Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:08

Balayar Sadiq: "Kimisə inkar etmək ədəbsizlikdir"


Cavid Zeynallı və Balayar Sadiq
Cavid Zeynallı və Balayar Sadiq

"Mən öz cavanlığıma baxanda görürəm, bu mənim yanımda toya getməlidir".

-

Müsabiqəyə qatılmaq mənə ləzzət edir. Harda müsabiqə varsa, mən qatılıram.

Tərəfkeşlik edirlər, heç bilmirsən, hansı dinə qulluq edirlər

Aytən Nəsibbəylinin, Sara Selcanın, Xatirə Nurgülün şeirləri daha çox xoşuma gəldi.



"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin onluğuna keçmiş yazarlarla müsahibələrimiz davam edir. İki şeiri ilə qısa siyahıya keçmiş Balayar Sadiqlə Cavid Zeynallı söhbətləşib.


"AYB-nin mətbu orqanları saytlardan demokratikdir"


- İndiyəcən bir neçə müsabiqəyə qatılmışam. “Kaspi” qəzetinin Mübariz İbrahimovla bağlı elan etdiyi müsabiqədə həvəsləndirici mükafat qazanmışam. Sərhəd Qoşunları vətənpərvərlik mövzusunda bir müsabiqə elan etmişdi, orda da mükafatlardan birinə layiq görüldüm. Mənim aləmimdə müsabiqələrə qoşulmağın bir fəlsəfəsi var: müsabiqələr yaradıcı insanı diri saxlayır, passivləşməyə qoymur. Jurnallarda-qəzetlərdə çap olunanda adam bilmir ki, onun əsərini oxuyurlar, ya yox, amma müsabiqədə insan əmin olur ki, yazdıqları oxunur. Şərt o deyil, sən yer qazanacaqsan, ya yox. Azərbaycanda nə qədər ədəbi-bədii jurnal-qəzet var, hamısında çap olunmuşam. “Azərbaycan” “Ulduz” jurnallarında hər il çap olunuram. Saytlarda isə vəziyyət başqa cürdür, tərəfkeşlik edirlər, heç bilmirsən, hansı dinə qulluq edirlər. Sayt rəhbərləri kimi istəyir çap edir, kimdən xoşu gəlmir, kənarda saxlayır. Yazıçılar Birliyinin ədəbi orqanları daha demokratikdir. Soruşa bilərsiniz niyə? Yazıçılar Birliyinin orqanları şeiri gecikdirəndə, əsaslandırır ki, filan səbəbə görə. Saytlarda isə, vəziyyət başqa cürdür.


Şeirlə dolanmaq olurmu?
Balayar Sadiq
Balayar Sadiq


- Ədəbiyyatla dolanıram. Jurnallar mənə yaxşı qonorar yazırlar. Məsələn, “Azərbaycan” jurnalından 4-5 səhifəlik şeirlərimə görə 100 manat qonorar alıram. Axır vaxtlar hiss edirəm, jurnallarda çıxan yazılar oxunmur. İndi saytlarda çıxan yazılar daha çox müzakirə olunur.

Əksər gənclərin yazdıqları ilə tanışam. Müsabiqənin qısa siyahısına düşənləri diqqətlə oxumuşam və münasibətim çox yaxşıdır. Mən ədəbiyyatda konsepsiyası olan adamam. Əsərin ideyası olmalıdır, yazmaq istədiyin mövzunu tədqiq etməlisən. Şeir, poeziya obrazlı danışıqdır. Və gənclər bir şeyi bilməlidir: ədəbiyyat elmdir. Müsabiqəyə təqdim etdiyim “Bomj” və “Xurmanın göz yaşları” şeirlərində çoxlarının qışqıra-qışqıra, publisistik dillə dediklərini mən poetik formada yazmışam.

