Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:53

Maurisio Pavesi: «Ölkə iqtisadiyyatı həddən artıq inhisarlaşıb»


Mauriso Pavesi: «Azərbaycanda demokratikləşmə neft və qaz yataqlarından daha tez tükənəcək»
Mauriso Pavesi: «Azərbaycanda demokratikləşmə neft və qaz yataqlarından daha tez tükənəcək»

«Azərbaycanda sürətli iqtisadi inkişafla yanaşı, mülki cəmiyyətin zəif inkişafı riski var. Bu balanssız inkişaf gələcək problemlərin kökü ola bilər». «Azadlıq» radiosuna müsahibəsində ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesi belə deyir. Azərbaycan sürətli iqtisadi inkişafa adlamaq üçün sürətli dəyişikliklər aparmalıdır. Onun sözlərinə görə, Bakının islahatlar aparmaq üçün 25 il vaxtı var, çünki həmin vaxtdan sonra neft və qaz qurtaracaq. Həmin mərhələdə Azərbaycan ya neft və qazı olmayan inkişaf etmiş ölkə olacaq, ya da iflasa uğrayacaq.


ATƏT rəsmisinin sözlərinə görə, Azərbaycandakı siyasi vəziyyət 2005-ci il parlament seçkilərindən bəri dəyişməz qalır. Seçkiləri «məyusedici» adlandıran cənab Pavessi hazırkı parlament barədə bu fikirdədir: «Bu seçkilərdə 2000-ci il seçkisi ilə müqayisədə müəyyən kiçik irəliləyişlərin qeydə alınmasına baxmayaraq, vəziyyət dəyişməz qalır. Parlament var, amma buna parlament demək olmaz. Demək istəyirəm ki, parlamentdə çoxluq 90 faiz təşkil edir. Bu parlament bizim Avropada adlandırdığımız parlamentdən çox, hakim partiyanın daxili bir qurumuna bənzəyir».


Cənab Pavesi deyir ki, Azərbaycanda müxalifət qüvvələrinə öz mövqeyini ifadə etmək və siyasi həyatda fəal iştirak etmək üçün real şərait yoxdur: «Parlament seçkilərindən qabaq biz ümid edirdik ki, hökumət müxalifətə daha geniş yer ayırmağa hazırdır. Lakin təəssüf ki, biz bunu görmədik. Bu isə real problemdir. Bu minvalla Azərbaycanda demokratikləşmə neft və qaz yataqlarından daha tez tükənəcək».


ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesi deyir ki, «Azərbaycanda qəribə müxalifət var»: «Çox zəif, qeyri-mütəşəkkil və birləşə bilməyən müxalifət...Bu problemin çox səbəbləri var. Mədəni kökləri, sovetlərdən qalmış irs. Siyasi partiyaları həqiqi siyasi partiya adlandırmaq çətindir. Bunlar daha çox siyasi personlar ətrafında bir qrup adamların birləşməsidir».



«Azərbaycanda qəribə müxalifət var, çox zəif, qeyri-mütəşəkkil və birləşə bilməyən müxalifət... Siyasi partiyaları həqiqi siyasi partiya adlandırmaq çətindir. Bunlar daha çox siyasi personlar ətrafında bir qrup adamların birləşməsidir»
Ölkə mətbuatının problemlərindən danışan cənab Pavesi bildirir ki, «Azərbaycanda hər dəfə «jurnalistlər hökumətin qurbanlarıdır» söyləmək düzgün olmazdı». Eyni zamanda, o, həqiqi mətbuatın və jurnalistlərin ciddi problemlərlə üzləşdiyini də söyləyir: «Bəzən bu ölkədə jurnalistika daha çox xuliqanlığa yaxındır, nəinki jurnalistikaya. Bir çox adamlar var ki, onlar faktdan və informasiyadan uzaq mətləblərdən yazırlar. Bunu isə jurnalistika adlandırmaq çətindir. Ona görə də, bəzən bu cür jurnalistikanı müdafiə etmək çətin olur. Lakin bu da həqiqətdir ki, əsl jurnalistlər peşə borclarını yerinə yetirərkən bir çox çətinliklərlə üzləşirlər».


