Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:03

«Global Witness»in SOCAR-la bağlı hesabatına 2 baxış


«Global Witness»
«Global Witness»
-
Dekabrın 10-da qərargahı Londonda yerləşən «Global Witness» təşkilatı Azərbaycan Dövlət Neft Şirkəti neftinin necə satılmasını araşdıran hesabat yayıb.

Araşdırmaya görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neftin istehsalından satılmasınadək olan işləri bir neçə özəl ortaqla paylaşıb. Bu zaman tender keçirilməyib və özəl ortaqların hansı məntiqlə seçilməsi suallı qalıb.

«Global Witness»in araşdırması göstərir ki, SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyev adlı Azərbaycan vətəndaşının bağlılığı var. Bunlardan yalnız birindən – Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan «Socar Trading SA» şirkətindən Anar Əliyevin qazancı 100 milyon dolları aşıb.

Hesabat yayılandan sonra SOCAR rəsmiləri 35 yaşlı işadamı Anar Əliyevi tanımadıqlarını deyiblər.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) – SOCAR-ın dekabrın 13-də yaydığı bəyanatda isə «Global Witness» təşkilatının hazırladığı hesabat «təhrif edilmiş və köhnəlmiş məlumatlar əsasında hazırlanmış» sənəd adlandırılıb.

Həmin bəyanatda deyilir ki, neftin dünya bazarında satışı üçün işadamı Anar Əliyevin təklifləri daha səmərəli sayıldığından onunla əməkdaşlıq edilib.

Qubad İbadoğlu
Qubad İbadoğlu
«BU ARAŞDIRMA SOCAR-a ÇOX CİDDİ ZƏRBƏDİR»

İqtisadçı Qubad İbadoğlu araşdırmanı həm regional, həm də beynəlxalq bazara girmək istəyən Neft Şirkətinə çox ciddi zərbə adlandırır:

«Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti müəyyən strategiya seçmişdi. Şirkət həm regional, həm də beynəlxalq səviyyədə bazarlarını genişləndirmək istəyirdi. Bundan sonra ARDNŞ-in fəaliyyətinə necə münasibət bəslənəcəyini düşünmək çətin deyil. Məsələn, Neft Şirkəti İsveçrədə yanacaqdoldurma məntəqələri açıb. İsveçrə vətəndaşı bu araşdırma ilə tanış olandan sonra bu şirkətə nə dərəcədə güvənə bilər? Sözsüz ki, ARDNŞ ilk məqamda istehlakçıların güvənini itirəcək. Sonra biznes tərəfdaşları arasında güvənini itirəcək. Axı şirkətin apardığı gizli, qara əməliyyatlar son məqamda biznes partnyorlarına mənfi təsir göstərəcək. Və ən pisi odur ki, bundan Azərbaycan ziyan çəkir, ölkənin reputasiyasına xələl gəlir...».

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev
ARAŞDIRMA TƏZYİQ ELEMENTİ KİMİ

Keçmiş millət vəkili Əliməmməd Nuriyev Avropaya qaz satışı üzrə razılaşmaların olduğu ərəfədə (TANAP, Günəşli-Çıraq) «Global Witness»in araşdırma yaymasını təsadüfü saymır:

«Bu hesabat niyə indi yayıldı? Başqa dövlətlərdə belə bir şey yox idi? Məsələ burasındadır ki, bu günlərdə TANAP, Azəri-Çıraq-Günəşli lahiyəsiylə bağlı çox ciddi müzakirələr gedir. Sazişlərin hansı formada imzalanması, tərəflərin payının nədən ibarət olması və s. suallar şübhə yaradır. Transmilli şirkətlər də bu proseslərdə daha çox və əlverişli pay almaq istəyirlər. 1994-cü ildə də Azərbaycana neft kontraktları imzalanması ərəfəsində vəziyyətdən istifadə olundu və heç də yaxşı olmayan şərtlərlə müqavilələr imzalandı. İndi də qaz müqavilələri ərəfəsində Azərbaycan, özəlliklə Neft Şirkəti ətrafında belə vəziyyət yaradılır».

Əliməmməd Nuriyevin sözlərinə görə, bunda təzyiq elementləri var.

İqtisadçı Zöhrab İsmayıl Əliməmməd Nuriyevin fikriylə razılaşmır. Onun sözlərinə görə, «Global Witness»in yaydığı araşdırma qaz müqavilələrin imzalanması ərəfəsində Neft Şirkətinə təzyiq kimi qiymətləndirilə bilməz:
Zöhrab İsmayıl
Zöhrab İsmayıl

««Global Witness» elə bir təşkilatdır ki, transmilli şirkətlərin hamısını tənqid edib. O cümlədən Britaniyanın BP və başqa şirkətləri. «Global Witness» çox etibarlı, müstəqil təşkilatdır. Hesab edirəm ki, yayılan araşdırmada ARDNŞ-nin dəyişməsi, şəffaflaşması, hesabatlı olması üçün çoxlu tövsiyə var».

HƏR KƏS BİLMƏLİDİR Kİ...

«Publish what you pay» (Ödədiyini açıqla ) beynəlxalq koalisiyasının Avrasiya koordinatoru Oliana Valigura yayılan araşdırmanı əhəmiyyətli sayır:

«Bu araşdırma çox dəqiq və detallı hazırlanıb. Araşdırma son 10 ildə Azərbaycanda Mədən Sənayesində Şəffaflığın nə yerdə olduğunu dəqiq təsvir edir. Şirkətlər imzaladığı müqavilələr, xərc və qazancları barədə ictimaiyyətə açıq, şəffaf məlumatlar verməlidir. İnsanlar da şirkətləri sorğu-suala çəkməlidir. Hər kəs bilməlidir ki, Neft Şirkəti büdcəyə nə qədər pul verir».

Millət vəkili Vahid Əhmədov AzadlıqRadiosunun «Açıq Hökumət» verilişinə müsahibəsində Dövlət Neft Şirkətinin «Anar Əliyev» açıqlamasına münasibət bildirib.
Vahid Əhmədov deyib ki, Hesablama Palatası Milli Məclisə hesabat verəndə onlar «Global Witness»in «Socar Trading»lə bağlı araşdırmasındakı bəzi məqamlara diqqət yetirəcəklər.
XS
SM
MD
LG