“Oğuznamə”də deyilir ki, inkar mübarəkdir. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatının tarixinə nəzər salanda görürük ki, bizdə həmişə qırğın olub – düşüncə qırğını. Bizə elə gəlib, bir-birimizi inkar etsək, daha böyük şair olacağıq. Qəti belə deyil! Ədəbiyyat əxlaqa xidmət etməlidir. Mənə elə gəlir, kimisə inkar etmək ədəbsizlikdir. Şəxsiyyəti yox, düşüncəni inkar etmək lazımdır. Azərbaycan poeziyasında qəbul etdiyim beş-altı şair var. Amma adlarını deyə bilmərəm. Eyni zamanda mənim zövqümə aid olmayan şairlərin də adını çəkə bilmərəm. Bizdə titulları olub, ədəbiyyata xidmət etməyən adamlar da var. Biz həqiqətdən, bədii həqiqətdən uzaq düşmüşük.


"Öz ədəbi mühitimdə olan şairləri mən də inkar etmişəm".
"Ədəbi Azadlıq" müsabiqəsinin büllur prizləri
"Ədəbi Azadlıq" müsabiqəsinin büllur prizləri


- “Ədəbi Azadlıq” müsabiqəsi məni internetə gətirdi. Ötən ilki müsabiqədə 3-cü yer qazandım və “e-book reader”dən oğlum da istifadə edir, mən özüm də. Düzdür, müsabiqədə “notebook” uda bilməsəm də, sonradan özümə kompüter aldım. Əsas o idi, mən məqsədimə çatdım – texnikaya inteqrasiya elədim.

Fərid Hüseyn müsahibəsində deyib, yaşı qırxı keçən şairlərin müsabiqəyə qatılması mənə gülünc görünür. Düz deyir, ona gülünc görünür. Cavandır, fikirlərinə normal yanaşıram. Mən öz cavanlığıma baxanda görürəm, bu mənim yanımda toya getməlidir. Soruşursunuz nə eləmişəm? Öz ədəbi mühitimdə olan şairləri mən də inkar etmişəm. Sonradan başa düşdüm, onlar bəzi məsələlərdə haqlı olublar. Fərid istedadlı oğlandır, amma o bilmir ki, ədəbiyyatda 40-50 yaş böyük yaş sayılmır. Ədəbiyyatda diri qalmaq üçün həmişə döyüşdə olmalısan. Bu, düşüncə döyüşüdür, çomaq götürüb döyüşmək deyil. 10-luq siyahıdakı şairlərin hamısı məndən cavandırlar. Özümü əsla qərib hiss eləmirəm. Elə bil, dədə oturub, balalar da onun yanındadır. (gülür)


“Dədə”nin gənclərdən “umacağı”


- Aytən Nəsibbəylinin, Sara Selcanın, Xatirə Nurgülün şeirləri daha çox xoşuma gəldi. Ümumiyyətlə, düşünürəm ki, həmin siyahıda pis şeir yoxdur və münsiflərin seçiminə inandım. Özümü yer tutmağa layiq bilirəm. Keçən müsabiqədə 3-cü yer tutdum, bu dəfə dədəyə hörmət edərlər də yəqin. (gülür) Ötən il mən birinci ola bilərdim, sadəcə təbliği bacarmadım. Mən münsif olsaydım Fərid Hüseynə yox, Sara Selcana yer verərdim. Onun şeirində məzmun yoxdur. Bu şeir sevgi ilə yox, təcrübə ilə yazılıb. Şeirdə İstanbula sevgi hiss etmədim. Bir iradımı da demək istəyirəm: Onluq siyahıdakı şeirlərdə nəsr elementi daha çoxdur. Cümlə kimi yazsaq, onlar esse olarlar. Yəni şeir normativini az ödəyirlər. Yevtuşenko deyir ki, Rusiyada şair çoxdur, şairlik azdır. Mən Rusiyanın yerinə Azərbaycanı yazardım. Hamıya uğurlar arzu edirəm. Gənclərin vaxtı çoxdur, onlar birinciliyi mənə verəcəklər. (gülür) Növbəti müsabiqələrə də qatılacam. Müsabiqəyə qatılmaq mənə ləzzət edir. Harda müsabiqə varsa, mən qatılıram.
XS
SM
MD
LG