Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:53

Deyirdi ki, avtobusları veriblər uşaq-muşağın əlinə [Video]


Qəza qurbanı yaxınlarına avtobusda ehtiyatlı olmağı tapşırırmış
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Qəza qurbanı yaxınlarına avtobusda ehtiyatlı olmağı tapşırırmış

-
Rafael Xəlilov avqustun 31-i səhər saat 6-da Qobu qəsəbəsindəki evlərindən çıxıb. Saat 10-da isə iş yerindən evlərinə zəng edib onun avtobus qəzasına düşdüyünü və xəstəxanaya aparıldığını deyiblər.

Qardaşları dərhal Bakıya yola düşüblər. Amma çox axtarsalar da, Rafaeli xəstəxanalarda tapa bilməyiblər:

«İş yeri xəbər tutub, rəisi zəng etmişdi, o, SOCAR-ın işçisi idi, «Azəriqaz» İstehsalat Birliyində operator işləyirdi. Rəis dedi ki, o, «Semaşko»dadır. Getdik ora, tapa bilmədik, sonra «Nəsimi bazarı»nın yanındakı travmatologiya xəstəxanasına getdik, orda da tapa bilmədik. Sonra dedilər morqa baxın, getdik gördük ki, ordadır».

Rafael Xəlilov 1978-ci ildə Bakının Qobu kəndində anadan olub. Avqustun 31-i Ağstafa-Bakı qatarı ilə toqquşan 124 saylı marşrutda həlak olan sərnişinlərdən biridir.

XƏLİLOVLAR AİLƏSİNDƏ YAS YASA QARIŞDI...

Xəlilovlar ailəsində indi yas yasa qarışıb. Yas mərasimi keçirilən həyətə girəndə, məni Rafaelin böyük qardaşı İsmayılla ortancıl qardaşı Oqtay qarşıladı. Hər iki qardaş saqqallı idi. Məlum oldu ki, 35 gün əvvəl ataları vəfat edib. Ailə sentyabrın 6-da 40 mərasimi verməyə hazırlaşırmış. Baş verən ikinci faciə onları
Yas mərasimi
Yas mərasimi
sarsıdıb. Oqtay Xəlilov:

«Biz atamızın 40-na hazırlaşırdıq».

Qardaşlarının dediyinə görə, Rafael həmişə marşrutla və ya piyada yol gedəndə, ehtiyatlı olmağı tövsiyə edirmiş. Hətta deyirmiş ki, avtobusa minəndə ortada durun, qabaqda durmaq qorxuludur.

İsmayıl Xəlilov:

«Deyirdi ki, indi avtobusları veriblər uşaq-muşaqın əlinə, qəza olanda, ən çox avtobusun qabağında olanlar xəsarət alır. Amma işin tərsliyindən qəza baş verən an o özü elə avtobusun orta hissəsində durubmuş. Qatar da avtobusu düz ortadan vurub».

Rafael Xəlilovun iki azyaşlı uşağı var. Qızı Aysel sentyabrın 15-də ikinci sinfə gedəcək, oğlu Əlinin isə 3 yaşı var. Uşaqlar hələ də nə baş verdiyini anlamırlar.

Rafael Xəlilov 1-ci sinifdə
Rafael Xəlilov 1-ci sinifdə
Qardaşları ilə söhbətdən sonra Rafaelin həyat yoldaşı ilə danışmaq istədiyimi bildirdim. Amma dedilər mümkün deyil, o, Rafaelin ölümünü eşidəndən sonra halı pisləşib və hələ də sistem altındadır.

AİLƏ ALBOMU...

Xəlilovların ailə albomunu vərəqləyirik. Qardaşlar özlərini ağlamaqdan saxlaya bilmirlər. Deyirlər ki, hələ də baş verən hadisə onlara yuxu kimi gəlir.

Qardaşlarının deməsinə görə, mərhumun bütün əşyalarını geri alıblar. Bircə mobil telefonu hələ ki, polisdədir.

Rafael Xəlilov başından və bədənin müxtəlif hissələrindən ağır xəsarətlər aldığından onu elə həmin gün dəfn ediblər.

34 yaşlı Rafael indi anası və 35 gün əvvəl itirdiyi atası ilə yan-yana uyuyur.
XS
SM
MD
LG