Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:56

Freedom House: «Azərbaycanda media azad deyil»


Freedom House
Freedom House
Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı deyir ki, hesabat ölkədəki medianın vəziyyətini tam əks etdirir:

«Azərbaycanda televiziyalarda hökuməti tənqid etmək imkanları sıfıra yaxındır. Xüsusilə hökumətin siyasəti ilə bağlı fərqli fikirlər heç zaman yayımlanmır. Çap mediası sahəsində bir neçə qəzetin müstəqil işləməsi imkanları var. Bu qəzetlər isə iqtisadi baxımdan acınacaqlı vəziyyətdədir. Çünki hökumət reklam bazarına siyasi baxımdan təsir edir. Xüsusi ilə müxalif qəzetlərə reklam gəliri verilmir. Jurnalistlər ciddi hüquqi basqılarla üzləşirlər. Müxtəlif adlar altında, o cümlədən diffamasiya, xuliqanlıq, hətta narkotik gəzdirmə adı altında həbs olunurlar».

Hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov isə hesabat deyilənlərlə razı deyil:

«Çox ehtimal ki, hər hansı bir ciddi, obyektiv araşdırmaya əsaslanmadan subyektiv meyllərini və münasibətlərini ortaya qoyublar. Ancaq mən hesab edirəm ki, Azərbaycanda inkişaf etmiş və ciddi mövqeləri olan mətbuat formalaşıb. Bu mətbuat azad mətbuat adlandırıla bilər. Azərbaycanda söz azadlığı, fikir azadlığı, mətbuat azadlığı təmin edilib.
Əli Əhmədov
Əli Əhmədov
Niyə görə istər «Freedom House», istərsə də başqa təşkilatlar Azərbaycanı mətbuat azadlığına görə ciddi şəkildə tənqid edirlər, mən bunu deməyə çətinlik çəkirəm. Ancaq belə bir tənqid üçün Azərbaycanın mətbuat mühiti ciddi bir əsas və səbəb ortaya qoymur».

Deputat Sabir Rüstəmxanlı isə deyir ki, bu cür hesabatların hazırlanmasına Azərbaycandakı vəziyyət də rol oynayır:

«Mətbuatda senzura ləğv olunsa, mətbuat azad olsa da, bəzi müəyyən hadisələr bu görülən işlərin üstünə kölgə salır. Bunu etiraf etməliyik. Mən təkcə iqtidardan asılı olan mətbuatı demirəm. Müxalifətdən də asılı mətbuat varsa, mətbuat ayrı-ayrı siyasi partiyaların, pullu adamların əlindədirsə, sərbəst fəaliyyət göstərə bilmirsə, bu, artıq mətbuatın qeyri-azadlığıdır. Ancaq şübhəsiz burda xarici faktorlar və Azərbaycana qərəzli münasibət də öz rolunu oynayır. Sadəcə, Azərbaycan dövləti müəyyən addımlar atmalıdır.
Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
O cümlədən mən jurnalistin həbsini, jurnalistə qarşı olan zorakılıqları nəzərdə tuturam. Bunlar epizodik olsa da, birmənalı şəkildə aradan qaldırılmalıdır».

HESABATDA NƏ DEYİLİR?

Rusiya, Azərbaycan və Qazaxıstanın adları dünyada medianın vəziyyəti xüsusi narahatlıq doğuran ölkələr sırasında çəkilir.

«Azərbaycanda media azad deyil». Bu barədə ABŞ-da yerləşən Freedom House qeyri-hökumət təşkilatı mayın 1-də açıqladığı hesabatda bildirir.

Azərbaycan 80 balla Rusiya və Zimbabve ilə 172-174-cü yerləri bölüşür.

Rusiya, Azərbaycan və Qazaxıstanın adları dünyada medianın vəziyyəti xüsusi narahatlıq doğuran ölkələr sırasında çəkilir.

Bundan əvvəl də Freedom House Azərbaycan mediasını «qeyri-azad» adlandırırdı.

Qurum bu ilin yanvarında açıqladığı 2011-ci ildə dünya ölkələrində siyasi hüquqlar və mülki azadlıqların vəziyyəti ilə bağlı hesabatında da Azərbaycanı «azad olmayan» ölkələr siyahısına salmışdı.

