Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:50

Elşad Abdullayev yazıçının «ölüm müəmması»nı yenidən gündəmə gətirdi


Rafiq Tağı bıçaqlanandan sonra reanimasiyada, 20 noyabr 2011
Rafiq Tağı bıçaqlanandan sonra reanimasiyada, 20 noyabr 2011
-
Son günlər mərhum yazıçı Rafiq Tağının adı Azərbaycan mediasında təkrar gündəmə gəlib. Diqqətə yetirilən yazılarda onun ölümünün «sifarişli qətl» olması ehtimalı yenə vurğulanıb.

Elşad Abdullayevin mətbuata təqdim etdiyi məktubunda başqaları ilə yanaşı, Rafiq Tağının da ölümü ilə bağlı qeydlər yer alıb. Məktubda sifarişçinin Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev olmasına birbaşa işarə var:

«Ramiz Mehdiyevin törətdiyi bütün cinayətlər «dövlət sirri» hesab edilir. Akademik Ziya Bünyadov, akademik Fərəməz Maqsudov, jurnalist Elmar Hüseynov, Rafiq Tağı və başqalarının qətlləri bu qəbildən olan «istintaq sirləridir»».

Yazıçının həyat yoldaşı Mailə Tağının «Media forum» saytına açıqlamasında da ölüm olayında dövlətin əli olması iddia edilir. Bu ehtimala onun əvvəlki açıqlamalarında da eyham vurulub:

«Hamısı bir ağızdan deyir, qatil iz buraxmayıb. Necə olur, gündə bir qatili tuturlar, mənim yoldaşımı öldürən adam isə hələ də azadlıqda gəzir. Müstəntiq maraqlanmır, deyirlər işi bağlamaq istəyirlər. Mənim dövlətim kömək eləməsə, xarici ölkələrdən yardım istəyəcəyəm».
«RAFİQ TAĞI XƏSTƏXANADA QƏTLƏ YETİRİLİB»

Hüquq müdafiəçisi Eynulla Fətullayev başqa bir versiyanı gündəmə gətirib. Onun fikrincə, Rafiq Tağı məhz xəstəxanada qətlə yetirilib:

«Rafiq Tağının yaralanandan sonra xəstəxanada öldürülməsi sübut edir ki, bu məsələni yüksək və nüfuzlu qüvvələr himayə edir».

Rafiq Tağının ölümündə Ramiz Mehdiyevin adı hallandırılırsa, o, məsuliyyətə cəlb edilə bilərmi? Hüquqşünas Xalid Bağırov hesab edir ki,
Xalid Bağırov
Xalid Bağırov
bənzər məlumatlarda adı sifarişçi kimi keçən şəxsləri yalnız şahid qismində istintaqa çəkmək olar:

«KİV-də gedən məlumat, şifahi müraciət və ya yazılı ərizə cinayətin araşdırılması ilə bağlıdırsa, işə əlavə olunmalıdır. İstintaqın yekunlaşması üçün cinayət törətmiş şəxsi müəyyənləşdirmək və cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Sifarişlə törədilən cinayət işlərində icraçını müəyyən edib işə cəlb etməyincə, sifarişçini müəyyənləşdirmək mümkün deyil. Bu fərziyyə doğru da ola bilər, yanlış da – adı sifarişçi kimi keçən şəxsi çağırıb izahatını alacaqlar, o da deyəcək mən eləməmişəm, qurtarıb gedəcək».

Ötən ilin dekabrında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mediaya açıqlamasında Elşad Abdullayevin onunla bağlı yaydığı məlumatları cəfəng, böhtan, uydurma bəyanatlar adlandırıb.

«BU ÖLÜMƏ GÖRƏ XƏCALƏT ÇƏKƏCƏKLƏR»

2011-ci ilin noyabrında naməlum şəxslər tərəfindən bıçaqlandıqdan sonra xəstəxanada vəfat edən yazıçı-publisist Rafiq Tağının qətli daha kimlərin və ya hansı qüvvələrin marağında ola bilərdi?

Seymur Baycan
Seymur Baycan
Qətldən bir müddət sonra bir qrup ziyalı bəyanat verərək bu ölümdə islami qüvvələri günahlandırmışdılar. Həmin bəyanata imza atan yazıçı Seymur Baycan da deyir ki, Rafiq Tağının ölümünə səbəb yazılarında İranı və dini cəhaləti tənqid etməsi ola bilərdi:

«Öldürülməzdən öncə İran haqqında çox sərt yazı yazmışdı. Bundan sonra İran ayətullahları onun haqqında ölüm fitvası çıxarmışdılar. Ona görə də, Rafiq Tağı öldürüləndə ilk ağla gələn dini camiə və İran oldu. Ola bilsin ki, bizim cəmiyyət hələ başa düşmür bu hadisəni. Azərbaycanda o cür insan çox azdır. Bilsəm ki, birini öldürsələr, yerində digərləri var – yenə təskinlik tapmaq olar. Yoxdur, axı… Azərbaycanda nə vaxtsa sivil, demokratik dövlət qurulacaqsa, həmin ölkənin vətəndaşları bu ölümə görə xəcalət çəkəcəklər».

«SİFARİŞLİ ÖLÜM»

«Ramiz Mehdiyev»... «Dövlət»... «Nüfuzlu qüvvələr»... Bunlar daha çox indi səslənən sözlərdir. Olayın ilk günlərində konkret ünvanlardan çox, «sifarişli ölüm» fikri səslənirdi. İctimai təhqiqat qrupunun təşəbbüskarı olmuş Mehman Əliyev indi də elə
Mehman Əliyev
Mehman Əliyev
düşünür:

«Bizim təhqiqat onu sübut etdi ki, dövlət orqanları lazımi addım atmayıb. Xəstəxanada açıq görünürdü ki, tədbir görmək istəmirlər. Rafiq Tağının xəstəxanada ölməsi cinayət idi. İstintaqı İslam izi ilə aparıb məsələni azdırmaq niyyəti güdürdülər. İndi «Gülərqeyt» qalmaqalına baxanda görürük ki, kimisə zəhərləyib aradan götürür, kimisə başqa üsulla öldürürlər. Elmar Hüseynovun qətli də həmçinin. Bütün bunlar siyasi qətllərdir. Bu cür qətllərin açılması üçün hakimiyyət dəyişməlidir».

Rafiq Tağını 2011-ci il noyabrın 19-da naməlum şəxs bıçaqlayıb və 4 gün sonra o, xəstəxanada keçinmişdi.

O, yazılarında İranı və dini cəhaləti, Azərbaycan hakimiyyətini tənqid edirdi.

Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi bu ilin əvvəlində bildirmişdi ki, Rafiq Tağıyevi müalicə edən tibb işçilərinin məsuliyyətsizliyini təsdiqləyən faktlar aşkarlanmayıb:

«Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərib ki, ölümün səbəbi zərərçəkənin bədəninə bıçaqla yetirilən xəsarətlər olmuşdur».
XS
SM
MD
LG