Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:31

"Ulduz" və "Azərbaycan" jurnallarının çoxu satılmır (Yayım rəqəmləri)


-

“Qasid” mətbuat yayımı firmasının “Azərbaycan” və “Ulduz” jurnallarının satışı ilə bağlı oxuzalı.az-a təqdim etdiyi statistika aşağıda.


Ötən həftə ədəbi jurnalların hazırkı durumu ilə bağlı oxuzali.az-da açılan polemika davam edir.

“Ulduz” jurnalının gənclərin ixtiyarına verilmiş son sayının bədii keyfiyyəti, çap etdiyi materiallar haqqında aparılan müzakirələrin davamı kimi jurnalların satış statistikasını araşdırmağa çalışdıq.

Qeyd edək ki, sözügedən jurnallar “Azərmətbuatyayımı”, “Qasid”, “Qaya” “Metroservis” mətbuat yayımı firmalarının köşklərində satılır.

“Qaya” firmasının direktor müavini Afət Daşdəmirov bildirdi ki, jurnal redaktorlarının yazılı icazəsi olmadan dəqiq statistik rəqəmlər söyləməyə icazələri yoxdur.

“Yalnız onu deyə bilərəm ki, bizdə ədəbi jurnalların ümumi tirajının 5 faizi satılsa, bunu qənaətbəxş hesab etmək olar. Bəzən bu daha aşağı faiz olur. “Ədəbiyyat qəzeti”ndə də vəziyyət eynidir. Jurnalların içində normal satışı olan şou xarakterli jurnallardır ki, onların da ümumi tirajının 40-50 faizi satılır”.

“Azərmətbuatyayımı” şirkətinin baş mühasibi Rübabə İsmayılova məsələni firmanın sədr müavini İlham Ələsgərovla razılaşdırdıqdan sonra məlumat verəcəyini bildirsə də, sonradan əlaqə telefonların cavab vermədi.

Məsələ ilə bağlı “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadənin də fikirlərini öyrəndik. Onun sözlərinə görə jurnalın satışı normaldır. “Jurnalın tirajı 1000 nüsxədir. Təxminən 80-90 faiz satışımız olur. 300-400 abunəmiz var. Daha dəqiq hesabatı yayım firmalarından ala bilərsiniz. Onlar informasiya vermirlərsə, bu, düzgün deyil. Dövlət sirri-filan tələb etmirsiniz ki?!”

İntiqam Qasımzadə
İntiqam Qasımzadə
Baş redaktor mətbuat yayımı şirkətlərinin işini də tənqid edib. İntiqam Qasımzadənin fikrincə jurnallar oxuculara düzgün şəkildə çatdırılmır:

“Yalnız bir şeyi deyə bilərəm ki, yayım şirkətləri öz işlərini düzgün qurmayıblar. “Qaya”dan başqa normal işləyən firma yoxdur. Jurnalları itirib-batırırlar, oxuculara çatmır. Məsələn, Naxçıvana 3-4 jurnal gedir. Ağdaşdan müəllif zəng vurur ki, yazım çıxıb, jurnalı ala bilmirəm. Bakıdakı köşklərə baxın, elə bil min bir xırdavat mağazasına oxşayır. Bağışlayın, orda prezarvativdən tutmuş saqqıza, uşaq oyuncaqlarına qədər hər şey satırlar, bircə jurnallardan başqa. Ədəbiyyat jurnallarına maraq göstərmirlər”.

“Qasid” mətbuat yayımı firmasının “Azərbaycan” və “Ulduz” jurnallarının satışı ilə bağlı oxuzalı.az-a təqdim etdiyi statistika aşağıda.


“Azərbaycan” jurnalı

Mart ayı – 550 nüsxə jurnal qəbul edib. Ay ərzində cəmi 41 nüsxə jurnal satılıb. Yerdə qalan 509 jurnal redaksiyaya qaytarılıb.

Aprel - 550 nüsxə qəbul edilib, 58 nüsxə satılıb, 492 ədəd geri qaytarılıb.

May - 550 nüsxə qəbul edilib, 57 nüsxə satılıb, 493 nüsxə geri qaytarılıb.

İyun - 550 nüsxə qəbul edilib, 42 nüsxə satılıb, 508 nüsxə geri qaytarılıb.

İyul - 550 nüsxə qəbul edilib, – 47 nüsxə satılıb, 503 nüsxə geri qaytarılıb.


“Ulduz” jurnalı

Mart - 120 nüsxə jurnal satışa verilib, 93 nüsxə qaytarılıb (satılan: 27 nüsxə)

May – 120 nüsxə satışa verilib, 100 nüsxə qaytarılıb. (satılan: 20 nüsxə)

İyun - 120 nüsxə satışa verilib, 104 nüsxə qaytarılıb (satış:16 nüsxə)

İyul 120 nüsxə təqdim olunub, 105 nüsxə qaytarılıb. (satış: 15 nüsxə)
XS
SM
MD
LG