Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:31

Niyə baş sındırıb gülünc əhvalatlar uydurursunuz?


Aygün Aslanlı
Aygün Aslanlı
-

Mən başa düşmürəm ki, niyə bu serialların, əksəriyyətinin qəhrəmanları yuxarı təbəqədi, varlılardı?

Mirzə İbrahimovun romanları “Möhtəşəm yüz illik”dən qat-qat möhtəşəmdi...

Aygün Aslanlı


DƏRSLİKLƏRƏ SALINASI SERİAL


Millətin xeyir-duası, hökumətin maliyyəsi sayəsində, təxminən, bir ilə yaxındır ki, yerli televiziya məkanında serial bumu başlayıb. Dövlət bir ucdan milyonları ayırır, çəkmək istəyənlər də çəkirlər. Efirlərə bir-birinin ardınca “Pərvanələrin rəqsi”, “Sirr”, “Qağayı”, “Ağabəyovlar” serialları çıxıb, hələ neçəsi də yoldadı. (Mən diqqətimi çəkənlərin adarını sadaladım, amma bilirəm ki, başqaları da var). Necə deyərlər, çox gözəl, xeyli xub. “Bu proses ən çox məni sevindirir” desəm, yalan olmaz.

Ələlxüsus, bu vaxta qədər hətta teatrda belə nadir hallarda gördüyüm maraqlı simaları ekranda görəndə.

Ələlxüsus, həmin maraqlı simalar bütün o qarmaqarışıqlığın içində fərqlənə biləndə (məsələn, “Ağabəyovlar” serialında Kamran rolunun ifaçısı Azər Aydəmir kimi), Azərbaycanda oyunçu camiəsinin yalnız iki-üç nəfərdən ibarət olmadığı sübut eləyəndə.

Ələlxüsus, Şövqü Hüseynov, İlqar Cahangir, Rasim Cəfər kimi sevimli aktyorlarımı ekranda izləyəndə. Çünki onlar, təkcə teatr həvəskarları yox, hamı tərəfindən sevilməyə, seyr edilməyə, tanınmağa layiqdilər.

Bu da xeyli gözəl, xeyli xub.

Mən bu serial bumuna o qədər sevinirəm ki, idi durub “Bir serialda əsas personajı oynayan aktyorun başqa serialda başqa obrazda çəkilməyi yaxşı deyil. Bu tamaşaçını ayıldır, serialın cadusunu pozur” deməyəcəm. Olsun, bə gülüm, bu da olsun. Aktyor oyunundan da, səmimilikdən, ya da qeyri-səmimilikdən də danışmayacam...

İndi- indi kameraya alışmağa başlayırlar. Hələ təzədilər. Amma düzü, bütün prosesdə qanmadığım bəzi şeylər var. Məsələn, mən başa düşmürəm ki, niyə bu serialların, əksəriyyətinin qəhrəmanları yuxarı təbəqədi, varlılardı? Axı, biz onları sizin göstərdiyiniz kimi tanımırıq. (Ümumiyyətlə, bizdə rəsmən “varlılar” təbəqəsi yoxdu).

Üstəlik çəkdiklərinizdən görünür ki, elə siz də onları yaxşı tanımırsınız. Sizin kameralarınızın obyektivindəki varlıların üz-gözündən, oturuşundan-duruşundan kasıblıq yağır, fağırlıq yağır. Sizin çəkdiklərinizə baxanda belə təəssürat yaranır ki, bircə serial adı bilirsiz: “Varlılar da ağlayır”. Ya da elə fikirləşirsiniz ki, Azərbaycan tamaşaçısı ondan başqa heç bir seriala baxmayıb.

Qanmadığım bir də odu ki, niyə əhvalat axtaranda, süjet axtaranda özünüzü dağa –daşa salırsınız? Niyə baş sındırıb gülünc əhvalatlar uydurursunuz? İlyas Əfəndiyevin “Büllur sarayda”, “Atayevlər ailəsi”, “Unuda bilmirəm” pyeslərini birləşdirsəniz, “Santa-Barbara”dan min dəfə maraqlı alınar. Salam Qədirzadənin əsərlərində uşaq oğurluğu da var, şantaj da, sevgi də var, xəyanət də, hətta varlı və kasıblar da. Mirzə İbrahimovun romanları “Möhtəşəm yüz illik”dən qat-qat möhtəşəmdi. Hazır süjet, hazır personajlar, hazır dialoqlar. Ən əsası isə biz onları tanıyırıq, sevirik. Sizdən sadəcə canlandıracaqsınız.

“Santa-Barbara”nı Azərbaycan mühitinə adaptə eləmək nəyinizə, nəyimizə lazımdı, axı?! Sonra da “eşitmişəm, bacım Samirə ilə münasibətlərin var”, ya da “ana, sən qardaşımın otağında yat, Avropada belə şeylərə pis baxmırlar” kimi absurd dialoqları səsləndirməyə məcbur olursunuz.

Bu suallarıma cavab axtaranda ağlıma bircə şey gəlir: ya sizin Azərbaycan ədəbiyyatından xəbəriniz yoxdu, sadaladığım müəlliflərin heç birini tanımırsınız, ya da nəsə başqa hiyləniz var...

P.S.

Şərif Ağayarın “Həqiqətə eşşək münasibət” adlı bir yazısı var. Bapbalaca bir köşədə Azərbaycan audio-viuzal sənətinin son iyirmi ildəki vəziyyətinə çox dəqiq diaqnoz qoyub. Dərsliklərə salınası köşədi.

aznews.az
XS
SM
MD
LG