Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:46

Elvin Abdullazadə: «Həbsim diktator üzərində qələbəmdir»


Elvin Abdullazadə
Elvin Abdullazadə

-

«Mən xoşbəxtəm, çünki mən qalibəm, mən siyasi məhbusam. Bu, mənim diktator üzərində qələbəmdir».

AXCP fəalı Elvin Abdullazadə məhkəmədə son sözünü deyib. Gəncin məhkəməsi iyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində olub.

«VİCDANLI OLDUĞUM ÜÇÜN BURADAYAM»

Hakimin 6 il azadlıqdan məhrumetmə hökmündən əvvəl Elvin Abdullazadə prosesdə son sözünü deyib:

«Bu, əslində son sözüm deyil, son sözümü Allah dərgahında deyəcəyəm. Mən xoşbəxtəm, çünki mən qalibəm, mən siyasi məhbusam. Bu, mənim diktator üzərində qələbəmdir. Zalım hakimiyyətin məndən qorxub məni həbsə atması qələbəmdir. Həm də ona görə xoşbəxtəm ki, zalımlardan yox, vicdanlılardanam. Mən vicdanlı olduğum, vətəni sevdiyim üçün buradayam. Allahdan başqa məni heç kəs mühakimə edə bilməz. Bir gün başda İlham Əliyev olmaqla zalım hakimiyyət özü burada mühakimə olunacaq».

«AZƏRBAYCANDA DEMOKRATİK İNQİLAB OLACAQ»

Hakim bu yerdə Elvinin sözünü kəsərək onu mahiyyəti üzrə danışmağa çağırdı. Bu isə zaldakıların narazılığına səbəb oldu. Elvin Abdullazadə buna məhəl qoymayaraq çıxışını davam etdirdi:

«Bu qədər ədalətsizliyin bir sorğusu olacaq. Mən heç nəyə görə peşman deyiləm, çünki cinayət törətməmişəm. Əsil cinayətkarlar vəzifələrdə oturublar. Zalım hakimiyyət istəməsə belə Azərbaycanda demokratik inqilab olacaq. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı, uca türk milləti və yaşasın Xalq Cəbhəsi!».

Zaldakılar Elvin Abdullazadənin çıxışını ayaq üstə alqışladılar. Hakimlər müşavirədə olarkən zalda «Elvin!», «Elvinə azadlıq!» şüarları səsləndirildi. Bu zaman nəzarətçilər gənc fəalın qəfəsdə olmasına baxmayaraq, əllərini qandalladılar.

Daha sonra hökm oxundu. Narkotik maddə saxlamaqda ittiham olunan Elvin Abdullazadə 6 il azadlıqdan məhrum edildi.

«NÖVBƏTİ DƏFƏ SÜBUT OLUNDU Kİ….»

«Növbəti dəfə sübut olundu ki, Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur. Məhkəmə hakimiyyəti artıq Azərbaycandakı qeyri-demokratik rejimin maraqlarına tamamilə tabe etdirilib».

Bunu məhkəmənin hökmünə münasibət bildirərkən AXCP sədri Əli Kərimli deyib. O, Azərbaycanda məhkəməni repressiya sisteminin bir elementi adlandırıb:

«Azərbaycanda sözün gerçək mənasında 37-ci il repressiyası tüğyan edir. Amma bütün bu baş verənlərin içində müsbət məqamlar da var. Siz özünüz gördünüz ki, Elvin Abdullazadə necə əqidəli, cəsur gəncdir, məhkəmə qarşısında necə əqidəylə dayandı. Mən onun anasına, özünə minnətdaram və sizi əmin edirəm ki, Azərbaycanın azadlıq uğrunda mübarizə salnaməsini belə analar və oğullar yazır. Onlar olmasa, Azərbaycan haqq etdiyi azadlığına qovuşa bilməz».

Ailəsi Elvin Abdullazadə barəsində çıxarılan məhkəmə hökmündən apellyasiya şikayəti verəcəyini deyir.

Elvin Abdullayev CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.

XS
SM
MD
LG