Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:58

Abituriyent ixtisas və universitet seçirsə...


Foto: Arxiv
Foto: Arxiv
-
Hüquqşünas, müəllim, yoxsa mühəndis? 100 mindən çox abituriyenti indi ən çox maraqlandıran bir sual da budur – hansı ixtisası, hansı peşəni və ən nəhayət, hansı ali məktəbi seçsin.

«İlk ağlıma gələn hüquq idi. Hüquqa həmişə bir ayrı marağım olub. Kiminsə hüquq fakültəsində oxuduğunu eşidəndə paxıllığım tuturdu. Bütövlükdə humanist insanam, hüquqsuzluğa dözümüm yoxdur. Yəqin, ona görə bu peşəni seçmişəm». – Fidan Asiflinin sözləridir.

O, ali məktəbə qəbul imtahanlarını dünən verib – iyulun 14-də. Məqsədi hüquqşünas olmaqdır. İndi məqsədinin bir addımlığındadır. İlkin hesablara görə, təxminən 670 bal toplayıb. Artıq üz tutacağı ali məktəbi də seçib – Bakı Dövlət Universitetini. Bəs bu qərarı necə verib? Araşdırıbmı ki, bu təhsil ocağı gözləntilərini doğruldacaq, ya yox... Və ümumiyyətlə, ali hüquq təhsili alandan sonra onun peşəsinə cəmiyyət nə dərəcədə ehtiyac duyacaq?

«EYNİ İXTİSASI BİR NEÇƏ ALİ MƏKTƏB TƏDRİS EDİR – HANSINI SEÇMƏLİ?»

«Bu yaxınlarda əlimə xaricdə olan bir ali məktəbin bukleti düşdü. Orada nəinki universitetin bütün ixtisasları barədə məlumatlar vardı, bu ixtisası bitirənin harada və necə çalışacağı da yazılmışdı» – Aygün Rəşidova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyur. Deyir ki, 2 il əvvəl abituriyent olarkən o da çətin seçim qarşısında qalıb – eyni ixtisası bir neçə ali məktəb tədris edir – hansını seçməli?

«Ancaq adına görə seçdik. Dedik ki, BDU-dursa, yəqin, orada jurnalistika yaxşı tədris olunar. Yəni, ancaq ordan-buradan eşidirdik ki, BDU-da təhsil yüksəkdir, məsələn, nəinki Slavyan Universitetində».

Foto: Arxiv
Foto: Arxiv
Aygün deyir ki, reallıq düşündüyündən fərqlidir. Gələcəyin bir jurnalisti kimi heç də öyrənmək istədiyi hər bir şeyi, xüsusən təcrübəni, universitetdə öyrənə bilmədiyindən, müxtəlif təlimlərdə mənimsəməyə çalışır.

«2013-CÜ İLDƏ ƏSAS PEŞƏLƏR TEXNOLOGİYA VƏ MÜHƏNDİSLİKLƏ BAĞLIDIR»

Əslində necə olmalıdır? Abituriyentə yaşıl işığı kim və necə yandırmalıdır? Beynəlxalq təcrübəyə əsaslansaq, ali məktəblərin öz tanıtım proqramları olur və tələbə «mən niyə məhz bu ali məktəbi seçməliyəm» deyə sual qarşısında qalanda müxtəlif bukletlərdən, reytinq cədvəllərindən, tanıtım proqramlarından bu suallara cavab tapır. Eləcə də «hansı peşəni seçim ki, gələcəkdə uğurlu karyera qura bilim» kimi suallara da cavab tapmaq çətin deyil. Dünyada bu cür araşdırmalar aparan istər dövlət, istərsə də qeyri-dövlət qurumları var. Məsələn, mərkəzi Çikaqoda olan «Career Builder and Economic Modeling Specialists Int.» şirkətinin araşdırmasına görə, 2013-cü ildə əsas peşələr texnologiya və mühəndisliklə bağlıdır. Mühasibat və marketinq sahələrini seçənlər də şanslıdır.

«AZƏRBAYCANDA ƏKSƏRİYYƏT DÖVLƏT QULLUĞUNA CAN ATIR»
Əhməd Abbasbəyli
Əhməd Abbasbəyli

Sosioloq Əhməd Abbasbəyli Azərbaycanda bu cür araşdırmaların aparılmasında nə dövlətin, nə də özəl sektorun maraqlı olduğunu deyir. Elə buna görədir ki, abituriyent özünütəsdiq baxımından çox önəmli bir sualla qarşılaşanda, bilmir hansı peşəni və ya hansı ali məktəbi seçsin:

«Dünyaya və Azərbaycana baxanda fərqli mənzərə görürsən. Məsələn, inkişaf etmiş ölkələrdə hamı dövlət qulluğunda çalışmaqdan qaçır, amma Azərbaycanda əksəriyyət buna can atır. Hələ ayrıca idarəetmə akademiyası da açılır. Dünyada yetərincə populyar peşələr var və bilirsən ki, 5-10 il sonra Azərbaycanda da həmin peşələrə ehtiyac duyulacaq. Tutalım, sığorta mütəxəssisliyi. İndi bu ixtisas üzrə təhsil alan yoxdur. Bizdə bu işlə ancaq qeyri-peşəkarlar məşğuldur. Və ya ölkədə tikinti bumudur, amma yaranan mənzərə özü onu göstərir ki, bu işlə məşğul olanlar mütəxəssislər deyil, onun-bunun qohum-əqrəbasıdır».

Mütəxəssis onu da deyir ki, ayrı-ayrı dövlət qurumları, eləcə də ali məktəblər ixtisasların perspektivi barədə araşdırma aparıb, proqram tərtib edərək ictimaiyyətə açıqlamalıdır. Universitetlərin tanıtım proqramları da olmalıdır.

Foto: Arxiv
Foto: Arxiv
«BDU-NU... TANITMAĞA BİR O QƏDƏR DƏ EHTİYAC YOXDUR?»

«Əslində, BDU-nu Azərbaycan cəmiyyətinə tanıtmağa bir o qədər də ehtiyac yoxdur».

Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova belə düşünür. O, hər il bu ali məktəbi bitirən azı 4 min məzunu canlı tanıtım vasitəsi sayır:

«Son dəfə 12 min universitet arasında 600+40-da qərar tutmuşduq. Universitetdə hər il o qədər yeniliklər olur ki, ola bilsin, ixtisas seçən abituriyent bundan dərinliyinədək xəbər tutmur. Amma bizim abituriyentin BDU-nu seçməsi ilə bağlı bir problemimiz yoxdur. Və BDU-da bir tələbənin özünü gəlişdirməsi, yüksək səviyyədə təhsil ala bilməsi üçün elə bir problem yoxdur».

O ki qaldı ixtisasların perspektivinə, Pərvanə İbrahimova fərqli fikirdədir. Düşünür ki, hansı ixtisası seçsə də, abituriyentin gələcəyi öz əlindədir, yaxşı karyera üçün yaxşı təhsilə yiyələnməlidir.

Elə qəbul imtahanını yenicə geridə qoyan Fidan Asiflini də ovunduran budur. Deyir ki, bu gün bir çoxları hüquq fakültəsini seçə bilər, amma onun məqsədi bu ixtisasın yaxşı peşəkarı olmaqdır ki, 5-10 il sonra cəmiyyətdə ona ehtiyac olsun.
XS
SM
MD
LG