Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:29

«Molla Nəsrəddin» Cəlilabadda- [Video]


«Molla Nəsrəddin» Cəlilabadda...
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

«Molla Nəsrəddin» Cəlilabadda...

-

Türkiyə və Azərbaycanda təhsil alan bir qrup Cəlilabad rayon sakini «Molla Nəsrəddin» adlı kitabxana yaradıb. Cəlilabad şəhərinin küçə divarlarına bununla bağlı vurulmuş elanda «Molla Nəsrəddin» jurnalının birinci nömrəsində gedən müraciətin – «Sizi deyib gəlmişəm...» sərlövhəsi verilib.

Elanda qeyd edilir ki, «4 dildə - İngilis, Rus, Türk və Azərbaycan dilində kitablarımızla tanış olacaqsınız».Orada kitabxananın ünvanı da göstərilir: Cəlilabad şəhəri, Nərimanov küçəsi, kollecin 1-ci mərtəbəsi.

Ünvanı axtarıb tapdıq. Bina köhnə tikilidir. Kollec ordan köçüb. Binanın birinci mərtəbəsində mədəniyyət klubu yerləşir. Darısqal, döşəməsi yararsız halda olan dəhlizin sonunda «Molla Nəsrəddin» kitabxanası yerləşir. Otaq kiçikdir. Hiss olunur ki, illərlə təmir olunmayıb. Kitabxananın təşəbbüskarlarından biri olan Kənan Əsgərovla burda tanış oluruq. Məlum olur ki, o, Türkiyədə ali təhsil alır:

«TƏŞƏBBÜS GƏNCLƏRDƏN GƏLDİ»

Kənan Əsgərov
Kənan Əsgərov
«Təşəbbüs gənclərdən gəldi. Heç bir qurumun dəstəyi olmadan açılıb kitabxanamız. Məqsədimiz Cəlilabad gənclərini, o cümlədən, ziyalılarını dünya ədəbiyyatı ilə tanış etməkdir. Əslində kitabxana açmaq niyyətimiz çoxdan var idi. Qismət bu vaxta imiş. Kitabxana açmaqda bizə kömək edən şəxslərə də təşəkkür etmək lazımdır».

Kənan Əsgərov deyir ki, hər bir inkişaf cəmiyyətin maarifləndirilməsindən keçir. Vaxtı ilə Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin» jurnalı ilə Azərbaycanda maarifçiliyin önündə gedib. Kənan deyir ki, indi həmin yolu davam etmək istəyirlər, üstəlik Azərbaycanda dünya ədəbiyyatının nümunələrini təbliğ etmək vacibdir:

«Gənclər gəlib-gedirlər. Çox müsbət qarşılayırlar. Hətta bizə kitabla da dəstək verirlər. Elə gənclərimiz var ki, öz şəxsi kitabxanasının kitablarını hədiyyə verirlər. Onlara təşəkkürümüzü bildiririk. Cəlilabadın ziyalı, yaşlı təbəqəsindən gəlib-gedənlərimiz var. Bizə mənəvi dəstək verirlər».

Kənan Əsgərov deyir ki, Türkiyədə təhsil alan tələbələr əldə etdikləri bədii kitabları bu kitabxanaya verirlər:

«TÜRKİYƏDƏN MİNDƏN ARTIQ KİTAB GƏLMƏLİDİR»

«Kitabxanada 200 kitab var. İkinci hissəsi də gələcək, 300-dən artıq kitab gəlməlidir. Bir az formalaşandan sonra mindən artıq kitab gələcək, Türkiyə cümhuriyyətindən. Onda daha da müasirləşəcək. Kitablarımız əsasən bədii ədəbiyyatdır».

Atatürk Universitetinin tələbəsi Ruslan İbrahimov da bu təşəbbüsün müəlliflərindən biridir. O hesab edir ki, kitabın oxunması üçün təbliğat aparılmalıdır. Əks halda heç bir nəticəyə nail olmaq mümkün deyil.

«BU BÖLGƏDƏ İLK MÜSTƏQİL KİTABXANADIR»

Ruslan İbrahimov
Ruslan İbrahimov
«Məqsədimiz Cəlilabadda və Azərbaycanda kitab oxumağı həvəsləndirməkdi. Bildiyimiz kimi, Azərbaycan xalqının kitab oxumağa böyük ehtiyacı var. Cəlilabadda buna daha çox ehtiyac var. Məqsədimiz də heç biri dini, siyasi təbliğat aparmadan sadəcə insanları dünya və Azərbaycan ədəbiyyatları ilə tanış etməkdir. İnsanları təhsilə cəlb etmək istəyirik. Bu bölgədə ilk müstəqil kitabxanadır».

Ruslan İbrahimovun sözlərinə görə, bu təşəbbüsləri ilə əlaqədar müsbət və mənfi rəylər vardır. Dediyinə görə, müsbət rəy daha çoxdur. Bunun nəticəsidir ki, oxucuların sayı da artır.

Xəzər Universitetin tələbəsi Orxan Əlizadə də bu məsələyə mütərəqqi hadisə kimi yanaşır.


«ŞÜURDA İNQİLAB ETMƏK FİKRİNDƏYİK»

​«Məktəbli uşaq, 11-ci sinif uşağı gedib çayxanada domino oynayınca, gəlsin kitabxanada kitab oxusun. Təlimlər keçirtmək fikrindəyik. Məktəblərdən uşaqlar gələcək. Onları cəlb edəcəyik. Cəmiyyəti dəyişmək üçün birinci növbədə onların düşüncəsindən başlamaq lazımdır. Şüurda inqilab eləmək fikrindəyik».
XS
SM
MD
LG