Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:38

“İçərişəhər” üçün xilaskar axtarışı


Kinostudiyanın Məsləhət Şurasının iclası
Kinostudiyanın Məsləhət Şurasının iclası

Müşfiq Hətəmov, Ramiz Rövşən, Aydın Dadaşov, Ayaz Salayev bir yerə toplaşdılar - “İçərişəhər” filminin quruluşçu rejissoru İlqar Safatı “dara çəkməyə”.

-

Ayaz Salayev:

"Özümüzü sərt aparmalıyıq ki, film çəkiləndən sonra bir-birimizə göz vurmayaq, müəllifin dalınca danışmayaq".

Kənan Məmmədov:

"Kamera keyfiyyətsizdir, fokus yoxdur, bu barədə ümumiyyətlə danışmağa dəyməz. Amma mən nədənsə Firdovsiyə inanıram".

Ramiz Rövşən:

"Sınaq çəkilişinə baxanda elə hiss olunur ki, ssenari rusca yazılıb, tərcümədir. Yazı başqa şeydir, danışıq başqa şey."

Sevinc Fədai

“İÇƏRİŞƏHƏR” ÜÇÜN XİLASKAR AXTARIŞI

Bu reportaj mənimçün çox önəmli idi, amma tapşırıq qəfil olduğundan hazırlaşmağa vaxt tapmamışdım. Üstəlik, gecikdiyim üçün səhər tezdən hadisə yerinə qaça-qaça gedirdim; yuxudan da qaça-qaça ayıldım.

Deyəsən, əvvəlcə vədələşdiyimiz görüşün həyəcanı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram nəzəriyyəsi müəllimi Aydın Dadaşovun zəhmi, sonra da yuxu basmışdı məni.

Aydın Dadaşov
Aydın Dadaşov

Aydın müəllim onlayn söhbətimizdə: “Gəl kinostudiyaya Məsləhət Şurasının iclasına, problemlə daha yaxından tanış ol. Jurnalisti ayaqları yemləyir”, - demişdi.

***

Məsləhət Şurasına kimlərin toplaşdığını deyim: “Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmov, baş redaktoru Ayaz Salayev, “Babamın babasının babası”, “Məkanın melodiyası”, “Şəhərli biçinçilər”, “Özgə vaxt” kimi neçə-neçə bədii filmin ssenari müəllifi Ramiz Rövşən, “Babək”, “Nəsimi”, “Nizami” kimi tarixi filmlərin quruluşçu rəssamı Mais Ağabəyov, “Sonuncu dərviş”, “Təhminə”, “Ad günü” filmlərinin operatoru Kənan Məmmədov, “Dramaturgiya”, “Ssenari yaradıcılığı”, “Kinoşünaslıq” dərsliklərinin müəllifi Aydın Dadaşov.

Onlar “İçərişəhər” filminin quruluşçu rejissoru İlqar Safatı “dara çəkməyin” hazırlığını görürdülər.

Bəlli olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında ssenari müəllifləri Təhminə R.Cəbrayıl və İlqar Safat, operatoru Luca Coassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmov olan “İçərişəhər” tammetrajlı bədii filminin çəkilişlərinə başlanıb.

Gənc qızın Qarabağ müharibəsi veteranına sevgisindən bəhs edən filmin sınaq çəkilişləri əsasında aktyor, məkan seçimi, çatışan-çatışmayan başqa cəhətlər Məsləhət Şurasında müzakirədən keçiriləcəkdi.

***

Şura üzvləri filmin eskizlərinə, seçilən məkanların fotolarına baxandan sonra sınaq çəkilişini izləmək üçün qaranlıq zala üz tuturlar. Ekranda tanış üzlərdən Mehriban Zəkini, Firdovsi Atakişiyevi və hələ tanımadığımız Təhminə Cəbrayılı görürük.

