Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:30

Deputat AŞPA-da lobbiçiliyin izinə düşdü və...


Qara kürü
Qara kürü

-

«Gözləyirəm ki, Nazirlər Komitəsi və Parlament Assambleyası da Azərbaycandakı hazırkı duruma münasibət bildirəcək. Əminəm ki, Avropa Şurasının orqanları məsələyə layiq olduğu diqqəti ayıracaqlar». Avropa Şurasının insan haqları Komissarı Nils Muižnieks bu günlərdə AzadlıqRadiosuna müsahibəsində belə deyirdi.

DURUMUN LAYİQ OLDUĞU DİQQƏT

Son həbslərin Azərbaycanın Avropa Şurası öhdəliklərinə «daban-dabana zidd» olduğunu deyən komissar öncə də hakimiyyətin yol verdiyi fundamental insan haqları pozuntularını sərt tənqid edib.

Thorbjorn Jagland
Thorbjorn Jagland

Avqustun əvvəlində Avropa Şurasının baş katibi Thorbjørn Jagland da tanınmış hüquq müdafiəçilərinin həbsindən dərin narahatlıq bildirmiş, Prezident Əliyevlə telefonla danışmışdı.

Bəs Avropa Şurası Parlament Assambleyası (AŞPA) rəsmiləri necə, Muižnieks -in sözlərilə desək, Azərbaycandakı duruma «layiq olduğu diqqəti» nə vaxt ayıracaqlar?

Hazırda ölkədə onlarla ictimai fəal, hüquq müdafiəçisi, bloqqer həbsdədir. Vaxtilə siyasi məhbus siyahısını hazırlayan şəxslər də barmaqlıqlar arxasına atılıb. Belə bir durumda AŞPA Azərbaycan üzrə həmməruzəçi Pedro Agramunt-u həm də insan haqları üzrə məruzəçi təyin edib. Yəni o, siyasi məhbus məsələsini araşdırıb ayrıca hesabat hazırlamalıdır.

İspaniyalı deputatın yeni vəzifəsinə bəzi tənqidçilər ehtiyatla yanaşıb, onun hakimiyyətə loyallığından dolayı bu məsələdə nə dərəcədə obyektiv olacağını sual etdi. Maraqlıdır ki, bu ilin mayında BBC Azərbaycanca-ya müsahibəsində o, Azərbaycanda siyasi məhbusların sayının şişirdildiyini deyirdi.

PEDRO AGRAMUNT-UN CAVABSIZ QOYDUĞU SUALLAR

Pedro Agramunt-un Azərbaycanda artan həbslərlə bağlı mövqeyi nədir; bir qrup fəalın hazırladığı siyasi məhbus siyahısını incəliyirmi; hesabat üzərində iş necə gedir? AzadlıqRadiosu təxminən bir ay öncə Agramunt-dan müsahibə istəsə də, məruzəçi bu xahişi cavabsız qoyub. Köməkçisi Mercedes Lopez ötən həftə AzadlıqRadiosundan sualları yazılı şəkildə istəyib, ancaq hələlik bu suallar da cavablandırılmayıb.

Anne Brasseur
Anne Brasseur

AŞPA prezidenti Anne Brasseur də AzadlıqRadiosunun müsahibə sorğusundan imtina edib, Azərbaycana səfər öncəsi müsahibə verməyəcəyini deyib. Xanım Brasseur sentyabrın 21-dən 25-dək Azərbaycanda səfərdə olacaq. O, bu ilin mayında Bakıda AŞPA Bürosunun iclasına qatılandan sonra tvitter hesabında yazmışdı:

​«Bəzi məhbuslara baş çəkmək üçün Azərbaycana qayıdacağam. Onları görməzdən gəlmək problemləri həll etmir. Təkmilləşməsi vacib məsələlər üzrə səmimi və açıq dialoqu davam etdirməliyik».

2013-cü ilin yanvarında Azərbaycanda siyasi məhbuslar üzrə hesabat AŞPA-dan keçməyəndə bunu hakimiyyətin bu qurumda lobbiçilik fəaliyyətinin nəticəsi kimi dəyərləndirənlər, AŞPA-da bəzi deputatların bahalı hədiyyələrlə «satın alınmasından» narahatlıq bildirənlər az olmadı.

