Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:29

Vurğun Əyyub: «Bu, özünü aldatmaqdır»


Foto: Arxiv
Foto: Arxiv
-
Ali məktəblərə I ixtisas qrupu üzrə imtahan nəticələrinə görə, ən yuxarı balı iki nəfər yığıb: 695 bal. Heç kim maksimum balı – 700 balı toplaya bilməyib.

Təxminən 9 min abituriyent 300-dən yuxarı bal toplayıb. Bu qrup üzrə bütövlükdə imtahan verən 35 min 519 abituriyentin təxminən 27 min nəfəri 300 bal civarında nəticə göstərib. Onlardan 18 min 616 abituriyentin balı daha aşağı olub – 0-100 arasında. Buna görə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ixtisas seçiminə buraxılmaq üçün keçid minimumunu 150 bala endirib.

TQDK RƏSMİSİ: «NƏTİCƏLƏR YAXŞI OLMADIĞINDAN...»

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin dediyinə görə, qurum birinci qrupda müsabiqəyə buraxılmaq üçün minimum balın 250 olmasını istəyib. Ancaq zərurət onları qərarı dəyişdirməyə vadar edib:

«Nəticələr o qədər də yaxşı olmadığından TQDK olaraq belə qərar qəbul etdik. Bu qrup üzrə 35 min 519 nəfər imtahana qatılıb. Onlardan 52.41 faizi – 18 min 616 nəfər 0-100 bal arasında nəticə göstərib. 100-200 bal arasında nəticə göstərənlərsə 7 min 589 nəfərdir. Təbii ki, dövlət sifarişi ilə yerlərə qəbulun şərtləri tamam başqadır. Dövlət sifarişi üzrə ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən az olmayanlara imkan veriləcək. Ödənişli əsaslarla olan ixtisaslara 150 və daha yuxarı bal toplayanlar qatılacaq».

Vurğun Əyyub
Vurğun Əyyub
VURĞUN ƏYYUB: «...RÜŞVƏTƏ YOL AÇACAQ»

«Müsabiqə balının aşağı salınması vəziyyətdən çıxış yolu deyil. Bu, özünü aldatmaqdır».

TQDK-nın sabiq sədri Vurğun Əyyub belə düşünür və sözlərinə bunu da artırır:

«Ümumən görünən budur ki, orta məktəblərdə vəziyyət nə yerdədir. Əslində 250 də yox, 280-dən aşağı bal toplayan abituriyentlərin müsabiqəyə buraxılması onların ali məktəbdə oxumaları üçün yetərli savada malik olmadıqlarının göstəricisidir. Savad səviyyəsi hədsiz aşağı olan abituriyentlərin ali məktəbdə oxuması gələcəkdə rüşvətə, korrupsiyaya və başqa mənfi hallara yol açacaq. Bünövrədən o tələbələrin ali təhsil almaq imkanı yoxdur. Plan doldurmaq naminə balları aşağı salıb onları ali məktəbə qəbul etmək ali təhsilin də vəziyyətində bir çox problem yaradır. Ona görə də Azərbaycan hakimiyyətinin plan doldurmaq naminə tutduğu yol Azərbaycan təhsilini fəlakətə aparır».

«150 BAL «1» DEMƏKDİR»

«Klassik qiymətləndirmə yolu ilə soruşsaq, 150 bal neçə deməkdir» sualını Vurğun Əyyub belə cavablayır:
Əlövsət Osmanlı
Əlövsət Osmanlı

«280 bal və onun üstü «3» deməkdir. Yəni biliyin 40 faizini toplayan abituriyentə ənənəvi yolla «3» yazardılar, bundan aşağı qiymət alan müsabiqəyə buraxılmazdı. Bu sistem qurulanda bal həddi belə müəyyənləşdirilib».

Təhsil eksperti Əlövsət Osmanlı deyir ki, 150 bal ənənəvi qiymətləndirmə ilə «1» deməkdir:

«Mən yaranmış durumda elə məntiqsizlik görmürəm. Elə bil, daha əvvəl olan proseslərin davamıdır. Biz ekspert olaraq hər il deyirdik ki, təhsilin səviyyəsi aşağı düşür, ona görə də bu nəticə təbiidir. Düşünürəm ki, qarşısı alınmasa, fövqəladə tədbir görülməsə, bu vəziyyət davam edəcək. Bu da təhsilsizlik yarada bilər. 700 bala klassik qiymətləndirmə ilə «5» kimi baxsaq, 150 bal «1» deməkdir. Nə qədər dəhşətli hal olduğu hamımıza gün kimi aydındır. Bu, pis fəsadlar törədə bilər. Məncə, yeni nazir bu prosesi durdurmalı, məsələyə ciddi yanaşmalıdır».

Elnur Nağızadə
Elnur Nağızadə
TQDK rəsmisi Elnur Nağızadə bu cür halların gələcəkdə rüşvətə və ya savadsızlığa yol açması haqda deyilənlərlə razılaşmır və dərhal da əlavə edir ki, bundan sonrakı mərhələdə hər şey təhsil müəssisələrinin üzərinə düşür. Normal tədris mühiti varsa, «zəiflər» də təqdim olunan proqramları mənimsəyə biləcəklər.

Elnur Nağızadə birinci qrupda yuxarı nəticə göstərənlərin olduğunu söyləsə də, böyük əksəriyyətin aşağı nəticə göstərdiyini etiraf edir:

«Orta nəticə göstərənlərin sayı da azdır. TQDK hər il nəticələrlə bağlı araşdırmalar apararaq, nəticələri orta məktəblərə təqdim edir. Bu araşdırmaları əslində onlar aparmalıdır. Səbəb aydındır, abituriyentlər hazırlıqlı deyillər».

Təhsil Nazirliyindən münasibət öyrənmək mümkün olmadı.
XS
SM
MD
LG