Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:56

Həbsdə olan AXCP fəalının anası: «Bu ölkədə «Ədalət» yalnız insan adıdır»


Elvin Abdullayev
Elvin Abdullayev

-

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Elvin Abdullayev Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasının cərimə kamerasına salınıb.

Bunu AzadlıqRadiosuna müsahibəsində onun anası Zülfiyyə Abdullayeva deyib.

Elvin Abdullayev Azərbaycan Pedaqoji Universitetinin tələbəsidir. O, bu il yanvarın 8-də imtahandan çıxarkən saxlanılıb. Ondan 3 qramdan çox heroin tapıldığı iddia olunur və barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Abdullayevə külli miqdarda narkotik maddə saxlama ittihamı irəli sürülüb. O, ittihamı qəbul etmir və həbsini siyasi sifariş sayır.

Anası Zülfiyyə Abdullayeva ehtimal edir ki, oğlunun cərimə kamerasına salınmasına səbəb onun məhkəmənin hazırlıq iclasında hakimə arxa çevirməsidir:

- Dünən yanına getmişdik. Yemək aparmışdıq. Sənədləşmə işi aparılan zaman bizə dedilər ki, «kars»a salınıb. Yeməyi də götürmədilər. Bizim heç xəbərimiz də olmayıb onun karsa salınmasından. Mayın 5-də məhkəmə prosesindən sonra onu birbaşa «kars»a aparıblar.

- Cərimə kamerasına salınması səbəbi ilə maraqlandınızmı?

- Səbəbi mənə deyən var ki? Yoxdur axı.

- Sizin hər hansı ehtimalınız varmı?

- Mayın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında Elvin arxasını hakimə çevirmişdi. Bu hərəkəti ilə o, məhkəmə sisteminə, bütün bu olanlara üsyan etmək istəyib. Həbsinin qanunsuz olmasına, istintaq zamanı döyülməsinə etiraz edib. Ona görə karsa salıblar ki, ağlı başına gəlsin. İçəridə də çox incidirlər onu. Yerini hər ay dəyişirlər. qəzetləri oxumağa vermirlər. Yeməklərinin içindən bəzi şeyləri götürüb qaytarmırlar. Həftədə iki dəfə evlə danışmasına imkan vermirlər, çox vaxt bir dəfə zəng edə bilir. Üzvü olduğu partiya liderlərini təhqir edirlər ki, onu hirsləndirsinlər. Səbəb axtarırlar ki, onu «kars»a salsınlar.

- Səhhəti ilə bağlı durumu necədir?

- Onun səhhəti ilə bağlı problem var. Psixi dispanserdə də qeydiyyatdadır. Bundan başqa gözünün görmə qabiliyyəti 85 faiz azalıb.

- Həbsin əsas səbəbini nədə görürsünüz?

- Yeganə səbəb siyasi fəaliyyətdir.

- Məhkəmədən nə gözləyirsiniz?

- Heç nə gözləmirəm. Bu ölkədə «Ədalət» yalnız insan adıdır. Siyasi sifariş nədirsə, o da olacaq. 21 yaşlı övladımı salıblar ona layiq olmayan yerə. Məhkəmədə məni gördü, gözləri doldu, deyir, «ana, əsəblərim korlanıb». Onun yeri ora deyil axı. Bir gəncin həyatını beləcə söndürürlər.

- Bu hadisədən sonra oğlunuzu seçdiyi siyasi yola görə qınadınızmı?

- Yox. Qətiyyən. Mən özüm də bu yolu gedirəm. Mənim oğlum bir çoxlarının deyə bilmədiyini deyir. Sadəcə, düşünürəm ki, gərək bir az ehtiyatlı, diqqətli olardı. Amma nədən çəkinək ki? Orda həmişəlik qalası deyil ki. Siyasi məhbus statusundadır, bir az yatıb çıxacaq. Burada təhsilini davam etdirməyə imkan verməsələr, gedib başqa ölkədə təhsil alar. Əsas odur ki, savadı olsun. Bilmək olmaz Azərbaycanı 10 il sonra nələr gözləyir.

Elvin Abdullayevlə bağlı növbəti məhkəmə iclası mayın 14-də olacaq.

XS
SM
MD
LG