Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:28

«Bələdiyyələr investorlar axtarıb tapmalıdır»


M.Səlimzadənin müsahibəsi Yeni Azərbaycan partiyasının websaytında
M.Səlimzadənin müsahibəsi Yeni Azərbaycan partiyasının websaytında
-

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə yap.org.az-a müsahibə verib. Bələdiyyələrin fəaliyyətindəki nöqsanlardan, onların üzləşdikləri problemlərdən danışıb. Müsahibəni qısa ixtisarla təqdim edirik:

- Mehdi müəllim, yarandığı vaxtdan bugünədək Azərbaycanda yerli özünüidarəetmə orqanlarının fəaliyyətini ümumi şəkildə necə xarakterizə etmək mümkündür?

- 12 ildən artıq bir dövrdür ki, respublikamızda bələdiyyələr fəaliyyət göstərir. Məlumdur ki, bu təsisat ilk milli Konstitusiyamız əsasında yaranıb. Bələdiyyələrin yaradılması prosesi isə bu sahədə qanunvericiliyin formalaşması ilə başladı. Bələdiyyələrin fəaliyyətini əgər onilliklər mərhələsi kimi xarakterizə etsək, artıq birinci mərhələnin başa çatdığını və ikinci mərhələnin başlandığını deyə bilərik. Bu dövr ərzində ilk dəfə olaraq bələdiyyələr təşkilati-struktur nöqteyi nəzərindən demək olar ki, formalaşıblar. İkincisi, bələdiyyələr yerli özünüidarə sahəsində bir idarəçilik təcrübəsi əldə ediblər. Yəni, bu sahə üzrə əvvəllər bizdə təcrübə yox idi. İlk illərdə işin təşkilində, təşkilatın formalaşmasında ortaya çıxan problemlərdən biri ondan ibarət idi ki, bizim yerli özünüidarəetmə sahəsində təcrübəmiz yox idi. Amma bu o demək deyil ki, Azərbaycanda yerli özünüidarəetmə ənənəsi olmayıb.

Tarixə nəzər salsaq, görərik ki, sovet dövrünə qədər Azərbaycanda bu sistem mövcud olub. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərindən götürsək, Rusiyada bolşevik inqilabına qədər Azərbaycanda bir nümunəni gətirmək istəyirəm ki, 1905-11-ci illərdə Bakı meriyası yaradılıb. 1905-ci ildən 1907-ci ilə qədər olan dövrdə Bakı meriyasında bələdiyyələrin üzvlüyündə ədalətsizliyə yol verilib. Çünki azərbaycanlıların sayı çox az olub, digər millətlərin nümayəndələri isə çoxluq təşkil edib. Buna etiraz edən azərbaycanlı ziyalılar növbəti mərhələdə -1907-ci ildən 1917-ci il inqilabına qədərki dövrdə Bakı meriyasında təmsilçiliyin artırılmasına nail olublar. Bu dövrdə üzvlərinin 57 faizi azərbaycanlı olmaqla Bakı bələdiyyəsi fəaliyyət göstərib. Hətta seçki dövründə çalışıblar ki, bələdiyyədə peşəkarlar təmsil olunsun. Həmin dövrdə azərbaycanlı iş adamı, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev də meriyanın üzvü olub. O zaman, bələdiyyənin maliyyə mənbələri, vergi rüsumları, mülkiyyəti və s. olub. Bu tarixi fakt sübut edir ki, dövlətçilik tariximizdə yerli özünüidarəetmə təsisatı olub. Yəni, bu sahədə təcrübə var, milli ənənəmiz tarixən mövcuddur. Amma indiki sistem üzrə təcrübə olmayıb. Sovet sistemi isə əvvəlki təcrübəni bizə unutdurub. Ona görə də, həmin təcrübədən lazımi səviyyədə bəhrələnə bilmirik.

Bələdiyyələrin yaradıldığı ilk vaxtlarda müəyyən çətinliklər oldu. Bunu inkar etmək olmaz. Çünki biz bu sahədə təcrübəsiz idik. Dövlət bu təsisatın formalaşmasında məsuliyyət daşıyırdı və bu yöndə əhəmiyyətli addımlar atıldı. Əks-mərkəzləşmənin mahiyyəti odur ki, ölkədə səmərəli yerli özünüidarə sistemi formalaşmalıdır. Yaradılan bu sistem ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramına şərait yaratmalıdır. Bu sistemin bir məqsədi də dövlətin yerdə dayanıqlığını və yerli demokratiyanın inkişafını təmin etməkdir.

