsirləndirirlər. Deyirlər ki, ölümündən bir neçə dəqiqə əvvəl yeniyetmənin üzərində vərəm əleyhinə mantu sınağı keçirilib.
Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən AzadlıqRadiosuna bildiriblər ki, şagirdin ölümünün səbəbi ilkin olaraq, peyvəndlə əlaqələndirilsə də, ekspertiza nəticəsində bu, öz təsdiqini tapmayıb. Şagirdin ölümünün səbəbi kəskin ürək-ağciyər çatışmazlığı olub.
16 YAŞLI OĞLAN MANTU SINAĞINDAN SONRA ÖLDÜ
Ancaq şagirdin atası Nadir Salmanov bununla razılaşmır:
«Ölümündən 20 gün əvvəl hərbi kommissyanın həkim müayinəsindən keçib və ona tam sağlam olması barədə arayış verilib».
Odur ki, həkimlərlə yanaşı Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən də prokurorluğa şikayət yazıblar. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna deyib ki, Qaradağ rayon prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində Namiq Salmanovun ölməsi faktında cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib.
Vaksindən öldüyü iddia olunan şagirdin atası Nadir Salmanov isə AzadlıqRadiosuna bildirib ki, rayon prokurorluğunun çıxardığı qərardan baş prokurora və məhkəməyə şikayət edəcək.
XS
SM
MD
LG