Mauriso Pavesi bütün problemlərlə, o cümlədən seçki qanunvericiliyi ilə bağlı hökumətlə məsləhətləşmələrin aparıldığını deyir. Lakin o, etiraf edir ki, ATƏT üçün ən çətin iş yeni qanunların icrasına təsir etməkdən ibarətdir: «Avropa standartlarına və beynəlxalq konvensiyalara cavab verən yeni qanunun qəbulu çox asandır. Problem yeni qanunun qəbulu ilə onun icrası arasındadır. Bu məsələdə çox şey hökumətin siyasi iradəsindən asılıdır. Əgər hakimiyyət Mərkəzi Seçki Komissiyasının tərkibini dəyişmək istəsə, bunu bir neçə dəqiqəyə edə bilər. Əgər onlar bunu etmək istəmirlərsə, onda biz nə edə bilərik? Biz yenə əvvəl dediklərimizi, verdiyimiz tövsiyələri təkrar edə bilərik. Amma vəziyyət yenə əvvəlki kimi qalacaq. Bu, Azərbaycan hökumətində siyasi iradə məsələsidir. Hökumət aydın şəkildə MSK-nı bərabər əsasda formalaşdırmaqdan imtina edir. Vəssalam».


Cənab Pavesi ATƏT-in Azərbaycanı təşkilat qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etmək üçün Bakıya kifayət qədər təsir etmədiyinə dair səslənən tənqidlərlə razılaşmır. O, təşkilatın hökumətlərarası və konsensus əsasında çalışan qurum olduğunu vurğulayır.



«Bu minvalla Azərbaycanda demokratikləşmə neft və qaz yataqlarından daha tez tükənəcək»

ATƏT nümayəndəsi Azərbaycanda islahatların aparılmasına maraqlı olmayan qüvvələrin olduğunu da bildirir: «Ölkə iqtisadiyyatı həddən artıq inhisarlaşıb. Böyük bizneslərə bir neçə qruplar, bir neçə ailələr nəzarət edir. Ona görə də, siyasi islahatlar bəziləri üçün iqtisadi cəhətdən ziyanlı ola bilər. Bu risk var. Buna görə də, inhisarlardan xeyir götürənlər islahatlara müqavimət göstərirlər».


Cənab Pavesi hesab edir ki, «hökumət problemin olduğunu dərk etməsinə baxmayaraq, hakim sinif üçün hakimiyyətdə balansın dəyişdirilməsi çətin iş olacaq, xüsusən də neft və qaz ixracından ölkəyə milyardlarla dollar gəlirin gəldiyi bir vaxtda».


Azərbaycanın gələcəyi barədə fikirlərini bildirən cənab Pavesi bildirir ki, çox şey hökumətin növbəti bir neçə ildə atacağı addımlardan asılı olacaq. «Neft gəlirləri ölkəyə gəlməyə başlayıb. Əgər hökumətin ölkənin real problemlərini həll etmək üçün lazımı qərarlar verməyə cəsarəti çatacaqsa, onda Azərbaycan gələcəkdə müasir, inkişaf etmiş Avropa ölkəsi olacaq. Yox əgər, hökumət dəyişiklik əvəzinə vəziyyəti olduğu kimi saxlamağa çalışacaqsa, onda risk var ki, 25 ildən - neft sərvəti bitəndən sonra ölkə iflasa uğrayacaq. Biz bunu digər neft ixrac edən ölkələrdə görmüşük. Dünyada bir çox yaxşı olmayan təcrübələr var. Hər şey hökumətin qərarından asılıdır. Ümid edirəm ki, hökumət problemlərlə üzləşməyə hazırdır. Biz nəticəni yaxın illərdə görəcəyik», - deyə, o, fikrini yekunlaşdırır.


XS
SM
MD
LG