Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:51

Günel Mövlud. 12 qəzəbli kişi


Günel Mövlud
Günel Mövlud

-

Ədalətsiz qərar çıxarıb, ömrünün ən məhsuldar, çiçəklənən çağını yaşayan gəncin on ilini dörd divar arasına keçirməyinə qərar verib, azadlıqda necə gəzmək olar?..

Günel Mövlud

ƏDALƏTSİZ QƏRAR VERƏN HAKİMLƏR

«Mən onun nə günahsız, nə də qatil olduğuna əmin deyiləm. Mənim şübhələrim var. Amma bizim hüquq sisteminin də prinsipi budur: əgər şübhə varsa, qərar vermək olmaz»…

Bu sözləri rejissor Sidni Lyümetin 1957-ci ildə çəkdiyi «12 qəzəbli kişi» filmində Henri Fondanın canlandırdığı qəhrəman deyir.

Filmə baxmağı hamıya tövsiyə edirəm. Amerikanın məhkəmə sistemi, bu sistemin prinsipləri barədə çəkilmiş çox gözəl bir filmdir.

Qətldə şübhəli bilinən gənc barədə 12 nəfərlik andlılar məhkəməsi qərar verməlidir: günahsızdır, ya qatildir?

Qərar yekdil olmalıdır.

Bircə nəfər gəncin günahsız olduğunu düşünürsə, hökm təxirə salınmalı, yeni andlılar təyin edilməli, yenidən qərar çıxarılmalıdır.

Əsas prinsip isə budur: şübhə varsa, qərar vermək olmaz…(Ardı aşağıda)

Amerikada müttəhim öz məhkəməsinin necə keçirilməyi ilə bağlı seçim edə bilər. Onun müqəddəratını hakimmi həll etsin, yoxsa andlılar məhkəməsi? Böyük əksəriyyət andlıları seçir. Və təcrübə göstərir ki, məhkəmə prosesini dinləyən andlılar şübhələri qalırsa, əksər hallarda müttəhimə bəraət verirlər. Çünki bir insanın qatil, oğru, fırıldaqçı olduğunu əminliklə söyləmək asan deyil. Müqəddəratı, adı, şərəfi sənin əlində olan insanın həyatını məhv etmək, adını ləkələmək asan deyil.

Hüquq sistemi elə bir sistemdir ki, burda çalışanlardan tərəfsiz, diqqətli və ən əsası, ədalətli olmağı tələb edir. Çünki hüquq sistemində çalışan insanın səhvi və ya ədalətsizliyi başqa iş sahiblərinin etdiyi yanlışlıqlardan qat-qat çox, bəzən isə faciəvi zərər vura bilər.

Məsələn, bir yazıçı diqqətsiz və ya ədalətsiz olsa, uzaqbaşı bir yazarın yaxşı əsəri barədə «pisdir» deyər. Bu, ədalətsizlik görən yazarın həyatında çox şey dəyişməz. Uzaqbaşı qanı qaralar. Amma zaman, oxucular, tənqidçilər onun əsərinin qiymətini onsuz da verərlər.

Tacir ədalətsiz davranıb, nəyisə olduqca baha satar. Bununla da uzaqbaşı kasıb adamın ehtiyacı olan şeyi satın ala bilməyinə mane olar. Adam gedib, daha ucuzunu tapıb alar. Müəllim ədalətsiz davranar, şagirddən, tələbədən pul umar, yaxşı öyrətməz. Amma şagird, tələbə müəllimi dəyişə, ya da öz fərasəti, bacarığı ilə daha yaxşı öyrənə bilər. Həkim ədalətsiz davranar, saxta dərman yazar, amma xəstə bəzən ağıllı çıxar, həkimi dəyişər, gedib başqa ölkədə müalicə alar.

Düzdür, bu sadaladıqlarım da bəraət qazandırılası hərəkətlər deyil. Demək istəyirəm ki, əksər peşə sahiblərinin diqqətsiz, ədalətsiz davranmağı zərər vura bilər, amma zərəri yan keçirmək, qurtulmaq mümkündür.

