Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:26

Taksi sürücüsü: «NAZ Lifan» naz edir


Naxçıvan avtomobil zavodu
Naxçıvan avtomobil zavodu
-
«Bizdə «Lifan» avtomobilinə «kitayski» maşın deyirlər. Çox keyfiyyətsiz maşındır. Bu maşınla kənd yollarına girmək faciədir».

Bu sözləri dilə gətirən Sabir Əhmədov Naxçıvan sakinidir. O, şəxsi avtomobilini taksi kimi işlədərək dolanışığını çıxarır.

Avtomobilini iki il öncə alıb – Naxçıvanda buraxılan, daha doğrusu, yığılan «NAZ Lifan»dan söhbət gedir. Burada başqa maşınlarda taksi xidməti göstərmək 2011-ci ildən yasaqlanıb.

Sabir Əhmədovun «NAZ Lifan»dan narazılığını nə NAZ, yəni Naxçıvan Avtomobil Zavodu, nə də rəsmilər bölüşür.

Muxtar Respublika Ali Məclisinin rəsmi orqanı olan «Şərq Qapısı» qəzeti yazır ki, həmin avtomobilin müxtəlif modellərinin yığılmasına başlanıb.

Qəzetin yazdığına görə, artıq «NAZ Lifan» markalı 6 nəfərlik mikroavtobusun «LF 640», 800 kiloqram yük götürən furqonlu avtomobilin «LF 5028» və 800 kiloqram yük götürən bortlu yük avtomobilinin «LF 1022» modelləri satışa çıxarılıb.

Qəzet bildirir ki, 3 il müddətində 1582 ədəd yüksək keyfiyyətli «NAZ Lifan» markalı minik avtomobili istehsal olunub və bunlardan 1362 ədədi satılıb. Hazırda Naxçıvandan başqa Bakı, Sumqayıt və Neftçala şəhərlərində də «NAZ Lifan»larda taksi xidməti göstərilir.

«BİLMİRİK KREDİTİ ÖDƏYƏK, YOXSA AİLƏNİ DOLANDIRAQ»

Sabir Əhmədov öz «Lifan»ını tez-tez təmirə apardığını söyləyir və deyir ki, bu avtomobilin xərci borcunu ödəmir:

«Gül kimi maşınım vardı, taksi sürürdüm. Yaxşı da qazanırdım. «Lifan»ların istehsalı başlayanda, baxdılar sata bilmirlər, belə qayda çıxardılar ki, bütün taksilər həmin maşınlardan olmalıdır. Borc-xərc elədik, kreditlə götürdük. Qiyməti 15-20 min manatdır. Təsəllimiz bu idi ki, təzə maşındır, rahatca yararlanarıq. Bir ay sonra məlum oldu ki, həmin avtomobillər keyfiyyətsizdir və iki gündənbir xarab olur. Qazancımız da onun təmirinə gedir. Əsas müştərilər kənd sakinləridir. Maşın zəif olduğundan imtina edirik kəndlərə getməkdən. Belədə pul qazanmaq da olmur. Bilmirik krediti ödəyək, yoxsa ailəni dolandıraq».

«EŞİTDİYİMİZƏ GÖRƏ, ÇİNƏ GÖNDƏRİBLƏR…»

2011-ci ilin mayında bir qrup sakin Naxçıvanda «Moskviç» markalı avtomobillərin istismarına qadağa qoyulduğu haqda AzadlıqRadiosuna məlumat vermişdi. Sakinlərin bildirdiyinə görə, həmin avtomobillər əhalidən yığılaraq «metallolom»a göndərilirmiş.

«Moskviç»
«Moskviç»
Bəzi sakinlər iddia edirlər ki, «Moskviç»ləri toplamaqda məqsəd «Lifan» avtomobillərinə ehtiyat hissələr hazırlamaq olub. O sakinlər deyirlər ki, toplanan avtomobillər xammal şəklində Çinə, NAZ-ın əməkdaşlıq etdiyi «Lifan» Avtomobil Korporasiyasına göndərilir. Sonra həmin xammaldan «NAZ Lifan»lar üçün ehtiyat hissə hazırlanaraq geri qaytarılır.

Naxçıvan sakini Cəfər Həsənovun dediyinə görə, 2011-ci ildə 4 ədəd «Moskviç» markalı avtomobili qardaşının əlindən zorla alıblar:

«Xeyli yığdılar. 4-ü bizdə idi, «metallolom» adı ilə götürüb apardılar. Eşitdik ki, Çinə göndərirlər, orda da «Lifan»lar üçün ehtiyat hissə hazırlayıb Naxçıvana qaytarırlar. Əlbəttə, ola bilər. Axı zavod özlərinindir».

Naxçıvan Avtomobil Zavodu ilə əlaqə saxladıq. Kimliyini açıqlamayan zavod əməkdaşı köhnə «Moskviç»lərin «NAZ Lifan» avtomobillərinə ehtiyat hissə hazırlanması məqsədi ilə yığıldığı haqda səslənən ittihamları rədd edib, əlavə açıqlama vermək istəmədi.

NAZ 2010-cu ildən fəaliyyət göstərir. Zavodda istehsal olunan avtomobillərin əsas ehtiyat hissələri Çindən gətirilir. Bəzi hissələri yerli mütəxəssislər hazırlayır.
XS
SM
MD
LG