Eyni zamanda, hüquqi tənzimləmə məsələsi ortaya çıxırdı. Bu baxımdan, Ədliyyə Nazirliyinin nəzdində Bələdiyyələrlə İş Mərkəzinin yaradılması əhəmiyyətli oldu. Çünki, Ədliyyə Nazirliyi ölkədə hüquqi tənzimləməni həyata keçirən dövlət orqanıdır. Ümumilikdə isə, ötən dövrdə bələdiyyələr təşkilati-struktur olaraq formalaşdılar və idarəetmə təcrübəsi əldə etdilər.

- Bəs bu dövrdə əldə edilən nəticələri necə qiymətləndirmək olar?

- Yeni yaradılan bu sistemin formalaşması özünütəsdiqin bir formasıdır. Nəzəri baxımdan ola bilərdi ki, bələdiyyələrin formalaşma prosesi getməsin, onlar iflasa uğrasınlar. Amma Azərbaycanda bələdiyyələr özlərini təsdiq ediblər və onlar işləyirlər. Bu gün bələdiyyələrin dövlət orqanları ilə qarşılıqlı münasibətlərinin tənzimlənməsində də müəyyən irəliləyişlər var. Eyni zamanda, vətəndaşlarla münasibətlərin qurulması da əhəmiyyətlidir. Çünki bələdiyyələr vətəndaşlara xidmət edən yerli idarəetmə orqanıdır, vətəndaşlar qarşısında məsuliyyət daşıyırlar. Bu mənada müəyyən işlər görülüb, təcrübə əldə olunub.

Keçən dövr ərzində bələdiyyələr ölkəmizin sosial-iqtisadi inkişaf proqramlarında da fəal iştirak ediblər. Ölkəmizdə abadlıq-quruculuq işləri genişlənir və bu işlərdə bələdiyyələrin iştirakını da qeyd etməliyik. Bütövlükdə deyə bilərik ki, özünüidarə orqanı kimi bələdiyyələr özlərini təsdiq ediblər, müəyyən işlər görüblər. Buna baxmayaraq, əks-mərkəzləşmənin məqsədi odur ki, bələdiyyələrdə səmərəli strukturlaşma olmalıdır, amma bu səmərəlilikdən hələ dolğun şəkildə danışmaq mümkün deyil. Təəssüf ki, keçən dövr ərzində səmərəli yerli özünüidarəetmə sistemi haqqında danışmaq çətindir. Bunun səbəbləri var.

- Bu səbəblər nədən ibarətdir?

- Birincisi, dövlət orqanları ilə bələdiyyələrin arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində müəyyən problemlər var. Bu problemlər imkan vermir ki, bələdiyyələr səmərəli fəaliyyət göstərsin. Problemlər özünü nədə göstərir? İlk növbədə, təşkilati-struktur işlərində, maliyyə-iqtisadi məsələlərində problemlər var. Bu sahədə mövcud olan problemləri aradan qaldıra bilsək, onda bələdiyyələrin işində böyük dönüş yarana bilər. Hazırda bununla əlaqədar müvafiq tədbirlər görülür. Təşkilati-hüquqi məsələnin tənzimlənməsində mövcud olan problemlərin aradan qaldırılmasında ən vacib məsələ qanunvericiliyin mütəmadi olaraq təkmilləşdirilməsi prosesidir. Hamıya məlumdur ki, ölkədə qanunvericiliyin təkmilləşdirilməsi prosesi gedir. O cümlədən, bələdiyyələr haqqında qanunlar da bu prosesdən kənarda qalmır. Hüquqi təminat məsələsi də olsa, qeyd etdiyim problemlər aradan qalxmış olar.

Bələdiyyələrin işinə maneçilik törədən amillər aradan qaldırılmaqdadır. Maliyyə-iqtisadi məsələsi də mütləq həllini tapmalıdır. Çünki bələdiyyələrin səlahiyyətləri çərçivəsində öz işlərini görmək üçün maliyyə imkanları uyğun gəlmir. 2012-ci ilin yekununa görə, bələdiyyələrin 35 milyon manat gəliri olub. Əgər biz bunu 1718 bələdiyyə arasında bölmüş olsaq, hər ay bir bələdiyyəyə təxminən 1500 manat pul düşür. Müəyyən əraziləri əhatə edən bələdiyyələrə səlahiyyətləri ilə müqayisədə 1500 manat imkan verirmi ki, bu işləri həyata keçirsin? Əlbəttə ki, yox. Bələdiyyələrin özləri alternativ, yeni maliyyə mənbələri axtarmalıdırlar ki, maliyyə imkanlarını artıra bilsinlər. Bələdiyyə sədri hesab edir ki, dövlət vəsait ayıracaq və o da həmin vəsaiti xərcləyib işlərini görəcək. Amma belə olmamalıdır. Bələdiyyə özünün gəlir mənbələrindən əlavə yeni axtarışlarda olmalıdır. Eyni zamanda, problemlərdən biri də budur ki, bələdiyyə vəsaitlərinin düzgün xərclənməməsi halları var. Həmin vəsaitlər yeni iş yerlərinin açılmasına və s. xərclənməli idi. Amma yerli özünüidarə orqanları bunu etmədilər.

