Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:01

Venesiya Komissiyası Azərbaycanın «Dini etiqad azadlığı haqqında» qanununa rəy verib


Arxiv foto
Arxiv foto
Avropa Şurası Venesiya Komissiyası Azərbaycanın «Dini etiqad azadlığı haqqında» qanununa rəy verib.

APA-nın məlumatına görə, rəydə bildirilir ki, 2011-ci ildə dəyişikliklər edilmiş bu qanun hüquq əsas yaradır, lakin qanunda kifayət qədər məhdudlaşdırıcı müddəalar var.

«Dini etiqad azadlığı hüququ, qeydiyyat, dini icmaların muxtariyyəti və ləğv olunması, digər şəxslərin öz dininə dəvət etmək, dini materialların nəşri və yayılması kimi məsələlər daha təfsilatı ilə əks oluna bilərdi. Bundan başqa qanun qarışıq terminologiya ilə zəngindir ki, bu da müddəaların dolayı təfsirinə imkan verir».

Venesiya Komissiyasının əsas tövsiyələri «Dini etiqad azadlığı» anlayışını genişləndirmək, vətəndaşlığı olmayan və xarici vətəndaşlar tərəfindən dini təbliğat aparılmasına qoyulmuş qadağanı aradan qaldırmaq, dini baxışları səbəbindən hərbi xidmət keçməkdən imtina edən şəxslərə alternativ mülki xidmət keçmək imkanı yaratmaq, dini icmalara daha çox muxtariyyət hüququ tanımaq, dini icmaların dövlət qeydiyyatında alınması sistemində islahatlar aparmaq, dövlət qeydiyyatı üçün lazım olan sənəd və məlumatların dəqiqləşdirilməsi, dini icmanın ləğv edilməsini tənzimləyən qaydalara dəyişikliklər etmək, ləğv olunmaq və digər sanksiyalarla üzləşən dini icmaların apelyasiya vermək hüququnu təmin etmək, qanundan «islami dini ibadət və rituallar yalnız Azərbaycan Respublikasında təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilə bilər» maddəsini çıxarmaq, vətəndaşı xarici dövlətə dini təhsil almağa göndərmək üçün müvafiq icra hakimiyyəti orqanından razılıq almaq tələbini ləğv etməkdən ibarətdir.

Azərbaycanın «Dini etiqad azadlığı haqqında» qanununa rəy Venesiya Komissiyasının oktyabrın 12-13-də keçirilmiş iclasında verilib.
XS
SM
MD
LG