Firdovsi Atakişiyev Qarabağ müharibəsində iştirak etmiş, həbsxana həyatı yaşamış 40-45 yaşlı Rafaeli, Təhminə Cəbrayıl ondan yaşca xeyli kiçik olan sevgilisi Arzunu, Mehriban Zəki isə Arzunun anası rolunu canlandırır...

Rolların dialoqu başlanan kimi zalda pıçapıç düşür. Deyəsən, İlqar Safatın işi yaman çətin olacaq. Beləliklə, Müşfiq Hətəmov meydanı tənqidə verir:

– Burda özümüzük, gərək bütün tənqidi fikirlər deyilsin ki, praktik faydası da olsun.

Müşfiq müəllim “özümüzük” deyəndə içəridə bir jurnalistin də olduğunu yəqin unutmuşdu...

“Aktyor manekendir”

Aydın Dadaşov:

– Məsləhət Surası işinə uzun fasilə verdiyindən birbaşa çəkilişə hazırlıq barədə danışaq. İlqar Safat dünya kinosuna bələddir, komanda yığa bilir, ssenari ilə işləməyi bacarır. Kinonun menecmenti də iki təməl üzərində qurulub: planlama və təhlil. Bu, həm ssenariyə aiddir, həm də filmin özünə. Sınaq çəkilişində hər rola cəmi bir aktyorun təqdimatından belə görünür ki, rejissor bizə seçim imkanı yaratmır. Yəni rejissor artıq seçimini edib.

Kino nəzəriyyəçisi Lev Kuleşov, elə onun tələbələrindən olmuş Tofiq Tağızadə üçün də aktyor müəyyən bir fikrin həyata keçirilməsində rol almış manekendir. Əgər rejissor təkidlə bu aktyorları seçirsə, ona diktə eləyə bilmərik. Ancaq dialoqlarda sözlər adamların ağzından tökülür.

Ana rolunda aktrisa Mehriban Zəki yerindədir, yüksək gərginliyi hiss etdirir, hadisəlidir. Epizodla yox, montajla, mizan-kadrla işləməyə üstünlük verməsi İlqar bəyin mövcud filmlərinin səciyyəvi cəhətidir, aktrisa da bütün bu tələblərə cavab verir.

Fakturası ilə dünyanın hər üzünü görmüş tipajı doğruldan Firdovsi Atakişiyevin daxili monoloqu sxematik görünür. O, peşəkar aktyordur, televiziya təcrübəsi var, ara-sıra filmlərə də çəkilib. Ancaq təklif olunan vəziyyətə reaksiya sayılan daxili monoloqunun monotonluğu səbəbindən ekrandan gələn enerji azalır.

Təhminədə Müqəddəs Məryəm imici var, zərifdir, məsumdur, elə bu səbəbdən də rejissor bu rol üzərində çox işləməlidir. Əsas rollardan birini oynamaq uzaq məsafəyə qaçışa bənzəyir. Bu gənc qız isə yüz metrlik qaçışa yararlı ola bilər. Uzaq məsafəyə qaçmağa qızın bəlkə də gücü çatmayacaq.

Onun əsas ideya sahibi, üstəlik, rejissorla birgə ssenari müəllifi olması fərdi üslubun üzə çıxmasına, son nəticədə müəllif kinosunun yaranmasına təkan verə bilər.

“O qızı birinci dəfə görürəm”

Kənan Məmmədov nə deyir?

Deyir ki, İlqarın imkanlarına bələddir, filmin uğurlu alınacağına ümid eləyir: “Ancaq bu, sınaq çəkilişi yox, rejissorun qəbul etdiyi aktyorların təqdimatıdır. Başa düşürəm, qeyri-peşəkar operator çəkib. Amma aktyor təqdimatı üçün çəkiliş bir az başqa cür aparılır. Biz burda aktyorların üzünü, iztirabını görməliyik. Ancaq anayla Rafaelin dialoqu ümumi planda çəkilib.

