Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:45

Samur keçid məntəqəsində günlərdir Rusiyaya getməyi gözləyənlər...


Samur keçid məntəqəsi
Samur keçid məntəqəsi

-

“Artıq 1 sutkadır burdayıq, çox inciyirik, bilmirik nə problem var ki, buraxmırlar bizi... Məktəb şeyləri almışam, buraxmırlar. Artıq xəstələnmişik. Heç kəs bizi eşitmək istəmir”.

Azərbaycanın Şimal bölgəsindən - Samur keçid-məntəqəsindən Rusiyaya keçməklə bağlı problemlər hələ də qalmaqdadır.

Məleykə İstanbulova
Məleykə İstanbulova

Məleykə İstanbulova Xasayurddakı yurduna gedib çıxa bilmir.

Deyir ki, hər gün insanlar sərhədin bu tayından o tayına keçəndə beləcə günlərlə avtobuslarda gecələməli və gözləməli olurlar. Nəyi və niyə gözləyirlər – özləri də bilmirlər.

“MƏNSƏ ARTIQ 3-CÜ GÜNDÜR BURDA OTURMUŞAM”,

-dağıstanlı İrina deyir.

Sərhəddə dayanıb o taya keçəcəyini gözləyən avtobusdakı sərnişinlərin arasında sanki bir doğmalıq yaranıb. Necə də olsa günlərlə eyni avtobusda yatımaq, yemək, dincəlmək zarafat deyil...

- Niyə saxlayıblar sizi?

- Heç kim heç nə demir...

- Növbə gözləyirik. Rusiya sərhədçiləri buraxmır.

Bərdəli Aslan Rusiyaya tez-tez gedir. Deyir, əslində sərhəddə qarşılaşdığı ləngimə, kobud davranış və sair ilk dəfə deyil. Ancaq son aylarla şiddətlənib:

-Səbəbini necə izah edirlər?

- Səbəb deyən yoxdur.

“DEYİRLƏR RUSİYA TƏRƏFDƏ KOMİSSİYA VAR,...”

Bakıdan Rusiyaya xırda-para alverə gedən Təranə Səfərovanın isə artıq əsəbləri tarıma çəkilmişdi:

- Deyirlər Rusiya tərəfdə komissiya var, onlar icazə verməsə biz keçə bilmərik.

- Rusiya gömrüyündədir komissiya?

- Elə deyirlər... 3 aydır belədir. Hələ bu harasıdır. Biz sutkalarla qalırıq burda...

- Gömrük işçilıəri incidirlər sizi?

- Biz tərəfdə yox, Rusiya tərəfdə belə dəə...

- Yəni necə?...

“SƏRHƏDDİR DƏ, ONSUZ DA QANUNLAR İŞLƏMİR...”

- Sərhəddir də, onsuz da qanunlar işləmir... Nə o tərəfdə, nə də bu tərəfdə... Necə istəyirlər elə də idarə edirlər... Uzağı Rusiya tərəfə keçincədir.

Samur sərhəd-keçid məntəqəsi
Samur sərhəd-keçid məntəqəsi

Başqa sərnişinlə dialoq:

- Neçə gündür burdasız?

- 3-4 gündür. Rusiya qəbul eləmir, qəbul eləsə çıxıb gedərdik. Çölün düzündə qalmışıq, heç kəs heç kəsə qulaq asmır. Səbəb də bircə onu deyirlər ki, buraxmırıq. Yük keçirməyə də qoymurlar.

Bundan artıq heç nə demirlər.

- Rusiyaya niyə gedirsiz?

- Mal aparırıq, şəhərlərində satıb gəlirik.

- Azərbaycanın bircə təqsiri odur ki, Rusiya ilə əlaqəni yarada bilmir. Bizi incidən Rusiyanın gömrüyüdür.

Rusiyadan bu tərəfə keçənlərsə razılıq edirlər. Elə Elbrus Məmmədov kimi:

“HEÇ BİR PROBLEM YOXDUR”

- Şəxsən mən Göygöldənəm. Moskvadan gəlirəm. Oğlumun yanına getmişdim. Heç bir problem yoxdur. Adam çox olsa da keçmək yarım saat çəkdi”.

Bu da sürücü Səftər... Günü-güzəranı sərhədin o tayından bu tayına, bu tayından o tayına sərnişin daşımaqla keçir. Sərhəddəki ləngimələri iki ölkə arasındakı münasibətlərlə izah edir:

- Səbəb yəqin odur ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər pisdir. Başqa nə ola bilər ki... Rus istəyir biz Gömrük İttifaqına girək, biz də girmirik. Bir tərəfdən yaxşıdır, bir tərəfdən də pis... Yaxşı, girməyək, noolacaq, Rusiya viza rejimi tətbiq edəcək, millət qalacaq belə...

- Sizcə daxil olsaq xeyri nə olacaq?

- Yəqin ki sadə camaat üçün xeyri olacaq...

- Sənin başına donüm, icazə ver yataq...

Gözləməkdən yuxu basanları yuxularıyla baş-başa buraxıb avtobuslardan uzaqlaşırıq. Hamı yatır, oyanır, avtobusun hələ də dayandığını görüb çarəsizlikdən yenə yatır.

XS
SM
MD
LG