Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:45

Qan Turalının romanı müzakirəyə çıxarıldı (Əsərdən bir parça)


Qan Turalı
Qan Turalı
-

"Oxu zalı"nda tənqidçilərin iştirakı ilə yazıçı Qan Turalının "Mustafa" romanının müzakirəsinə başlayırıq.

Əsər "Qanun" nəşriyyatının "Ən yeni ədəbiyyat" seriyasında çap edilib.

Qarabağ münaqişəsi ilə bağlı 5 romanın müzakirəsindən sonra növbədə siyasi romanlardır.

"Mustafa"dan bir bölümü oxucularımızın ixtiyarına veririk.


ŞAİRİN ÖLÜMÜ VƏ ƏKSİNQİLABİ İŞ

("Mustafa" romanından parça)

Uşaqlar qurbağalara daş atırlar
Elə-belə
Amma qurbağalar gerçəkdən ölürlər

Erix Frid


Evə qapanmağımız başa çatdı və qayıtdıq. İndi vaxtımızı əsasən “Azadlıq” qəzetinin Xaqani 33 ünvanında yerləşən çayxanasında keçirirdik.

Bura qəzetin redaksiyası olsa da Azərbaycan Xalq Cəbhəsi Partiyası burda yerləşirdi.

Digər partiyadan olan müxalifətçilər də əsasən burda görüşür, çay içib ölkənin gələcəyini burda müzakirə edirdilər.

Müxalifətçi gənclərlə söhbətimiz əvvəldən tutsa da mübahisələrimiz əskik olmurdu.

Onlar bizim bir xüsusiyyətimizi-mövcud iqtidara qarşı olmağımızı bəyənirdilər, ortaq nöqtəmiz var idi. Amma mübahisə mövzuları da kifayət qədər çox idi.

Daim mübahisə ehtirasıyla yanan Rəşadət bu fürsətləri qaçırtmasa da biz daha çox susmağa üstünlük verirdik.

Bizə SSRİ-nin pis olmasını, sovet təhsilinin keyfiyyətsizliyini, kommunistlərin müsavatçıları qırmasını deyib mübahisəyə çəkirdilər.

Başqa cür da ola bilməzdi.

Bu çayxana mübahisə sevən adamların yeri idi. Ordakı bəzi adamların hökumətə müxalifliyi məişət xarakteri daşıyırdı, heç bir ideoloji hazırlıqları yox idi.

Bu cür adamlar əsasən turançı ya da dindarlardan ibarət olurdu. Bizi mübahisələrdə ən çox cinləndirən isə indiki hökumətin kommunistlərdən ibarət olması idi.

Proses sürətlə qızışırdı. Artıq bir neçə icazəsiz aksiya keçirilmiş və polis gücü ilə yatızdırılmışdı. Hökumət məcbur olub mitinq keçirtməyə icazə vermişdi. Artıq iki mitinq baş tutmuşdu. Ümumi ovqat yaxşıydı və qələbəyə köklənmişdi.

Təşkilatın toplantıları da davam edirdi, amma adətən çayxana mübahisələri bizi yorurdu. Lakin bu keçici xarakter daşıyırdı, çünki rəngi narıncı olsa belə hər halda inqilab üfüqdə görünürdü və biz inqilab üçün çox darıxırdıq.

Getdiyimiz ilk mitinqdə də fövqəladə bir şey olmadı. Metronun “20 Yanvar” stansiyasından çıxıb “Qələbə” meydanına qədər siyasi şüarlar deyə-deyə getdik, meydanda çıxışları dinlədik. Mitinq qurtarandan sonra isə piyada BDU-nun tələbə şəhərciyinə gedib çay içdik.

