Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:46

Eldar Baxışdan yazıçılar haqda seçmə lətifələr


Eldar Baxışın “ölüsü ilə ərəbcə, dirisi ilə rusca” kitabından seçmə lətifələr


ƏL

Rəsul Rza Azərbaycan Sovet Ensiklopediyasında baş redaktor işləyəndə Tofiq Abdini göndəriblər yanına ki, işə götürsün.

Tofiq gəlib Rəsul müəllimin kabinetinin qapısını açıb, soruşub:

- Olar, Rəsul müəllim?

- Olar!

Tofiq yazıq-yazıq əlini qabaqda daraqlayıb, keçib içəri.

Rəsul müəllim bir Tofiqə baxıb, bir əlinə baxıb, soruşub:

- Sən harda işə girmək istəyirsən?

- Ensiklopediyada.

- Nədi Ensiklopediya? Ümumiyyətlə nədi?

- Mədəniyyətdir.

- Ay sağ ol! Ensiklopediyada – mədəniyyət ocağında işə girmək istəyirsən, özün də gör əlini hara qoymusan?

Tofiq tez əllərini aparıb arxasına.

Rəsul müəllim deyib:

- Ay bərəkallah!... Gör əlini hardan aparıb hara qoydun. Yox, belə getsə mən səni bu mədəniyyət ocağında işə götürə bilməyəcəm.

Tofiq bu sözdən sonra tamam özünü itirib, iki əlinin ikisini də yuxarı qaldırıb, əvvəlkindən də yazıq görkəm alıb, deyib:

- Rəsul müəllim...

- Nədi?

- Ay Rəsul müəllim...

- Nədi bala?

- Bəs əlimi hara qoyum?


DÜNYA QOPUR

- Əbülhəsən “Dünya qopur” romanını yazıb gətirib Əli Vəliyevin yanına ki, oxu, “Azərbaycan” jurnalında çap elə. Əli müəllim oxuyub, amma çap eləmək istəməyib.

Əbülhəsən soruşub:

- Əli qağa, niyə çap etmək istəmirsən?

Əli müəllim deyib:

- Əbülhəsən, qardaşoğlu, sən bu romanın adını qoymusan “Dünya qopur”, amma mən başdan ayağa oxudum, heç tüküm də tərpənmədi.


QIZ TOYU

Qızının toyunda xüsusi canfəşanlıqla süzə-süzə oynayan bir yazıçını Vidadi Məmmədov arada bir qırağa çəkib deyib:

- Ə, heç utanmırsan?

Yazıçı soruşub:

- Nədən, niyə?

Vidadi deyib:

- Sən qızının toyunda elə oynayırsan ki, elə bil oğul toyu edirsən. İşin toy hissəsini fikirləşirsən, bir az “oy” hissəsini fikirləşsənə!


SOSİSKA

Əkrəm Əylislinin əl tutduğu cavan şairlərdən birinin atası, yazıçını qonaq çağırıb, üstəlik məclisə bir xeyli gənc şair də dəvət eləyib. Kabab, dəm-dəsgah, möhkəm yeyib-içiblər. Qonaqlıqdan çıxıb bir az bulvarda gəzəndən sonra cavan şairlər baxıb görüb ki, ustad sosiskaxanaya doğru gedir. Soruşublar:

- Əkrəm müəllim, indicə kabab yemişik, sosiskaxanada nə işimiz var?

Əkrəm müəllim deyib:

- Gəlin bir sosiska yeyək, o kişinin mayasını batıraq. Yoxsa elə bilərsiz ki, mən orda kabab yox, rüşvət yemişəm.


DU...

Əsl adı Dədə olan bir kişi həmişə Vidadiyə Vidiş deyirmiş.
Bir gün Vidadi əsəbiləşib və kişiyə deyib:

- Bir də mənə Vidiş demə!

Dədə soruşub:

- Niyə?

Vidadi deyib:

- Sən mənə Vidiş deyəndə, gərək mən də sənə D... deyəm.

XS
SM
MD
LG