Kamera keyfiyyətsizdir, fokus yoxdur, bu barədə ümumiyyətlə danışmağa dəyməz. Amma mən nədənsə Firdovsiyə inanıram. İş yaxşı getsə, o, qəhrəmanı yaradacaq. O ki qaldı qıza, onu birinci dəfə görürəm. Onda müəyyən saflıq var, amma sınaq üçün başqa üç-dörd aktrisa da tapmaq olardı. Nədənsə ssenaridə də, fotoşəkillərdə də İçərişəhərin simasını görmədim. Bu, məni narahat edir. Axı filmin adı “İçərişəhər”dir...

“Mehriban Zəki divar kimi dayanmışdı”

Söz verilir Mais Ağabəyova:

– Hər şey ssenariyə, dramaturgiyaya bağlıdır. Mən şəkillərə baxdım, İçərişəhərin obrazını hiss eləmədim. Sınaq çəkilişi estetik zövq verməlidir, o estetik zövqü duymadım, aktyorların heç birində qığılcım görmədim. Mehriban Zəki divar kimi dayanmışdı, bəlkə rolu bunu tələb edir?..

Zənnimcə, çəkiliş məkanındakı çəhrayı, yaşıl rənglər lazım deyildi. Rənglər kinosınaqda fikri tamam öldürür. Orda əsas olan İçərişəhərin yığcam ab-havasının göstərilməsidir. Qapalı məkanda film çəkmək olmaz. Mən Bütünayın imkanlarına bələdəm. Həmin məkanda gözəl dekorasiya eləmək olardı, amma qapalı məkan imkanları məhdudlaşdırır.

Film insan faciəsini əks etdirir. Psixoloji-dram filmində aktyorların statikliyi yolverilməzdir. Geyimləri bəyənmədim, geyimdən gərək obraz oxunsun.

“İçərişəhər görünmədi”

Ramiz Rövşən
Ramiz Rövşən

Danışır Ramiz Rövşən:

– İçərişəhər filmdə tarixi yer kimi göstərilməməlidir, obrazın daxili mənzərəsi ilə səsləşməlidir. Firdovsi Atakişiyev intelligentdir və bunu gizlədə bilmir. Özü də yorğun intelligent...

Bəri başdan deyim ki, Qarabağ müharibəsi iştirakçısını müxtəlif aspektlərdən yaratmaq lazımdır, onların sonrakı taleyi qəribə olur. Eləsi var özünü tapır, eləsi də var hər şeyini itirir. Müharibə insan həyatında həlledici rol oynayır. Bu, Azərbaycan kinosuna gətirilməlidir.

Sınaq çəkilişinə baxanda elə hiss olunur ki, ssenari rusca yazılıb, tərcümədir. Yazı başqa şeydir, danışıq başqa şey.

Aydın Dadaşovun replikası:

“Bu rejissor xarici bazara iddialıdır deyə filmin taleyini ingiliscə alt yazı həll eləyəcək...”

Ramiz Rövşən:

– Mehriban Zəki gözəl aktrisadır, oynayır, oynadıqca xarakterini, necə adam olduğunu göstərir. Özü də roldadır, obrazı birmənalı yaratmır. Təhminənin fakturası yaxşıdır, ancaq onda aktyorluq qabiliyyəti görmədim. Bir filmi, bir rolu apara biləcəkmi?

Deyirsiz, İçərişəhəri italiyalı operator çəkəcək. O, İçərişəhəri tanıyırmı? Onda İçərişəhər ovqatı varmı? Biri var reklam üçün çəkəsən, biri də var onu içəridən çəkəsən...

“Sonra bir-birimizə göz vurmayaq”

Ayaz Salayevi eşidirik:

Ayaz Salayev
Ayaz Salayev

– Mənə elə gəlir, kiməsə həqiqətən uğur arzulayırıqsa, özümüzü sərt aparmalıyıq ki, film çəkiləndən sonra bir-birimizə göz vurmayaq, müəllifin dalınca danışmayaq. İndidən özümüzü dost kimi aparsaq, gərək sərt danışaq. Düşünürəm ki, İlqar Safatın üzərinə çox çətin vəzifə düşür, çox çətin...