Təşkilatın iclaslarında isə əsas mövzumuz “narıncı inqilab”ın necə baş tutacağı idi. Fikirlərimiz üs-üstə düşmürdü. Rəşadətin fikrincə seçkidən sonra kütlə mitinqdən çıxıb dövlət idarələrini tutacaq, ardınca da Müvəqqəti Hökumətin yaradılacağını elan edəcəkdi. Dəniz isə belə hesab edirdi ki, seçkiyə qədər inqilab olacaq, seçkini isə ATƏT özü keçirəcəkdi. Mahir Dənizi, mən isə Rəşadəti müdafiə edirdim. Amma heç birimiz haqlı çıxmadıq.

Bu günlərdə biz çox şən və nəşəli idik. Hər birimizin ürəyində “bəlkə alınmadı” qorxusu bəzən baş qaldırırdı, lakin biz bu qorxunu dərhal məhv edirdi, bu qorxunu “rejimin apardığı əksinqilabi təbliğatın yaratdığı ovqat” sayırdıq. Biz inqilaba yox ondan sonraya hazırlaşırdıq. Bizim üçün inqilab geniş imkanlar yaradacaqdı, bir müddət qeyri-leqal fəaliyyətə davam edib tələbələr, fəhlələr arasında iş aparacaq, ondan sonra təşkilatımızın varlığını elan edib mübarizəyə başlayacaqdıq.

Təşkilatı qeydiyyatdan keçirtmək planımız yox idi, siyasətə girməyəcək, seçkiyə qoşulmayacaq, inqilaba hazırlaşacaqdır. Bunun üçün isə qansız yolu seçmişdik. Təşkilatımızın hələ hazırlamadığımız manifestində fərdi terrorun inqilabın məqsədini sapdırmağa xidmət etdiyi, əksinqilabi, şəxsi intiqam hissindən qaynaqlandığı yazılmalı idi.

Açıq dilə gətirməsək də yeni yaranacaq hökumətin bizi repressiya etməyəcəyinə də
inanırdıq. Biz hakimiyyətə iddialı deyildik, piketlər, mitinqlər, kütləvi vətəndaşlıq itaətsizliyi ilə hökuməti sosial dövlətə çevirəcəyimizə bütün varlığımızla inanırdıq. Lakin onlar bizi təşkilatı əzməyə çalışsaydılar belə biz mübarizəni sona çatdırana qədər vuruşmağa əzmli idik, andımız və inamımız bunu tələb edirdi. Biz sonun yaxşı olacağına inanırdıq. Tarix inqilabçı gəncləri unutmamalı idi.

O günlərdə biz ancaq bir gün kədərə boğulduq, kədərlə içdik. Və o günü ondan sonra heç bir gün unutmadıq. Xəbər ölüm xəbəri idi. Türkiyədən gəlmişdi. Bizim inqilabi mübarizəyə qoşulduğumuz bu günlərdə marksist türk şairi Attila İlhan vəfat etmişdi. 2005-ci ilin 11 oktyabr günü Attila İlhanın 80 illik ömrünün son günü olmuşdu.

Bu xəbəri iclasdan sonra aldıq. İclasın mövzusu isə təsadüfən ədəbiyyat idi. Biz düşünürdük ki, öz fikirlərimizi yazılı formada insanlara çatdırsaq daha çox tərəfdar toplaya biləcəyik. Bu sınanmış və qədim bir üsul idi. Hələ XIV-XV əsrlərdə hürufliyi populyarlaşdıran Nəsiminin şeirləri olmuşdu.

Düşüncələrini ədəbiyyatla yaymağı solçular kəşf etməmişdi, amma dünyanın əksər yazıçıları ideyaca solçu idi. Heç bir əxlaqlı yazıçı, şair, filosof kapitalizmi müdafiə edə bilməzdi. Azərbaycanda 28 aprelə qədər inqilabi və realist ədəbiyyat yaransa da Sovet ədəbiyyatı bundan sonra kommunizmi izah etmək yerini onu mədh etmək yolunu tutmuşdu.

Biz isə əvvəlcə ədəbiyyatın rolu haqqında danışdıq. Məruzə olmadı. Axırda qərar verdik ki, bir nəfər özünü ədəbiyyata həsr etməlidir. Bu iş üçün ən uğurlu adam kimi Dənizin üstündə dayandıq. Dəniz razı deyildi.