Azərbaycan hökuməti bir qayda olaraq Freedom House təşkilatının hesabatlarını birtərəfli və qərəzli adlandırır.

GÜRCÜSTAN, ERMƏNİSTAN

Hesabatda Ermənistan 149-cu yerdədir və bu ölkədə də medianın vəziyyətinin «qeyri-azad» olduğu göstərilib.

Keçmiş Sovet İttifaqında qeyri- Baltik ölkələri içərisində yalnız Gürcüstanda media sahəsində müsbət əlamətlər görünür. Bu ölkədə media «qismən azad»dır, media seçimi və şəffaflıq artıb.

YAXŞI VƏ PİS TENDENSİYALAR

Freedom House bildirir ki, dünyada hər altı adamdan yalnız birinin azad mətbuata çıxışı var – bu, son on ildə ən aşağı göstəricidir.

Azad mətbuat olan mühitdə yaşayan adamların faizi 14,5 faizə düşüb, bu, 1996-cı ildən bəri ən aşağı göstəricidir. Həmin ildən bu qrup öz araşdırmalarına əhali faktorunu da daxil edib.

Ancaq hesabatda o da vurğulanır ki, ötən il «Ərəb baharı» ilə birlikdə böyük dəyişikliklər də baş verib.

Christopher Walker
Christopher Walker
Freedom House-un strategiya və təhlil üzrə vitse-prezidenti Christopher Walker bildirib ki, Liviya, Tunis, müəyyən dərəcədə də Misirdə «irəliyə doğru böyük addımlar» atılıb.

«Eyni zamanda, regionda bəzi ölkələrdə çox ağır media mühiti var və onlara daha sərt təzyiq olunub. İran, Suriya və Bəhreyn bu ölkələr sırasına daxildir», bunu Christopher Walker deyib.

ƏN PİSLƏRİN ƏN PİSİ

İran bu ilin hesabatında həmişəki yerində qalıb: «ən pislərin ən pisi». Belarus, Kuba, Ekvatorial Qvineya, Eritrea, İran, Şimali Koreya, Türkmənistan və Özbəkistan dünyanın medianın vəziyyətinə görə ən pis qiymət alan ölkələridir. Bu ölkələrdə «müstəqil media ya mövcud deyil, ya da çətinliklə işləyə bilir, mətbuat rejimin ruporu rolundadır, vətəndaşların tərəfsiz informasiyaya çıxışı ciddi şəkildə məhdudlaşdırılıb, narazılar həbsə atılır, onlara işgəncə verilir və digər repressiya formalarından istifadə olunur».

Ötən il Özbəkistanda müstəqil qəzetlərdən olan «Zerkalo XXI» bağlandı. Səbəb kimi maliyyə problemləri göstərilirdi. Christopher Walker inanır ki, bu bağlanmaya hakimiyyət təzyiqi səbəb olub.

AVRASİYA REGİONU

Avrasiyada ciddi mətbuat azadlığı problemləri var, Ermənistan, Azərbaycan, Qazaxıstan, Rusiya və Tacikistanda media «qeyri-azaddır». Ukrayna güc-bəla ilə «qismən azad» reytinqini saxlayıb, onu daha aşağı dərəcədən bircə bal ayırıb. Mətbuat azadlığının ən çox pozulduğu səkkiz ölkədən üçü – Belarus, Özbəkistan və Türkmənistan da Avrasiyada yerləşir.

Çin, Rusiya, İran və Venesuela kimi avtoritar ölkələrdə mətbuatı sıxışdırmaq üçün tənqidçiləri saxlamaq və həbsə atmaq, media orqanlarını bağlamaq, jurnalistlərə qarşı məhkəmə iddiaları qaldırmaq kimi vasitələrdən istifadə ediblər.

Medianın ən çox azad olduğu ölkələr Finlandiya, Norveç və İsveçdir. Birləşmiş Ştatlar isə 22-ci yerdədir.

Bu hesabat 197 ölkəni əhatə edir, hüquqi, siyasi və iqtisadi faktorlara əsasən hazırlanıb.
XS
SM
MD
LG