Hüquq işində işləyənlərin diqqətsizliyi, ədalətsizliyinə isə düzəliş vermək, canını qurtarmaq mümkün deyil. Bu adamlara işi düşənlər, yolu müstəntiq otağından, hakim qarşısından keçənlər isə tamamilə bu adamlardan asılıdırlar. Həyatlarının böyük bir hissəsi, təmiz adları, bəzən isə bütün həyatları bu adamların qərarından asılıdır. Buna görə də, müstəntiqin işə saxta faktlar tikməyi, günahsızlığı sübut edən dəlilləri məhv etməyi, hakimin ədalətsiz qərar çıxarmağı bağışlanmazdır.

Axı sənə insanın müqəddəratını həll etmək tapşırılırsa, sən necə onun həyatını məhv edə bilərsən? İnsan başqa bir insanın həyatını necə asanca, rahatca məhv edə və bundan sonra heç nə olmamış kimi yaşaya bilər? Ədalətsiz qərar çıxarıb, ömrünün ən məhsuldar, çiçəklənən çağını yaşayan gəncin on ilini dörd divar arasına keçirməyinə qərar verib, azadlıqda necə gəzmək olar? Tutaq ki, lap bunu sənə tapşırırlar. Tələb edirlər. Tutaq ki, sən bu işə saxta faktlar tikmək, qərarı oxumaq üçün sadəcə kuklasan. Əlbuyruqçususan. Tutaq ki, işi sən aparmırsan, deyiləni edirsən, o ədalətsiz qərarı sən vermirsən, sadəcə oxuyursan.

Bəs sonra? O hakim, o müstəntiq axşam evinə necə gedir? Evinin zəngini çalanda, qapını açan arvadının, qarşısına qaçan uşağının üzünə necə baxır? Arvadı, uşaqları, anası, bacıları, qardaşları, qonşuları bu adamın nə işlə məşğul olduqlarını bilmirlərmi? İnanmıram. Hamı hər şeyi bilir. Bəs, bilirlərsə, arvadı bu adamı necə öpür, uşaqları onun çörəyini necə yeyir, anası, bacıları, qardaşları, qohumları bu adamla necə rahat danışır, yanında oturur, bir süfrədə onunla yemək yeyir? Qonşusu ona necə rahat salam verir? Necə? Belə olur axı. Onda belə çıxır ki, hamı, arvad, uşaq, ana, bacı, qardaş, qohum, qonşu – böyük bir insan yığını bu ədalətsiz qərarda, bu cinayətdə iştirak edir? Yəni o adamların arasında bir tikə vicdanı olan bir yaxını tapılıb, o müstəntiqin, hakimin üzünə onun cinayətkar olduğunu demir? Cinayətini üzünə çırpmır?

«Şindlerin siyahısı» filminə yəqin ki, hamınız baxmısınız. Hamı olmasa da, böyük əksəriyyət bu filmə baxıb. Filmin sonunda Şindlerin xilas elədiyi qoca yəhudinin sözlərini xatırlayaq: bir insanı xilas edən adam, bəşəriyyəti xilas etmiş olur». Bəli, bir insanı xilas etməklə bəşəriyyəti xilas etmək mümkündür, bir insanın həyatını məhv etmək isə tək ona deyil, bəşəriyyətə qarşı cinayət etməkdir. Bu ölkədə bəşəriyyətə qarşı cinayət edən nə qədər hakim var? İnsanlığa qarşı cinayət etmək bu adamlar üçün necə də asandır?! Necə də rahatdır?!

İlahi, axı bunu necə etmək olar? Günahsız bir insanın taleyini məhv edib, sonra necə rahat yaşamaq, gəzmək, nəfəs almaq, yemək yemək, su içmək, təbiətə baxmaq, insanlarla söhbət etmək, məclislərdə oturmaq, sevdiklərinlə vaxt keçirmək olar?! İnsan olan kəs bir insanın, özü də günahsızlığına əmin olduğu insanın həyatını, illərini necə rahatca məhv edə bilər?

Lütfən, heç kim deməsin ki, onlar bu işi könülsüz, ürəksiz edir. Heç kim deməsin ki, onlar vicdan əzabı çəkir. Vicdan əzabı çəkən adam belə sifariş alanda etiraz edə bilməsə də, işindən uzaqlaşar. Cinayətin qarşısını ala bilməsə də, ən azından özü o cinayətdə iştirak etməz. Gedib, başını aşağı salıb, sadə bir işdə işləyib, bir tikə çörəyini qazanar və rahat yeyər. Vicdan əzabı çəkə-çəkə onlarla insanın üzünə ədalətsiz qərar oxumaq mümkün deyil. Onlarla insanın anasının, atasının, arvadının, uşaqlarının gözlərini yaşlı qoymaq mümkün deyil.