Dünya kinosunda çox az hallarda zəif ssenari əsasında gözəl film çəkilib. Açığı, hələlik ssenarini xilas edəcək bir şey görmədim. Başlıca problem baş qəhrəmanın seçimindədir. Nəyə görə qız o biri oğlanı yox, məhz Rafaeli seçir - bu, aydın görünməlidir. Bizdə aktyor anbarındakı tipajlar hamısı kənd adamlarıdır. Sürücünü, satıcını oynaya bilirlər, ziyalını yox. Firdovsi nadir sifətdir ki, eynək taxmaqla professora da, rəssama da oxşaya bilər.

Ancaq Firdovsi bu suala cavab verə bilmir. Cavab verə bilərdi Fəxrəddin Manafov!

Fikirlər toqquşur...

Ramiz Rövşən:

– Təxminən anayla yaşıd bir adam onun qızını sevir. Gəlin buna həyat kimi baxaq. Film qurtardı, onlar getdilər. Hara getdilər? Bu yerdə situasiya çətinləşəcək. Bu situasiyadan dahiyanə film də çəkmək olar, onu heç nə eləmək də. Çətindir - çəkəsən və inandırasan...

Aydın Dadaşov:

– Ssenaridəki situasiyanın cavabını Şekspir verib - Otellonun Dezdemonaya vurulmağı ilə. Otello modelində cavab belədir: o, məni keçirdiyim əzablara görə sevdi, mənsə onu dərdimə şərik olduğuna görə.

Ayaz Salayev:

– Bu oğlanın dərdi nə dərddir?

Aydın Dadaşov:

– Müharibədə dəfələrlə ölümü görüb, həbsxanada olub.

Ayaz Salayev:

– Mənim də anam, qardaşım ölüb. Nə olsun, dərddir bu?

Aydın Dadaşov:

– Xəyalpərəst gənc qızın yaşlı kişiyə vurulması üçün yetərlidir...

Müzakirə sona çatmaq üzrədir.

Müşfiq Hətəmovun sözü var:

– Əgər biz psixoloji-dram filmi çəkiriksə, burda aktyorların hərəkəti yox, düşüncəsi vacibdir, düşüncənin hərəkəti görünməlidir. Qızı öz yaşıdına gedən anayla oğlanın qarşılaşması elə bir hadisədir ki, bu qarşılaşmada hər bir addım görünür. Rejissorun istedadına inanıb deyirəm ki, o, öhdəsindən gələcək.

Bir məsələ var, istehsalçı kimi məni düşündürür. Festivala göndərilən film canlı səslə yazılıbsa, bütün qapılar üzünə açılır. Amma biz filmin səsini canlı yazsaq, sizcə, sabah tənqidə məruz qalmayacağıq ki?

Ramiz Rövşən:

– Canlı səslə kim oynayacaq? Mehribandan başqa heç kim.

***

Beləcə, filmin sınaq çəkilişi peşəkarların divanına çəkildi. Onlar öz sözlərini dedilər, narazılıqlarını bildirdilər.Tamaşaçının razı, yoxsa narazı qalacağını isə İlqar Safatın bu qədər çək-çevirdən sonra ortaya qoyacağı iş göstərəcək.

Uğurlar, İlqar Safat! İnanırıq ki, “İçərişəhər”i xilas edəcəksiniz...

P.S. Sağollaşıb ayrılanda Aydın müəllim maraqlı bir təklif verdi. Dedi ki, Dövlət Film Fondu “Kino+” qəzetinin və “Fokus” jurnalının nəşrini bərpa etməklə, menecmentin əsası sayılan planlama və təhlilin reallaşmasına təkan vermiş olar...

"Aydın yol" qəzeti

XS
SM
MD
LG