NYT DƏ LOBBİÇİLİKDƏN YAZDI

Yeri gəlmişkən, bu günlərdə «The New York Times»da çıxan yazıda qeyd olunurdu ki, hökumət 2012-ci ildə Vaşinqtonda yerləşən ictimai əlaqələr və lobbiçilik şirkətinin xidmətlərindən istifadə edib. Məqsəd ABŞ-dakı beyin mərkəzləri ilə münasibətləri genişləndirmək və Azərbaycanın vacib təhlükəsizlik tərəfdaşı olmasına dair aydın mesaj vermək olub.

Michael McNamara
Michael McNamara

Qayıdaq AŞPA-ya. Qurumun İrlandiyadan olan üzvü Michael McNamara bir neçə ay əvvəl Azərbaycanda siyasi məhbus məsələsinə dair qətnamə təşəbbüsü hazırladı və ancaq təkidli israrından sonra məsələ Hüquqi İşlər və İnsan Haqları Komitəsində səsə qoyuldu və daha sonra siyasi məhbus məsələsi Pedro Agramnut-a həvalə olundu.

Deputat McNamara AŞPA-nın yay sessiyasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovdan bu ölkənin «bahalı və əhatəli lobbiçilik» fəaliyyəti barədə soruşub. Deputat sual edib ki, Nazirlər Komitəsinə sədrlik edən bir ölkənin, Avropa Şurası üzvünün, peşəkar lobbiçilərdən istifadə etməsi nə dərəcədə məqsədəuyğundur?

LOBBİÇİLİK... QƏRİBƏ FENOMEN DEYİL

Elmar Məmmədyarovun cavabı belə olub:

«Lobbiçilik Azərbaycan tərəfdən icad olunan fenomen deyil. Bu, Strasburqda tez-tez istifadə olunan təcrübədir. Bu praktikadan üzvlər müxtəlif mövqelərdə və qruplarda yararlanırlar. Buna görə də qəribə fenomen deyil; bu, gündəlik həyatın reallığıdır. Başqa cür cavablandırmalı olduğumu düşünmürəm. Vicdanla cavab verirəm: bəli, dünyada hamı lobbiçilikdən istifadə edir. Bu, öz maraqlarının irəli aparılmasıdır».

Michael McNamara iyunun 26-da Avropa Şurası Nazirlər Komitəsinə sorğusunda sual edib ki, «hansı üzv dövlətlər Nazirlər Komitəsi və AŞPA-da digər üzvlərlə işləmək üçün peşəkar lobbiçilərdən yararlanır və bunu necə edirlər?».

Deputat sorğusunda qeyd edib ki, «bu praktika Avropa Şurasının nizamnaməsini pozur. Bu sənəd bütün üzv dövlətlərdən səmimi və səmərəli fəaliyyət tələb edir».

ÖZ DƏYƏRLƏRİNİ MÜDAFİƏ EDƏ BİLMƏMƏK

Avropa Şurası Nazirlər Komitəsi deputatın sorğusunu hələ də cavablandırmayıb. Michael McNamara AzadlıqRadiosuna açıqlamasında deyir:

İlham Əliyev
İlham Əliyev

«Nazirlər Komitəsinin suallarımı vaxtında cavablamamasından, Avropa Şurasının Azərbaycanın sədrliyi altında öz dəyərlərini qoruya bilməməsindən məyus olmuşam».

Qeyd edək ki, AŞPA-nın yay sessiyasında Prezident İlham Əliyev McNamara-nın siyasi məhbuslarla bağlı sualına təpkiylə cavab vermişdi:

«Azərbaycanda siyasi məhbus yoxdur. Cənab McNamara-nın dedikləri saxta informasiyaya və ya onun ölkəmizə qarşı qərəzli yanaşmasına əsaslanır. Birinci dəfə deyil ki, o, Azərbaycanı təhqir etməyə çalışır, ancaq nail olmur. Əminəm ki, onun təşəbbüsünün (siyasi məhbuslara dair qətnamə təklifini nəzərdə tutur- red.)» aqibəti cənab Strasser-in iki il əvvəlki, 2013-cü ilin yanvarında fiaskoya uğramış təşəbbüsü ilə eyni olacaq».

XS
SM
MD
LG