Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:36

Xan Əmidən daha 4 əhvalat


Xan Şuşinski (1901-1979)
Xan Şuşinski (1901-1979)

-

Hər zaman duzlu-məzəli sözləriylə diqqət çəkən hazırcavab Xan Əmini doğum günündə dillərdə gəzən 7 əhvalatla anırıq.

Şuşalı Xandan – Xan əmidən 4-cü əhvalat

Xan Əmi niyə Məcnun olmaq istəmədi?

Xan Şuşinski 1939-cu ildən Bakıda yaşamağa başlayıb. Daha doğrusu, Mir Cəfər Bağırovun əmri ilə 24 saat ərzində Bakıya gətirilib… Ona hər cür şərait yaradılıb və birbaşa xalq artisti adı verilib. Bakıya gələndən sonra Xanın şöhrəti daha da artıb. O, Filarmoniyada konsert verərkən, binanı atlı milislər qoruyar, qapı-pəncərə sınıb-dağılarmış...

Təbii ki, Üzeyir bəy də bu möhtəşəm səsə biganə qala bilməzdi. Odur ki, Xanı həmişə «Leyli və Məcnun» operasına dəvət edərmiş – Məcnun roluna.

Hər dəfə də, rədd cavabı alarmış.

BAŞQA ARVADLARLA QUCAQLAŞA BİLMƏRƏM!

Bir dəfə yenə növbəti dəvətdən sonra Xan əmi Üzeyir bəyə Məcnun rolunda oynaya bilməyəcəyini belə açıqlayır:

– Üzeyir bəy, üz vurmayın, mən başqa arvadlarla səhnədə qucaqlaşa bilmərəm...

Şuşalı Xandan – Xan əmidən 5-ci əhvalat:

Yaman qavalın içinə boylanırdın?

1934-cü ilin payızında Bakıda M. Y. Lermontovun 120 illik yubileyi qeyd olunur. Xan Şuşinski də həmin yubileydə çıxış etmək üçün Bakıya çağırılır.

«XAN LERMONTOVDAN OXUSUN!»

Azərbaycanın dövlət və hökumət rəhbərləri, Rusiyadan dəvət olunmuş məşhur ədəbiyyat xadimləri tədbirə qatılırlar. Təbii ki, burada Lermontovun şeirləri oxunur. Xan əmi öz repertuarından bir şey ifa etməyə hazırlaşarkən, tədbirin təşkilatçılarından göstəriş gəlir ki, Xan Şuşinski muğam üstə mütləq Lermontovun şeirlərindən oxumalıdır ki, bizim muğam ifaçılarımızın da Lermontov seirinin vurğunu olduğunu qonaqlar görsün...Vay-vay!

ÇIXIŞ YOLU TAPILIR – QAVALIN İÇİ...

Xan Şuşinski
Xan Şuşinski

Xan əmi şeirlərdən birini cəld kağız parçasına köçürüb, qavalın içinə pərçimləyir və muğam üstündə Lermontovun şeirini birtəhər ifa edib, başa çatdırır...

Tədbirdən sonra Mir Cəfər Bağırov musiqiçilərə yaxınlaşıb, razılığını bildirir və üzünü Xan əmiyə tutub deyir:

– Xan, həmişəki kimi yaxşı oxudun, amma nə işdirsə, yaman qavalın içinə boylanırdın...

Şuşalı Xandan – Xan əmidən 6-cı əhvalat:

Mənim evimi apar, qonşununkunu yox!

Xan Əmi Bakıda keçmiş Pyotr Montin küçəsində (Əlövsət Quliyev) yaşayırdı. Bir gün qapı döyülür. Evdə heç kəs olmadığından qapını Xan əmi özü açır. Görür, bir kişidir. Heç soruşmur ki, kimsən-nəçisən, evə dəvət edir.

NƏRD OYNAYAQ? OYNAYAQ! BƏS ÇAY-ÇÖRƏK?

Xan Əmi nərd sevənmiş. Deyir, gəlsənə, bir nərd oynayaq? Kişi deyir, oynayaq! Kişini nərddə udur. Deyir çay içirsənmi, çörək yeyirsənmi? Kişi dözmür, deyir Xan Əmi, heç bilirsən mən kiməm?

«MƏN OĞRUYAM!...»

Deyir yox, adamsan da, bala!... Deyir mən oğruyam, şəhərdə ən bərk gedən oğlanlardan biriyəm, gəlmişəm sənin evini oğurlamağa! Xan Əmi deyir noolar...Kişi qayıdır ki, Xan Əmi, mən gördüm sən necə kişisən, daha sənin evini aparmayacam, qonşunun evini aparacam...

Xan Əmi o saat yerindən qalxıb deyir:

– Sən Allah, mənim evimi apar, qonşunun evinə dəymə!!!

Şuşalı Xandan – Xan Əmidən 7-ci əhvalat

Şuşanın dağları – başı dumanlı!...

Xan Əmi gözəl mahnılar bəstələyib. Qızına həsr elədiyi «Ay qəşəng ceyran» mahnısı bir zamanlar çox dəbdə olub.

Bu da acı həqiqətdir ki, Xan Əmi düz 35 il övlad sahibi ola bilməyib...Nəhayət, qocaldıqlarını görən həyat yoldaşı öz qohumlarından bir xanımı Xanla evləndirib. Həmin qadından Xan Əminin 4 övladı dünyaya gəlib. «Ay qəşəng ceyran» mahnısı da yaşlı vaxtında tapdığı o ilk övladına – anasının adını verdiyi Bəyimxanıma həsr olunub. İndi həmin Bəyimxanım atasının adına Fond yaradıb, sayt açıb.

GÖZƏLİM ŞUŞA...70-Cİ İLLƏRİN SONU...

Xan Əminin dillər əzbəri olan bir mahnısı da var – «Şuşanın dağları». İndi gənc nəsil bu mahnını çox sevir. Xan Əmi Şuşasız yaşaya bilməzmiş. İlin az qala yarısını Şuşada keçirərmiş. Onu ömrünün ixtiyar çağlarında öz gözlərimlə gözəlim Şuşada görmüşəm. Əlində qəlyan, Mərkəzi Parkda oturub dincəlirdi...

QIRMIZI QOFTALI, YAŞIL TUMANLI...

Hə, sən demə, vaxtilə o mahnını yazanda Xan Əminin başı elə Şuşanın dağları kimi dumana bürünübmüş... Onu Sovet hökumətinin vaxtında Şuşa dağlarının dumana büründüyünə işarə vurmaqda, hətta «Qırmızı qoftalı, yaşıl tumanlı» misrasını Cümhuriyyətin üçrəngli bayrağına bənzətməkdə ittiham edirdilər...

NƏ YAXŞI Kİ, TOXUNMUR!

Çarəsiz qalan Xan Əmi mahnını «Şuşanın dağları deyil dumanlı» şəklində oxuyur, amma Cümhuriyyət bayrağının rənglərinə toxunmur...

Yaxşı da ki toxunmur!

Ruhu şad olsun, Xan Əminin!

Yoxsa «Şuşanın dağları» ən ürək sızladan misrasından məhrum qalacaqdı.

İndi Şuşalı, Xanlı günlərimizi xatırladan o mahnı bizlərə həm də cümhuriyyətimizin bayraq rənginin yadigarıdır...

XS
SM
MD
LG