Sovet dövrü dissidenti, şairə, tərcüməçi Natalya Qorbanevskayanın xatirələrindən bu hissəni çox misal gətirmişəm. Amma yeri gəlib deyə, bir daha gətirirəm. 1968-ci ildə Sovet tanklarının o vaxtkı Çexoslovakiyaya girməyinə etiraz edən yeddi nəfərdən biri olan Qorbanevskaya öz həbsini belə xatırlayır:

«Məni səhərə qədər buz kimi soyuq otaqda saxladılar. Əl-ayağım soyuqdan keyimişdi. Üstəlik, başıma gələcək şeylərdən, aqibətimdən bərk qorxurdum. Məni dəhşət bürümüşdü. Orda bir nəzarətçi vardı. O adam mənə səhərə qədər qaynar çay daşıdı. Çay barmaqlarımın keyini açır, bu adamın yaxşılığı isə məni bürümüş dəhşəti azaldırdı. Mən anlayırdım ki, hara, dəlixanayamı, həbsxanayamı düşəcəyimdən asılı olmayaraq, yaxşı insanlara hər yerdə rast gələ biləcəyəm»…

Bu sətirləri oxuyandan sonra, gəlin, sifarişlə həbs olunmuş insanları məhkəməyə aparıb-gətirənlərə diqqət yetirək. Onlar gördükləri işdən necə də məmnun görünürlər. Məhbusları təhqir etmək, qolunu burmaq, başından basmaq, yaxına gələn doğmalarının üstünə bağırmaq üçün əllərinə imkan düşüb. Onlar bu imkandan bacardıqca istifadə edirlər. Belə adamların heç bir bəraəti yoxdur. Onlara bu adamları məhkəməyə aparıb-gətirmək tapşırığı verilib. Məhbuslarla kobud davranmaq, təhqir etmək, qollarını burmaq, yaxınlarının üstünə bağırmağı isə onlara heç kim tapşırmayıb. Heç kim bunu onlardan tələb etmir. Amma bu insanların əlinə kimisə incitmək imkanı düşüb. Onlar da bu imkandan yararlanır.

Halbuki, belələri insaniyyətləri olsa, başqa cür davranarlar. Məhkumlarla mədəni olarlar. Yaxşı rəftar edərlər. Bəzən yaxınları ilə bir-iki kəlmə kəsməyinə göz yumarlar. Nə bilim, istidə bir stəkan soyuq su, soyuqda bir stəkan qaynar çay verərlər. Nəzakətlə danışarlar. Göstərə bilərlər ki, biz sizin günahsızlığınızı başa düşürük. Biz sizin həbsdə olmağınızı istəmirik. Amma niyə görəsə indi sizi bu barmaqlıqlar arasında harasa aparıb-gətirməyə məcburuq. Dilləri ilə deyə bilməsələr də, hərəkətləri, davranışları ilə ifadə etməyə çalışarlar. Heç kim də onları qınamaz. Amma yox. Onlar o sifarişi verən adamlar qədər amansız davranırlar.

Əslində yazıya sonluq verə bilmədim. Əsəblərim davam gətirmədi. Gözlərimin önündə canlandı bütün məhkəmə prosesləri, bütün davranışlar, bütün baş verənlər. Yazını bitirə bilmədim.

Aparteid rejiminə qarşı onilliklərlə mübarizə aparmış Nelson Mandela 30 ilə yaxın həbsdə olub. Bu müddətin böyük bir hissəsini onun həbsxana nəzarətçisi olmuş Ceyms Qreqorinin xatirələri əsasında rejissor Bill Auqustun çəkdiyi «Əlvida, Bafana» filminə baxmağınız yerinə düşərdi. Film bir nəzarətçinin dustaqla rəftarından bəhs edir desəm, fikrimi kifayət qədər sadə ifadə etmiş olaram. Qeyd edim ki, Nelson Mandelanın ikinci xanımı Vinni Mandela da öz xatirələrində Ceyms Qreqorinin əri ilə mədəni, nəzakətli davrandığını təsdiqləyib.

Bu barədə «Çay və şokoladın siyasiləşməsi» adlı yazı yazmışam. Maraqlananlar bu yazının davamı olaraq həmin məqaləni oxuya bilərlər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG