Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:54

Avropa Oyunlarına görə pulsuz dərman verilməsi dayandırılır?


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Həkim dedi ki, əvvəllər pulsuz verilən dərman daha verilməyəcək. İki aydan – Avropa Oyunlarından sonra dərmanlar yenidən verilə bilər».

Adının çəkilməsini istəməyən, dağınıq skleroz xəstəliyindən əziyyət çəkən Bakı sakini belə deyir. Bildirir ki, xəstəliyin daha da inkişaf etməməsi üçün müalicə alır və ayda 4 dəfə ona «avoneks» iynəsi vurulur. Bir iynənin qiyməti azı 400 manatdır:

«Bizim bu iynəni almağa elə də imkanımız yoxdur. İki ay bu iynənin vurulmaması pis nəticələr verə bilər. Həkimlər özləri də bunun fərqindədirlər. Bizə ehtiyatlı olmağı, tez-tez nəzarət üçün müayinəyə gəlməyi tövsiyə etdilər. Mən bildiyimə görə, təkcə bu dərmanlar yox, digər dövlət hesabına dərmanların verilməsi də dayandırılıb. Hansıların olduğunu dəqiq deyə bilmərəm. Amma faktdır ki, Respublika Klinik Xəstəxanası dağınıq skleroz xəstələrinin «avoneks» dərmanlarını vermir. Mən hökumətdən razıyam, amma bir Avropa Oyunlarına görə insan həyat ilə oynamaq heç yaxşı hal deyil. Xəstəlik daha da inkişaf edəndən sonra daha o dərmanların verilməsinin nə əhəmiyyəti olacaq?».

DƏRMANLARIN VERİLMƏSİ NİYƏ DAYANDIRILIB?

2012-ci ildən Azərbaycanda dağınıq skleroz xəstələrinin müayinə və müalicəsi dövlət hesabına aparılır.

AzadlıqRadiosuna daha bir nəfər yazır ki, Tibb Universitetinin Onkoloji Klinikasında kimya terapiyası ilə bağlı vurulan «taksen» dərmanlarının da verilməsində problem yaranıb. Təxminən bir həftə öncə xəstələrə dozanın ancaq 1\3-ni veriləcəyi, qalanını xəstələrin özlərinin almalı olduğu bildirilib. Səbəb kimi bazada dərmanın olmadığı göstərilib.

Dərmanların verilməsi ilə bağlı problem haqda ilk yazanlardan biri politoloq Ərəstun Orucludur. O öz «facebook» hesabında yazır:

«Ağır xəstəliklər səbəbindən dövlət hesabına dərmanla təchiz olunan bir qrup vətəndaşa dərmanların verilməsinin Avropa Oyunları dövründə mümkün olmayacağı bildirilib. Qalır bu müddətdə yıxılıb ölməmək. Oyunların iştirakçıları üçün pulsuz taksi xidməti göstəriləcəyi halda, vətəndaşlara xidmət göstərən bir neçə avtobus marşrutu ləğv olunub. Piyada gəzmək sağlamlıq üçün faydalıdır. Görək, başqa nə hoqqalar çıxaracaqlar...».

SƏHİYYƏ NAZİRLİYİ: «BELƏ HAL OLA BİLMƏZ»

«Bakı 2015» İlk Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək. İstər «paket maaş»ların kəsilməsi, istər dövlət müəssisələrində çalışanlardan müəyyən məbləğdə pul yığılması, istər də tələbələrin zorla idman yarışlarına göndərilməsi və digər bu kimi xəbərləri rəsmilər təkzib edir.

Səhiyyə Nazirliyi dərmanların verilməsində hər hansı problem olmadığını bildirir. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyir ki, dövlət hesabına dərmanlar əvvəlki qaydada verilir:

«Kimsə belə bir problemlə rastlaşıbsa, xahiş edirik Səhiyyə Nazirliyi ilə əlaqə saxlasın. Hətta adlarını çəkmədən də bizə müraciət edə bilər. Əsas odur ki, bizə dolğun məlumat versinlər ki, hansı xəstəxanada, hansı dərmanlar verilmir».

Səfayə Əhmədova Respublika Klinik Xəstəxanada yaranmış vəziyyətin araşdırılıb, bu haqda bir gün sonra məlumat verəcəyini bildirdi.

O, belə hallarla rastlaşanlara Səhiyyə Nazirliyinin 012-595-35-39 saylı Qaynar Xəttə müraciət etməyi tövsiyə edir.

XS
SM
MD
LG