Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:26

AB Azərbaycanda dövlət quruculuğuna xüsusi önəm verir


Piter Semnebi: «Dağlıq Qarabağ münaqişəsi AB-nin danışıqlar formatına daxil deyil»
Piter Semnebi: «Dağlıq Qarabağ münaqişəsi AB-nin danışıqlar formatına daxil deyil»

Azərbaycan Avropa Birliyinin «Qonşuluq siyasəti» çərçivəsində müzakirə olunan Fəaliyyət Planını əsasən qəbul edib. «Oktyabrın ortalarında plan Brüsseldə Avropa Birliyi və Azərbaycan arasındakı Əməkdaşlıq Şurasında rəsmən təsdiq olunacaq. Daha sonra planın icra mərhələsi başlanacaq. Artıq yanvarın 1-dən bu planda nəzərdə tutulmuş fəaliyyətlər üçün maliyyə ayrılacaq». Bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi, isveçli diplomat Piter Semnebi deyir. Onun sözlərinə görə 5 il üçün nəzərdə tutulan Fəaliyyət Planını «Azərbaycan və Avropa Birliyi arasında mühüm və hərtərəfli münasibətlərin əsası saymaq olar». Cənab Semnebi bildirir ki, əməkdaşlıq planı Azərbaycan və Avropa Birliyi arasında siyasi, iqtisadi, enerji və demokratiya sahəsindəki münasibətlərini tənzimləyəcək.

5 il üçün nəzərdə tutulan Fəaliyyət Planını Azərbaycan və Avropa Birliyi arasında mühüm və hərtərəfli münasibətlərin əsası saymaq olar
«Əgər siz Fəaliyyət Planına diqqət yetirsəniz görərsiniz ki, plan geniş sahəni əhatə edir. Planda Avropa Birliyinin məşğul olduğu hər şey var-nəqliyyat, enerji, ətraf mühit, ticarət. Eyni zamanda siyasi məsələlər-demokratik institutlara dəstək, dövlət quruculuğu, qanunun aliliyi və sair».


Avropa rəsmisinin sözlərinə görə, dövlət quruculuğuna dəstək məsələsinə xüsusi önəm veriləcək. Lakin, konfliktlərin həllinə gəldikdə, burada vəziyyət başqadır. Baxmayaraq ki, bu element Fəaliyyət Planının bir tərkibidir: «Dağlıq Qarabağ münaqişəsi Avropa Birliyinin danışıqlar formatına daxil deyil. Lakin bununla belə, Avropa Birliyi münaqişənin nizamlanması istiqamətində ATƏT Minsk qrupun cəhdlərini bundan sonra da dəstəkləyəcək».


Avropa Birliyi Azərbaycanın qonşuları Rusiya və Gürcüstan arasında münasibətlərin gərginləşməsindən də çox narahatdır. «İki ölkə arasında sərhədlər bağlanıb, kommunikasiya kəsilib. Rusiyada gürcülərə davranışda gördüklərimiz də, bizi narahat edir. Rusiyada gördüyümüz atmosfer sağlam deyil. Biz ümid edirik ki, bunlar müvəqqəti hallardır. Avropa Birliyi olaraq biz Rusiya və Gürcüstan arasında normal münasibətlərin bərpasına nail olmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik».


Piter Semnebinin sözlərinə görə, Birliyin hər iki ölkəylə çox mühüm və dərin münasibətləri var. Gürcüstan Azərbaycan kimi Avropa Birliyinin «Qonşuluq siyasəti»nin tərkib hissəsidir. Eyni zamanda Avropa Birliyi Rusiya ilə strateji münasibətlərə malikdir. Biliyin tərəfdaşları olan bu ölkələrin arasında səmərəli münasibətlərin olması qurum üçün çox mühümdür.


XS
SM
MD
LG