Bu gün bələdiyyələr yeni layihələr işləyib hazırlamalı, həmin layihələrin icrasına dəstək vermək üçün dövlətə müraciət etməlidirlər. Azərbaycan bu gün investisiya yatıran dövlətə çevrilib. Ölkəmiz həm daxilə, həm də xaricə investisiya yatırır. Bələdiyyələr də ölkəmizdə investorlar axtarıb tapmalı, onların imkanlarından istifadə etməlidirlər. Lakin bu təşəbbüslər hələ ki, yoxdur. Bunun üçün QHT-lər, assosiasiyalar layihələr hazırlayıb, bələdiyyələrə kömək etməlidirlər.

- Mehdi müəllim, Azərbaycan bələdiyyələrinin beynəlxalq əməkdaşlığı hansı səviyyədədir? Beynəlxalq təcrübənin öyrənilməsi baxımından, bu əməkdaşlığın əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan Avropa Şurasına üzv olan dövlətdir. AŞ-nın nəzdində Yerli və Regional Hakimiyyətlər Konqresi fəaliyyət göstərir. Bu qurum üzv dövlətlərin bələdiyyələrinin inkişafı ilə bağlı həm təcrübə mübadiləsinin aparılması, həm maarifləndirici tədbirlərin görülməsi, tövsiyələrin verilməsi, müəyyən qanun layihələri hazırlanarkən ona rəylərin verilməsi və s. məşğul olur. Eyni zamanda, beynəlxalq təcrübənin öyrənilməsinə də dəstək verirlər. Bələdiyyələrimizin nümayəndələri mütəmadi olaraq AŞ dövlətlərinin təşkil etdikləri beynəlxalq konfranslarda, seminarlarda iştirak edirlər. Əlbəttə, bu tədbirlərdə bələdiyyələrlə bağlı mövzular müzakirə olunur. Eyni zamanda, hər dövlətdən gələn nümayəndələr öz dövlətlərinin bələdiyyə işlərinin təqdimatını aparırlar. Yəni təcrübə mübadiləsi AŞ-nın xətti ilə həyata keçirilir...

2013-cü ilin iş planında da bu tədbirləri davam etdirmək nəzərdə tutulur. Belə tədbirlərin bütün türkdilli dövlətlərdə, o cümlədən Şimali Kiprdə də keçirilməsi nəzərdə tutulub. Yəni beynəlxalq sahədə əməkdaşlıq davam etdirilir və müsbət nəticələr verir.

- Bələdiyyələrə inzibati nəzarət hansı formada həyata keçirilir?

- İşin səmərəli təşkil olunması üçün bələdiyyələrin fəaliyyətinə nəzarət dövlət tərəfindən həyata keçirilir. Bu, beynəlxalq təcrübədə də mövcuddur. Həm Konstitusiyamızda, həm Avropa Xartiyasında, eləcə də bələdiyyələrin statusu haqqında qanunda bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi nəzərdə tutulur. 2003-cü ildə isə bələdiyyələrə inzibati nəzarət haqqında qanun qəbul olunub və 2004-cü ildən bu qanun tətbiq olunur. Bu qanunun icrası Ədliyyə Nazirliyinə, o cümlədən Bələdiyyələrlə İş Mərkəzinə həvalə olunub. Əlbəttə ki, yerli özünüidarə orqanlarına inzibati nəzarət əhəmiyyətlidir.

