Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:46

Göbələk kimi artan bayraq meydanlarının dövlət büdcəsində izi


Naxçıvanda bir deyil, iki bayraq meydanı yaradılıb.
Naxçıvanda bir deyil, iki bayraq meydanı yaradılıb.

-

5 il əvvəl Bakıda adı dünyanın ən hündür bayraq dirəyi kimi Ginnesin Rekordlar Kitabına düşən Dövlət Bayraq Meydanının açılışı oldu. Lakin cəmi 1 il sonra Tacikistan daha hündür bayraq dirəyi inşa edərək rekordu Azərbaycanın əlindən aldı.

İndi Azərbaycan dünyada ən çox bayraq meydanları olan ölkə kimi yeni rekorda iddia edə bilər və çox güman ki, bu rekordu qırmaq ən hündür bayraq kimi elə də ucuz məsələ olmaz. Çünki Azərbaycan hökuməti yağışdan sonra göbələk kimi ölkəni bürüyən bayraq meydanlarına milyonlarla manat xərcləyir.

Son illər prezident, az qala, bütün regionlarda səfərini Heydər Əliyevin heykəlini ziyarət edəndən sonra yerli Bayraq Meydanının açılışı ilə davam etdirir. Ötən 5 ildə ölkənin ucqar rayonlarından tutmuş böyük şəhərlərə qədər, dağdan arana qədər hər yerdə bayraq meydanı tikilir.

NİYƏ BAYRAQ MEYDANI?

2009-cu ildə 9 Noyabr Azərbaycan təqviminə Dövlət Bayraq Günü kimi daxil edilib və rəsmi bayramlardan sayılır.

Azərbaycanda ilk bayraq meydanının təməli 2007-ci ilin dekabrında Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulub. Bu meydanın tikilməsi ilə bağlı prezident İlham Əliyev 2007-ci ilin noyabrında sərəncam vermişdi.

20 min kvadratmetrlik ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, dalğalanan bayrağın eni 35 metr, uzunluğu 70 metrdir. Ümumi çəkisi təxminən 350 kiloqram olan bayraq Bakının küləkli havasına arada tab gətirə bilmir və bir neçə dəfə cırılıb. Meydanın açılışından bir il sonra Xəzərin yaxınlığında yaradılan bayrağın dirəyi də Bakının küləyinin qarşısında aciz qalmış və titrəmişdi. Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin işçiləri yaxınlıqda binanın sakinlərini evlərindən çıxarmışdı.

Bu meydanın yaradılması Azərbaycanın dövlət büdcəsinə 30 milyon manata başa gəlib. AzadlıqRadiosunun araşdırmasına görə, bu işin bir hissəsini prezident ailəsinə bağlığı olan «Azenco» şirkəti icra edib.

Meydanda Azərbaycanın gerbi, dövlət himninin mətni və ölkənin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Burada Dövlət Bayrağı Muzeyi də yaradılıb. Hər il noyabrın 9-da prezident İlham Əliyev bura gəlir – Dövlət Bayraq Gününü qeyd edilir.

Bu ənənənə regionlar da davam edir. Gəncə, Astara, Sabirabad, Naxçıvan – bir sözlə Azərbaycanın hər tərəfində...

BAYRAQ MEYDANLARININ TİKİNTİSİNƏ BÜDCƏDƏN AYRILAN PULLAR

Satınalmalar üzrə Dövlət Agentliyinin son 5 ildə keçirilmiş tender elanlarının reyestr məlumatlarında ölkədəki bayraq meydanlarının inşası ilə bağlı bütün məlumatlar yerləşdirilməyib. Reyestr məlumatlarında yalnız bir neçə rayonda inşa olunan bayraq meydanı üzrə işlərə ayrılmış xərclər əks olunur. Azərbaycanın 66 rayonunun, az qala, hamısında tikilmiş bayraq meydanları bir-birinə bənzəyir. Bu halda hər meydan üçün xərcləri ayrılıqda təxmin etmək olar.

2012-ci ildə Hacıqabul İcra Hakimiyyəti bayraq meydanın tikintisi və bayraqların alınması üçün 48 min 200 manatlıq tender keçirib.

Elə həmin il Göygöl İcra Hakimiyyəti Bayraq meydanının ətrafındakı küçələrdə abadlıq işlərinə 621 milyon 743 min manat, 2013-cü ildə isə Bayraq meydanında abadlıq işlərinə 299 min manat ayırıb.

Şirvanda Bayraq meydanın ərazisinin abadlaşmasına yerli icra hakimiyyəti büdcədən 45 min manat xərcləyib.

Salyan şəhərinin girəcəyində istirahət parkı və Dövlət Bayraq Meydanının tikinti işləri üçün 2013-cü ildə 1 milyon 493 min 437 manatlıq tender keçirilib.

Oğuzdakı Bayraq meydanının tikintisi, ətraf yolların təmiri və abadlaşdırılması işlərinə 2013-cü ildə 288 min 983 min manat sərf olunub.

Burada bir zəruri qeydi yada salaq ki, bu məlumatlar yalnız 2012 və 2013-cü illərdə tender elan olunmuş və Satınalmalar üzrə Dövlət Agentliyinin dərc etdiyi məlumatlardır.

BU MEYDANLARIN YERİNƏ İŞ YERLƏRİ AÇILSAYDI...

İqtisadçı Natiq Cəfərli hələ bayraq meydanlarının tikintisinə yeni başlanıldığı vaxt AzadlıqRadiosuna müsahibəsində bildirmişdi ki, bayraq meydanlarına inşası dövlət büdcəsinin israfıdır.O, təklif etmişdi ki, hökumətin belə bayraq meydanları inşa etməkdənsə iş yeri yaratması, kənd təsərrüfatını, qeyri-neft sektorunu inkişaf etdirməsi daha sərfəli olardı:

«İnsanlara quru-quru bayraq meydanları yox, iş yerləri lazımdır. Heç bir mənası olmayanbu cür meydanlara bu qədər vəsait xərclənməsi heç cür anlaşılan deyil».

Azərbaycanın 66 rayonun, demək olar, hamısında bayraq meydanları var. Hətta Naxçıvanda bir deyil, iki bayraq meydanı yaradılıb.

XS
SM
MD
LG