Yazmamaqda inad edirdi. Amma Mahir ona Markesin “mən mərc etdim ki, bizim nəsil yazıçı yetişdirəcək və buna görə yazıçı oldum, mərci də uddum” sözünü xatırladıb onun boynuna bu şərəfli missiyanı qoydu. İlk vaxtlar üçün şeir yazmağı qərarlaşdırdıq. Sonra iclas başa açtdı və Dəniz ona göstərilən bu etimadı doğrultmaq üçün kompyuterin qabağına keçib şeir yazmaq istədi. Mən qabağımdakı çayı udumlayıb gözucu ona baxırdım. Dəniz təzə bir səhifə açıb sürətlə nəsə yazdı. Sonra bir az düşündü. Yazdıqlarını sildi. Sonra yenə nəsə yazıb onu da sildi.

Yazdıqlarını oxumaq mümkün deyildi. Amma hiss olunurdu ki, sərbəst vəzndə nəsə yazır. Bir az da keçdi. Dəniz eləcə boş səhifəyə baxırdı. Bir azdan internetə girdi. Mən o tərəfdən gözümü çəkib Rəşadətlə Mahirin Real Madrid və Barselona söhbətlərinə qulaq asmağa başladım. Bir azdan Dəniz heyrətlə çığırdı: “Attila İlhan ölüb”. Hamı gərəksiz suallar yağdırmağa başladı: Nə vaxt ölüb? Nədən ölüb? Bəlkə öldürüblər?

Hamımız kompyuterin başına yığışdıq. Xəbəri oxuduq. Sonra hərə evin bir tərəfinə getdi. Dizlərimizi qucaqlayıb oturmuşduq. Dəniz üzünü yastığa basmışdı. Yəqin ağlayırdı. Bu kədərli dəqiqələrin nə qədər çəkdiyini bilmədim. Ayağa qalxıb kompyuterin başına keçdim. Əhməd Qayanın “An gəlir” mahnısını qoyub divanda oturmuş Mahirin yanında əyləşib onu qucaqladım.


görünmez bir mezarlıktır zaman
şairler dolaşır saf saf
tenhalarında şiir söyleyerek
kim duysa / korkudan ölür
-tahrip gücü yüksek-
saatli bir bombadır patlar
an gelir
Attila ölür



Mahnını hönkürtülərimiz kəsirdi. Ağlayırdıq. Hisslərimizi biruzə verməkdən qorxmurduq, utanmırdıq. Ağlayırdıq. Şairə, bir şairin ölümünə, şeirlərinə ağlayırdıq. Bir müddət belə keçdi. Mahir ayağa qalxdı və ucadan dedi:

Ölenler
dövüşerek öldüler;
güneşe gömüldüler.
Vaktimiz yok onların matemini tutmaya!



Akın var
güneşe akın
Güneşi zaaaptedeceğiz
Güneşin zaptı yakın!



Siqaretimiz də yox idi.

Pulumuz da.

Tünd çay içdik siqaretin yerinə.

Amma çay ağrını yüngülləşdirə bilməzdi.

Mahirlə Rəşadət gedib metro kartlarını satdılar.

Ən ucuz siqaretdən yeddi qutu aldılar.

Səhərə biri də qalmamışdı.

İnqilab edib hakim sinfi ləğv etmək haqda düşünürdük.
Amma bir şairin ölümü bizi göz yaşlarına boğurdu.
Biz inqilab üçün yaranmamışdıq.
Bunu o zaman anlaya bilmirdik.
Hər şey bizə uşaq oyuncağı qədər asan gəlirdi.
Mustafa hələ böyüməmişdi.
Amma mütləq böyüyəcəkdi.
Elə Dəniz də...
Elə Rəşadət də...
Elə Mahir də...

Amma Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə 16 yaşına çatmış şəxslər müvafiq məcəllənin bütün maddələri üzrə məsuliyyət daşıyırdı.
21 yaşımız vardı...
XS
SM
MD
LG