Bələdiyyələr qəbul etdiyi qərarları 15 gün müddətində Mərkəzə təqdim edirlər. Əvvəlki illərdə bələdiyyə sədrləri bu işə bir qədər ciddi yanaşmırdılar. Müvafiq sənədləri bizə göndərməyən 800-ə qədər bələdiyyə sədrini inzibati məsuliyyətə cəlb etmişik. Amma ildən-ilə bu göstərici aşağı düşür. Keçən il 52 mindən çox bələdiyyə aktı Mərkəzə təqdim olunmuşdu. Bu, çox böyük göstəricidir və ildən-ilə artır. Bunların içərisində biz 1500-dək bələdiyyə aktının qanunvericiliyə uyğun olmadığını müəyyən etdik. Yəni 52 min aktdan 1500-ü qanunauyğun deyildi. İnzibati nəzarətin tətbiqinin müsbət nəticəsidir ki, bələdiyyələr öz işlərini təkmilləşdirirlər, nöqsanları aradan qaldırırlar. Nöqsanlar da getdikcə azalır.

Bununla yanaşı bələdiyyələrin fəaliyyətinə maneçilik törədən məqamlar var ki, bu da özlərinin yol verdiyi qanunsuzluqlardır. Bu qanunsuzluqların aradan qaldırılması üçün müvafiq işlər görülür. Müxtəlif mənbələrdən bizə daxil olan müraciətlərdə, həm aktlara baxılarkən qanunsuzluğa rast gəlirik. Araşdırmalar nəticəsində ciddi qanunsuzluqlar aşkar olunduqda mütləq onun hüquqi qiymətləndirilməsi məsələsi gündəmə gəlir. Belə materialları Respublika Prokurorluğuna göndəririk. Ötən il biz 28 fakt üzrə prokurorluğa müraciət etdik. Ümumilikdə isə, bələdiyyələrə inzibati nəzarət yaxşı nəticələr verir.

- Mehdi müəllim, siz həmçinin, YAP-ın yaranması prosesində iştirak etmisiniz. İndi isə xidməti vəzifənizlə əlaqədar partiyada təmsil olunmursunuz. Bu gün kənardan müşahidə zamanı YAP-ın ictimai-siyasi proseslərdəki iştirakı, inkişaf dinamikası sizdə hansı təəssüratlar yaradır?

- Hazırkı işimlə əlaqədar, siyasi fəaliyyətdən kənarlaşmışam. Amma əvvəllər YAP-da təmsil olunmuşam. YAP-ın Səbail rayon təşkilatının yaradılmasında iştirak etmişəm. Dövlətimizin qüdrətlənməsində, əmin-amanlığın yaranmasında, ölkəmizin beynəlxalq nüfuzunun artmasında, ictimai-siyasi fəallığın təmin olunmasında YAP-ın xidmətləri böyükdür. YAP müstəqil dövlətimizin qurulmasında öndə gedən partiya olub və bu sahədə xidmətləri əvəzsizdir. Sevinirəm ki, bu gün YAP inkişaf edir, beynəlxalq əlaqələri genişlənir.

Uğurlarla yanaşı bu gün partiyanın qarşısına ciddi məsələlər də durur. Təşkilatlanma prosesi mütəmadi davam etməlidir. Xüsusilə, qarşıdan gələn prezident seçkilərində YAP-ın üzərinə böyük vəzifə düşür və inanıram ki. partiyamız bu vəzifəni layiqincə yerinə yetirəcəkdir.

Mən siyasi fəaliyyətlə məşğul oldum-olmadım, bizim də üzərimizə vəzifələr düşür. Birincisi, Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq və onun möhkəmləndirilməsində siyasi fəallığımızı artırmalıyıq. Bu, hər bir partiya üzvünün üzərinə düşən vəzifədir. Partiyanın ideoloji xəttini, dövlətimizin nailiyyətlərini təbliğ etməliyik. Çünki özünü müxalifət elan edənlər əslində müxalifətçiliklə yox, düşmənçiliklə, Azərbaycan dövlətçiliyinə qarşı mübarizə ilə məşğuldurlar. Onlar Azərbaycan dövlətçiliyinə qarşı çıxır, insanları çaşdırmağa çalışırlar. Belələrinə qarşı mübarizə aparmaq və insanlara reallığı izah etmək lazımdır. Dünyada hansı dövlətin prezidenti hər həftə ölkənin müxtəlif bölgələrinə səfərlərə çıxır? Yeganə dövlət başçısıdır ki, Prezident İlham Əliyev hər ay regionlara gedir, yeni obyektlər açır, təməllər qoyur. Ölkəmizin hər bir vətəndaşı təbliğat işində fəal olmalıdır. Bu fəallığın artırılmasında YAP-ın üzərinə vəzifələr düşür. Əlbəttə, partiya bu işləri həyata keçirir və bunu daha çox artırmaq üçün potensiala malikdir. Bu yolda YAP üzvlərinə uğurlar arzulayıram.
XS
SM
MD
LG